Güclü lider – güclü dövlət: müasir Azərbaycan modeli

post-img

Milli iradə, siyasi varislik və Zəfərə aparan strateji yol

Müasir dövrdə liderlik anlayışı təkcə siyasi və inzibati idarəetmə bacarığı ilə məhdudlaşmır: liderlik milli iradəni formalaşdıran, cəmiyyətin inkişaf trayektoriyasını müəyyən edən, tarixi məsuliyyəti öz üzərinə götürə bilən strateji düşüncə modelidir. Xüsusilə mürəkkəb geosiyasi mühitdə yerləşən dövlətlər üçün liderlik məsələsi həyati əhəmiyyət daşıyır.

Tarixi təcrübə göstərir ki, güclü liderlik olmayan cəmiyyətlərdə institusional zəiflik, sosial parçalanma və xarici təsirlərə açıq mühit formalaşır. Əksinə, milli maraqlara söykənən, legitim ictimai dayaqlara malik liderlik modeli dövlətçilik ənənələrini möhkəmləndirir, hüquqi və siyasi institutların davamlı inkişafını təmin edir. Bu mənada, liderlik yalnız hakimiyyət funksiyası deyil, həm də cəmiyyətlə dövlət arasında etimada əsaslanan qarşılıqlı məsuliyyət mexanizmidir.

Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji və institusional əsaslarını yaradan, milli özünüdərk prosesini real siyasi praktikaya çevirən nadir tarixi şəxsiyyətlərdəndir. Onun rəhbərliyi dövründə formalaşan azərbaycançılıq ideologiyası etnik və mədəni çərçivələri aşaraq, bütün vətəndaşları bir amal ətrafında birləşdirən ümummilli platformaya çevrilmişdir. Bu ideologiyanın əsas gücü xalqla dövlət arasında sarsılmaz mənəvi bağ yaratmasında, milli birliyi və həmrəyliyi təmin etməsində idi. Məhz bu strateji baxış sayəsində Azərbaycan ən mürəkkəb tarixi sınaqlardan keçərək dövlət müstəqilliyini qoruyub saxlamışdır.

Milli liderlik zirvəsinə yüksəlmiş şəxsiyyətlərin taleyi ilə təmsil etdikləri xalqın tarixi arasında dərin və üzvi bağlılıq olur. Tarixin müxtəlif mərhələlərində xalqların siyasi iradəsini formalaşdıran, onların gələcək yolunu müəyyən edən məhz bu cür liderlər olmuşlar. Bu gün əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti və siyasi iradəsi ilə formalaşmış dövlətçilik təfəkkürü yeni əsrdə onun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi ilə yeni məzmun və miqyas qazanmışdır.

2003-cü ildə bu siyasi irsin layiqli davamı kimi Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Bu mərhələ yalnız siyasi varisliklə məhdudlaşmır; söhbət Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş strateji xəttin yeni dövrün reallıqları fonunda daha çevik, praqmatik və genişmiqyaslı şəkildə həyata keçirilməsindən gedir. Prezident İlham Əliyevin liderlik modeli tarixi təcrübə ilə müasir çağırışların sintezini təşkil edir və milli maraqları qlobal proseslərlə uzlaşdıran müasir dövlət idarəçiliyi nümunəsidir.

“Güclü dövlət – müstəqil siyasət” prinsipi Prezident İlham Əliyevin fəaliyyətinin ideoloji əsasını təşkil edir. Bu prinsip Azərbaycanda sadəcə siyasi şüar kimi deyil, konkret iqtisadi, siyasi, hərbi və institusional məzmunla doldurulmuş strateji kurs kimi reallaşdırılıb. Son 22 ildə həyata keçirilən ardıcıl islahatlar nəticəsində dövlət institutları möhkəmləndirilmiş, iqtisadi müstəqillik təmin edilmiş, sosial rifah əhəmiyyətli dərəcədə yüksəldilmişdir. Azərbaycan qısa müddətdə sürətli iqtisadi inkişaf yolu keçərək regional və qlobal miqyasda etibarlı tərəfdaş statusu qazanmışdır.

Enerji və nəqliyyat sahəsində həyata keçirilən qlobal layihələr də bu siyasətin ən parlaq nəticələrindəndir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP, TAP, Bakı–Tbilisi–Qars kimi strateji layihələr ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, onun geosiyasi çəkisini də əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, sözünə və öhdəliyinə sadiq ölkə kimi tanınır.

Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini səciyyələndirən əsas amillərdən biri də böhranlı və ekstremal situasiyalarda qətiyyətli qərarlar qəbul etmək bacarığıdır. Dövlət başçısı humanist və sosialyönümlü siyasət yürütməklə yanaşı, dövlətin və xalqın taleyi naminə lazım gəldikdə qətiyyətli və prinsipial mövqe də nümayiş etdirmişdir. 2003 və 2005-ci illərdə ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş cəhdlərin qarşısının alınması məhz bu qətiyyətli liderliyin nəticəsi olmuş, Azərbaycan xaos və qarşıdurma ssenarilərindən xilas edilmişdir.

İnsan amili Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində mərkəzi yer tutur. Regionların sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin icrası, ucqar yaşayış məntəqələrinin müasir yol, qaz, elektrik və su təminatı ilə əhatə olunması bu siyasətin real nəticələridir. Azərbaycanın kosmik sənayeyə daxil olması isə dövlətin inkişaf baxışının yalnız bu günlə məhdudlaşmadığını, gələcəyə hesablandığını aydın şəkildə göstərir.

Məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətində prioritet istiqamətlərdən biri olmuşdur. Çadır şəhərciklərinin tamamilə ləğv edilməsi, minlərlə ailənin yeni mənzillərlə təmin olunması sosial ədalət prinsipinin təzahürüdür. 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlının bərpası isə işğalla barışmayan Azərbaycanın siyasi iradəsinin və gələcək Zəfərin ilk rəmzlərindən biri kimi tarixə düşmüşdür.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni Prezident İlham Əliyevin liderliyinin zirvəsi kimi qiymətləndirənlər tamamilə haqlıdırlar. Bu Zəfər təkcə hərbi gücün deyil, uzun illər aparılan düşünülmüş dövlət siyasətinin, milli birliyin və xalq-lider vəhdətinin nəticəsi olmuşdur. Azərbaycan dövləti və onun Liderinin qətiyyəti, xalqımızın siyasi iradəsi, Ordumuzun qüdrəti sayəsində 30 il davam etmiş işğalın 44 günlük Vətən müharibəsinin yekununda aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpası çoxəsrlik tariximizin möhtəşəm hadisələri sırasında müstəsna yer tutur. Ötən iki əsrə nəzər yetirdikdə, bu hadisənin əzəmətini, tariximizdə nə dərəcədə önəmli proses olduğunu daha aydın şəkildə görmək mümkündür. Prezident İlham Əliyev müdrik sərkərdə olaraq xalqımızı həsrətində olduğu Qələbə müjdəsinə addım-addım yaxınlaşdırmışdır. Milli maraqları hər şeydən üstün tutması, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi Ali Baş Komandan cənab İlham Əliyevə xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ yarasını əbədi olaraq sağaltmağa imkan vermişdir. Barəsində hələ uzun illər danışılacaq tarixi Zəfərin qayəsində, kökündə duran başlıca səbəb xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz Liderinə sonsuz güvəni, onun qərarlarını tərəddüdsüz dəstəkləməsi olmuşdur.

Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən Prezident İlham Əliyev ölkəmizin müstəqil dövlət kimi mövcudluğu, sabit və davamlı inkişafı istiqamətində mühüm addımlar ataraq, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla reallaşdırmış, mövcudluq tarixinin ən qüdrətli Azərbaycanını yaratmışdır. Ulu öndərin müəllifi olduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına, bugünkü yüksəliş və tərəqqi zirvəsinə çatdırmışdır.

Müasir Azərbaycan hazırda regionda müstəqil, heç kimdən aslı olmayan, öz sözünü deyən dövlət kimi tanınır. Prezident İlham Əliyevin qətiyyəti ilə biz son illərdə xarici siyasətdə inanılmaz hədəflərə yetişmişik. Bu siyasətin əsasında milli maraqların gerçəkləşdirilməsi amalı hər şeydən öndə dayanır. Xalq olaraq bu bölgənin sahibinə, liderinə çevrilmişik. Proseslərin axarına təsir göstərən, onu dəyişməyi bacaran liderlik statusu bu gün İlham Əliyev missiyasının ən mühüm göstəricilərindən, ana xətlərindən biridir.

