I MƏQALƏ
“Konsept” anlayışı
“Konsept” latınca “conceptus” sözündəndir və “anlayış” deməkdir. Ancaq onun fəlsəfədə, linqvistikada və bütövlükdə elmdə fərqli anlamları vardır. Biz onların sırasından əsas olaraq fəlsəfədə işlənən “konsept” anlayışına üstünlük veririk. Fəlsəfədə konsept anlayışı daha ümumi məzmuna malik olan və müəyyən qədər bir neçə anlayışı özündə ehtiva edən məfhum olaraq dərk edilir. Yəni konsept semantik aspektdə anlayışla konsepsiya arasındadır.
Lakin konsept obyektin predmet aspektində (yəni ideologiyasız, real necə varsa elə) əsas mahiyyətini ifadə edirsə, konsepsiya daha çox ideoloji tərəfə meyil edir. Bu baxımdan konsept tədqiqat predmetinin başlıca mahiyyət və məzmununu daha konkret və dolğun ifadə edir. Konsepsiya geniş miqyasda anlayışlar arasında münasibtləri nəzərə almaqla formalaşır və konseptə nisəbətən bu mənada genişdir. Lakin söhbət araşdırılan obyektin “özmahiyyəti”ndən, “real mövcudluq” koordinatlarından və bu mənada anlayış olaraq əsas ideyasından, məzmunundan gedirsə, daha uyğun termin “konsept”dir.
Bütün bunları nəzərə alaraq biz “geosiyasi konsept” və “geosiyasətin konsepti” ifadələrinə özəl anlam veririk. Onun bazasında adətən ensiklopedik ədəbiyyatda istifadə olunan ümumi yanaşmanı görürük. Onu da vurğulayaq ki, məşhur “Oksford lüğəti”ndə konseptin çoxlu sayda və fərqli izahları verilir və hətta onların anlamdakı fərqli çalarları tarixi dövrüləşdirilir. Lakin bu cür yanaşma ciddi elmi ümumiləşdirmə üçün yetərli deyildir, çünki bizə yığcam mənası olan tərif gərəkdir. Onun əsasında konsepti də izah etmək olar.
Beləliklə, konsept bizim üçün, birincisi, “şüurun struktur-məzmun vahididir”, ikincisi, o, “fikir obyekti haqqında biliklərin, təsəvvürlərin, rəylərin cəmini əks etdirir” (Böyük Rusiya ensiklopediyası). Bu cür yanaşma “konsept”in müxtəlif elmlərdə fərqli məna çalarları ilə tərifinin və tədqiqat metodologiyasının mövcudluğunu istisna etmir. Eyni zamanda, konsept strukturla məzmunun vəhdətidirsə, özündə anlayışları birləşdirir və bu baxımdan sistem təsəvvür kimi mövcud olur, əyaniləşir. Çünki həm strukturda, həm də məzmunda anlayışlar kompleksinin varlığı mütləq şərtdir. Başqa halda obyekt haqqında tamamlanmış fikir, ideya və ya ideyalar, anlayışlar sistemi yaratmaq mümkün deyildir.
Abstrakt fəlsəfi-nəzəri təhlili dərinləşdirmədən və genişləndirmədən məqalənin əsas elmi məqsədinə keçək.
“Geosiyasi konsept” anlayışı
Elmi ədəbiyyatda daha çox “geosiyasi konsepsiya” ifadəsinə rast gəlinir. Görünür, bunun əsas səbəbi konsepsiyanın məhz ideoloji məna yükünün çox olması ilə bağlıdır. Xüsusilə böyük dövlətləri öz maraqlarına uyğun ideoloji yönü olan geosiyasi yanaşmalar maraqlandırır. Hakimiyyətlər üçün əsas olanı təmsil etdikləri dövlətlərin geosiyasi maraqlarına xidmət edən nəzəri konstruksiyalardır. Eyni zamanda, hər bir konsepsiyanın nəzəri və bilik bazasında müəyyən konsept dayanmalıdır. Bu da dolayısı ilə geosiyasi konsepsiyaların özünəməxsus konseptlərinin mövcudluğu anlamına gəlir. Bir nümunəyə baxaq:
İndi “Avrasiyaçılıq” geosiyasi konsepsiya kimi intensiv tədqiq edilir. Əslində bu konsepsiya uzun müddətdir ki, mövcuddur. Ancaq son illər Qərb, Rusiya və Ukrayna politoloqları ona Rusiya-Ukrayna münaqişəsi kontekstində baxmağa üstünlük verirlər. Onlar hesab edirlər ki, bu münaqişə bütövlükdə Avrasiyaçılıqda fundamental dəyişikliklər edə bilər. Lakin cəmi bir neçə il əvvəl, məsələn, 2003-2007-ci illərdə Avrasiyaçılığa konsepsiya səviyyəsində fərqli kriteriyalarla yanaşılma mövcud idi. Məsələn, həmin konsepsiya çərçivəsində türk-slavyan birliyi məsələsinə diqqət daha çox idi (məsələn, A.Duqin).
