Xalq–Lider–Ordu birliyi bu tarixi savaşa Zəfər qazandırdı
Ənənəyə sadiqlik, keçmişi unutmamaq ən üstün insani keyfiyyətlərdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il olduğu kimi, bu il də doğum gününü işğaldan azad edilimiş Qarabağda qeyd etməsi həyatının əlamətdar hadisəsini öz xalqından kənarda təsəvvür etmədiyini bir daha təsdiqlədi. Əslində, bu simbiozu müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsini özündə rəmzləşdirən olduqca mühüm və yaddaqalan siyasi və mənəvi hadisə kimi dəyərləndirməyimiz daha doğru olar.
Dövlətimizin başçısı dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində etdiyi proqram xarakterli çıxışında dostlarımızı sevindirən və qürurlandıran, bədxahlarımızı isə qayğılandıran, onları düşünməyə vadar edən siyasi, hərbi, iqtisadi və humanitar mesajları ilə yadda qaldı. Prezidentin işğal dövründə bədnam qonşularımıza hərtərəfli dəstək verən, xüsusilə onları kütləvi qırğın silahları ilə təmin edən güclərə ünvanladığı mesajlar son 5 ildə bölgədə cərəyan edən hadisələrə, onların iştirakçılarının hərəkət və davranışlarına verilən tarixi qiymətdir.
İlham Əliyev işğal dövrünün suallarla dolu xarakteristikasını zərgər dəqiqliyi ilə ortaya qoymaqla yanaşı, səbəbindən asılı olmayaraq, haqqın və ədalətin deyil, işğalçının yanında durmağa üstünlük verənlərin menyusuna Azərbaycanın sözünə və gücünə güvənərək yaratdığı yeni yol xəritəsini təqdim etdi.
“Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri, təqribən, 5–6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı”.
Azərbaycan Prezidentinin bu sözləri hansı coğrafiyaya, konkret hansı səmtə ünvanladığı siyasətlə az-çox maraqlanan hər kəsə məlumdur. 30 il davam edən işğal dövrünün müəyyən mərhələlərində biz Ermənistana kimin, yaxud kimlərin və hansı maraqları naminə qucaq açdıqlarını çox gördük. Konkret misal gətirək: 1998-ci ildə Rusiya tərəfindən Ermənistana 1 milyard dollar məbləğində silah-sursatın peşkəş edilməsi, bu prosesin sonrakı illərdə də mütəmadi qaydada davam etdirilməsi danılmaz faktdır. Məgər Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın ümumvətəndaş pasportunu daşıyan hərbi qulluqçularının xidmət göstərmələri faktını Qərbin haypərəst “xristian klubu”nun üzvləri, həmin Minsk qrupuna həmsədrlik edən ölkələrin isteblişmentləri bilmirdilər? Çox yaxşı bilirdilər. İntəhası, bu fakt hamıya bəlli olsa da, buna görə Ermənistana qaşın üstə gözün var deyən tapılmır, işğalçıya qarşı qarşı beynəlxalq hüququn tələb etdiyi heç bir tədbir görülmürdü. Anti-Azərbaycan qüvvələrin qərəzi və saymazlığı o həddə çatmışdı ki, 2016-cı il Aprel döyüşlərindən sonra ixracı qadağan olunan “İskəndər M” raketlərinin Ermənistana verilməsi, 44 günlük müharibənin gedişində isə həmin raketlə Şuşanın vurulması təcavüzkara açıq-aşkar dəstəyin nümayişi idi.
* * *
Xankəndidə özünə “isti yuva” qurmuş və ərazimizdə əbədi mövcudluğuna əmin olan separatçı rejimin ömrünü uzatmaq, deməli, münaqişənin başa çatmasını əngəlləməkdən ötrü hər il Amerikada, Fransada “xeyriyyə marafonları” keçirildiyini, separatçılar üçün yüz milyonlarla dollar ianə toplandığını da unutmamışıq. Ağdamdakı çıxışında bunları yada salan Prezident İlham Əliyevin bu gün Bakıda məhkəmə qarşısında cavab verən hərbi cinayətkarların Avropaya, okeanın o tayına getmələri üçün asanlıqla viza əldə etmələri barədə dedikləri isə heç də sözgəlişi ifadələr sayıla bilməz: “Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox! Amma erməni separatçılarına niyə vizalar verilirdi?”. Bu ritorik sualı separatçıların keçmiş “sponsorlarına” verən dövlətmizin başçısı onların əsl məqsədlərinin nədən ibarət olduğunu açıq mətnlə vurğuladı: “Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, görün biz kimlərlə kəllə-kəlləyə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq”.
Prezident İlham Əliyevin Azərbaycanın hansı qüvvələrlə kəllə-kəlləyə gəldiyini xatırlatmasının arxasında bu gün də ölkəmizə qarşı qərəzli və ikiüzlü siyasət yürüdənlərə, ideoloji təxribatlara əl atanlara, bölgədə gərginlik atmosferi yaratmaqdan ötrü fürsət gözləyənlərə xəbərdarlıq notları var. Dövlət başçımız mesajını ünvanladığı kənar aktorlara həm də onu çatdırır ki, Azərbaycan daha 30 il əvvəlki kimi tək deyil, onun arxasında Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq birliklər dayanıb. Yəni ölkəmizə qarşı təhdid ssenarisi barədə düşünənlər bu amilləri nəzərə alsınlar.
Bu gün Azərbaycan hamını, ilk növbədə isə, qonşu Ermənistanı açdığı sülhün qapısından keçməyə dəvət edir. Cari ilin avqustunda Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ölkəmizin təşəbbüsü ilə başlanmış sülh prosesinin məntiqli və uğurlu nəticəsi sayılmalıdır.
Dostlarımız kimi, düşmənlərimiz də etiraf etməyə məcburdurlar ki, Azərbaycan praqmatik, proaktiv, çoxvektorlu və qarşılıqlı faydalı əməkdaşlığa yönəlik xarici siyasəti sayəsində beynəlxalq arenada mövqeyini daha da gücləndirib. Bakının bölgədə və Avrasiya qitəsində yaratdığı yeni reallıqlar “böyük güclər” və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Artıq heç kəsə sirr deyil ki, ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb. Bu tendensiya Avropa İttifaqı ilə münasibətlərdə də, qarşı tərəfin günahı üzündən yaranan bəzi mənfi məqamlar istisna olmaqla, ümumi dinamika müsbət istiqamətdə inkişaf etməkdədir. Mərkəzi Asiya ölkələri ilə tarixi bağlarımız, sıx və səmimi əməkdaşlığımız isə bugünədək görünməyən səviyyəyə çatıb.
Yazımızın əvvəlində ənənəyə sadiqliyin və keçmişi unutmamağın yüksək keyfiyyətlər olduğunu qeyd etmişdik. Sonda onu da əlavə etmək yerinə düşər ki, keçmişdə baş verənləri saf-çürük etmək, onlardan ibrət götürmək də həm fərdlər, həm də bütöv ölkələr üçün vacib sayıla biləcək pozitiv cəhətdir. Bunun üçün, sadəcə, dürüst və obyektiv olmaq və bir də qarşısındakı ilə şaquli deyil, üfiqi müstəvidə davranmaq yetərlidir.
İmran BƏDİRXANLI
XQ