Dünya xəritəsində kiçik görünən Azərbaycan qüdrətli və nüfuzlu lideri sayəsində dünya miqyasında tanınır, qəbul olunur. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik olan cənab İlham Əliyev geosiyasət ustası kimi dünyada böyük hörmət qazanmışdır. Dövlət başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Ölkəmizin beynəlxalq və regional problemlərinin həllində rolu və nüfuzu getdikcə artır. Milli məsələlərdə yalnız bir amili - xalqının və dövlətinin milli maraqlarını əsas tutan cənab İlham Əliyev beynəlxalq güclərə boyun əymədən, xarici təzyiqlər qarşısında müvazinətini itirmədən xalqımızı milli hədəflərə doğru aparır.

Vətən müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıq beynəlxalq miqyasda qəbul olunur, ölkəmizin sivil və bərabərhüquqlu əməkdaşlıq təşəbbüsləri beynəlxalq miqyasda dəstək alır. Ötən 5 ildə Azərbaycan Ermənistan üzərində təkcə hərbi-siyasi, diplomatik deyil, informasiya üstünlüyünü də təmin etmişdir. 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmalar Azərbaycanın diktə etdiyi sülh gündəliyinin nəinki Ermənistan, ümumən bütün dünya tərəfindən qəbul edilməsi deməkdir.

Azərbaycan bu gün regionda sülh, əməkdaşlıq və inkişaf gündəliyini irəli sürən aparıcı aktora çevrilmişdir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının icrası dövlətin gücünü və strateji baxışını nümayiş etdirir.

Xarici siyasətdə Prezident İlham Əliyev milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış kursu ardıcıl şəkildə davam etdirir. Heç bir hərbi-siyasi bloka qoşulmayan Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətlər qurur. Qlobal böhranlar və münaqişələr fonunda ölkəmizə göstərilən beynəlxalq etimad bu siyasətin düzgünlüyünü təsdiqləyir.

Bu ümumi dövlətçilik strategiyasında insan hüquqlarının qorunması və hüquqi-humanist dəyərlərin möhkəmləndirilməsi də xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, güclü dövlət anlayışı yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Güclü dövlət, ilk növbədə, vətəndaşının hüquqlarını, azadlıqlarını və ləyaqətini təmin edən dövlətdir. Bu prinsip Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas ideoloji dayağıdır.

Son illərdə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, cinayət qanunvericiliyinin humanistləşdirilməsi, alternativ cəza mexanizmlərinin genişləndirilməsi insan hüquqlarının real təminatına xidmət edir. Əfv və amnistiya institutları da Prezident İlham Əliyevin humanizmə əsaslanan siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir. Dövlət başçısının təşəbbüsü və siyasi iradəsi ilə ötən illərdə imzalanan əfv sərəncamları, təşəbbüsü ilə qəbul edilən amnistiya aktları on minlərlə insanın azadlığa çıxmasına, cəmiyyətə yenidən inteqrasiyasına imkan yaratmışdır.

Bu kontekstdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dövlətimizin başçısının daha bir amnistiya təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş bu Amnistiya aktı əhatə dairəsinə görə indiyədək qəbul edilmiş analoji sənədlər arasında ən irimiqyaslısıdır. Sözügedən amnistiyanın təxminən 20 min nəfərə şamil olunacaq ki, bu da Prezident İlham Əliyevin 22 illik hakimiyyəti dövründə ən böyük Amnistiya aktı kimi tarixə düşəcək. Bu fakt bir daha göstərir ki, dövlət humanizm və sosial ədalət prinsiplərinə sadiq olub, cəza siyasətində islah və yenidənqurma yanaşmasını əsas götürür.

Belə genişmiqyaslı amnistiya təkcə hüquqi akt deyil, eyni zamanda, mühüm ictimai-siyasi və mənəvi hadisədir. Bu qərar dövlətin gücünə, sabitliyinə və öz vətəndaşına olan etimadına dəlalət edir. Amnistiya ailələrin birləşməsinə, sosial harmoniyanın möhkəmlənməsinə, cəmiyyətdə humanist dəyərlərin daha da güclənməsinə xidmət edir və Prezident İlham Əliyevin “insan amili”nə əsaslanan idarəçilik fəlsəfəsinin növbəti təzahürü kimi qiymətləndirilir.

Əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik strategiyası Prezident İlham Əliyevin liderliyi ilə özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi proseslərinə təsir göstərən, güclü lider – güclü dövlət konsepsiyasını uğurla reallaşdıran nüfuzlu ölkə kimi çıxış edir.

Məhəmməd İMANLI,
ADDA-nın humanitar fənlər kafedrasının professoru

Siyasət