İndi isə tədqiqatçılar Rusiya-Ukrayna münaqişəsi fonunda ümumiyyətlə rus geosiyasi təlimlərinə baş vurmağa çalışır və orada “tapdıqları konseptlərin” üzərində Avrasiyaçılıq konsepsiyası yaratmağa çalışırlar (məsələn, Janna Pançenko).
Bu qısa nümunə göstərir ki, geosiyasi konseptdən konsepsiyaya keçid doğrudan da ciddi ideoloji xarakter ala bilər və bu mənada “obyektiv təlim” anlayışı xeyli qeyri-müəyyənliyə düşə bilər.
Buradan fərqli nəticələr çıxarmaq olar. Bizcə, onların sırasında “geosiyasi konsept” anlayışının ciddi fəlsəfi və elmi tədqiqi aktualdır” qənaəti də yer almalıdır. Çünki ideologiyadan kənar konseptlərin öyrənilməsi çox mürəkkəb olan müasir geosiyasətdə baza mənzərəni yaratmağa yol açır. Həmin bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyevin Xəzərin geosiyasətinə aid konsepti müstəsna rol oynayır. Bunun səbəblərini irəlidə izah edəcəyik. İndi “geosiyasi konsept” anlayışının məzmununa daxil olan bir yeni faktora nəzər salaq.
Regionlaşma və geosiyasi “konseptləşmə”
Bir qədər qəribə müqayisə təsiri bağışlaya bilər. Lakin XXI əsrin geosiyasi dinamikasının özəlliyi prizmasında araşdırılması aktual olan məsələdir. Təbii ki, burada “konseptləşmə” metafordur (məcazdır). Bu termin müasir dünyada regionlaşmanın təsirinin qlobal miqyasda artması fonunda adekvat geosiyasi ideya, konsept və konsepsiyanı müəyyən etməyi nəzərdə tutur. Həmin anlamda “koseptləşmə”, faktiki olaraq, ideyadan konseptə elmi əsaslarla keçid baxımından maraqlıdır. XXI əsrdə adekvat geosiyasi konseptin hazırlanmasında regional faktor nə dərəcədə təsirli ola bilər? Suala cavab üçün XX əsrin ikinci yarısından bu yana bütövlükdə dünyada regionlaşma prosesinə qısa nəzər salaq.
II Dünya müharibəsindən sonra, xüsusilə Avropa üçün regionlara zərərsiz bölünmə məsələsi daha da aktuallaşdı. Avropalılar bu zaman regionlara bölünmənin əməkdaşlıq və təhlükəsizliyə zərər verməməsi üzərində daha çox düşünməyə başladılar. Lakin qərblilər bir ciddi təhlükəni və ya riski göz önünə alırdılar. Əsas olaraq ABŞ hesab edirdi ki, onun liderliyinin davam etməsi üçün dünyanın “geosiyasi fraqmentləşməsi”nin qarşısı alınmalıdır. Ona görə də neoliberal model əsasında dünyanın regionlara bölünməsi və onun nəzəri dərki həyata keçməlidir.
Məsələ ondan ibarətdir ki, indi də “köhnə regionlaşma” modeli üzrə regional təşkilatların yaradılması prosesi üstünlük təşkil edir. Qəribə də olsa, faktlar bunu göstərir. Məsələn, K.J.Hancock (2009-cu ilə qədərki dönəmlə bağlı) yazır ki, 50 mövcud regional təşkilatlardan cəmi 16-sı 1990-cı ildən sonra yaranmışdır və onun 1/3-i postsovet məkanına aiddir. Bu o deməkdir ki, XXI əsrin ikinci onilliyi ərəfəsində belə regional təşkilatların əksəriyyəti köhnə regionlaşma modeli əsasında formalaşmışdır.
“Köhnə regionaliz”də əsas geosiyasi aktorlar kimi ancaq dövlətlər götürülür, regional münasibətlərə bu prizmada baxılırdı. Dövlətlər arasındakı münaqişələrin, müxtəlif ixtilafların aradan qaldırılması üçün bu yanaşma yetərli olmadı. Onun başlıca səbəbini “köhnə regionalizm”də hər hansı regionun “endogen proseslərini” lazımi dərəcədə nəzərə almamaqla bağlıdır. Endogen, yəni daxili regional proseslər hər bir regiona özəllik verir və universal qaydaların tətbiqində müəyyən məhdudiyyətləri regionun tarixi, siyasi, mədəni, coğrafi xüsusiyyətləri kontekstində yanaşmağı tələb edir. Buna görə də “yeni regionalizm”də regiona yalnız dövlətlərin toplusu kimi deyil, həm də konkret regionun daxili özəllikləri prizmasında baxılır.
Bu əsasda “müqayisəli regionalizm”, “Asiya regionallaşması” və digər anlayışlar artıq geosiyasi təlimlərdə geniş işlədilir.
Onu vurğulayaq ki, Qərb Cənubi Qafqaza çox uzun müddət regionun məhz daxili (endogen) xüsusiyyətlərini, reallığı nəzərə almadan baxmışdır. Buna görədir ki, Ermənistanın Azərbaycan təcavüzünü nəzərə almadan regionun bütün dövlətlərinə “eyni qəlibdə” yanaşırdı. Bu yanaşmanın acılarını hər birimiz xatırlayırıq.
Beləliklə, müasir geosiyasətin əsas xüsusiyyətlərindən biri dünyanın regionlara bölünməsi ilə bağlıdır. Bu, faktiki olaraq, keçən əsrin 70-80-ci illərində regionlaşmaya aid “yeni regionalizm” nəzəriyyəsinin meydana gəlməsini stimullaşdırmışdır (onun baniləri İsveç alimləri B.Hettne və F.Soderbaumdur). Xeyli sayda digər tədqiqatçılar da regionlaşma prosesinin müxtəlif aspektlərdə (iqtisadi, mədəni, siyasi, geosiyasi, təhlükəsizlik və s.) dünyanın qlobal miqyasda əsas treklərindən biri olduğunu vurğulayır və onu nəzərə alaraq nəzəri təhlillər aparırlar.
Xəzərin “geosiyasi taleyi”: aktual məsələ
Bu cür ümumi nəzəri tendensiyanın fonunda Xəzər regionunun adekvat geosiyasi konseptinin yaradılması çox aktual təsir bağışlayır. Bunun real səbəbləri vardır.
Birincisi, Xəzər regionu müasir mərhələdə böyük geosiyasi aktorların amansız və güzəştsiz mübarizə meydanına çevrilmişdir. Onlar sözdə humanizmdən, əməkdaşlıqdan və təhlükəsizlikdən danışsalar da, gerçək olaraq nə qədər risklərin və təhdidlərin mövcud olduğunu hər kəs bilir.
İkincisi, Xəzər Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra dünya üçün xüsusi geosiyasi anlam almaqdadır. Çünki həmin qələbə faktiki olaraq regional miqyasda (Cənubi Qafqazda) geosiyasi proseslərin məntiqinə, məzmununa, strateji hədəflərinə köklü dəyişikliklərin əsasını qoydu. O cümlədən Xəzərin geosiyasi statusu və funksiyalarına yeni məzmun vermək zərurəti yarandı.
Üçüncüsü, Xəzər məsələsi həm qlobal geosiyasi düzənin yeniləşməsi, həm də beynəlxalq layihələrin reallaşması (məsələn, Çinin “Bir kəmər, bir yol” layihəsi) kontekstində daha çox aktuallıq kəsb etməyə başladı.
Dördüncüsü, Xəzər geniş geosiyasi məkandakı böyük güclər arasında kommunikativ əlaqələrin yaradılması baxımından yeni səviyyədə önəmli faktora çevrilmişdir. Burada Şərq-Qərb, Şimal-Cənub və başqa vacib marşrutlar kəsişir və onların bir-birinə uyğunlaşdırılması əhəmiyyətli məsələ kimi ön sıraya çıxır.
Beşincisi, Xəzər həm dəniz, həm də region kimi enerji istehsalı, istismarı və nəqli aspektlərində bütün dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyində prinsipial rol oynayır. Bunun tarixdən gələn səbəbləri ilə yanaşı, müasir mərhələdə regional və qlobal təhlükəsizliyin təminində xüsusi rol oynayan faktorları mövcuddur.
Bütün bunlar kompleks halında Xəzərin adekvat geosiyasi konseptinin hazırlanması məsələsinin ciddi önəmini ifadə edirlər. Artıq buna xeyli cəhdlər olmuşdur. Ancaq onların heç də hər biri real vəziyyətə uyğun deyil. Açıq hiss edilir ki, Xəzər məsələsinə hansısa böyük dövlətin və ya dövlətlər qrupunun eqoist maraqları prizmasında yanaşmalar vardır.
Azərbaycan Prezidenti İlham Əliyevin Xəzərin geosiyasətinə yanaşması tamamilə fərqlidir. Dövlət başçısı həmin aspektdə “Azərbaycan nefti dünya siyasətində” (2 kitabdan ibarətdir) və “Azərbaycanın Xəzər nefti” adlı əsərlərində əsas ideyalarını ifadə etmişdir. Xəzərin tarixində ilk dəfə olaraq regionda yerləşən dövlətin lideri Xəzərlə bağlı sistemli geosiyasi konsept irəli sürmüşdür.
Həmin əsərlərdə Xəzər, onun siyasi tarixi, təbii resursları, enerji aspektində geosiyasətdə oynadığı rol və tutduğu yer, müasir mərhələdə qlobal geosiyasət miqyasında statusu və digər məsələlər haqqında irəli sürdüyü ideyalara vahid konsept çərçivəsində baxmaq zəruridir. Çünki onlar sistem xarakterli çox maraqlı siyasi və geosiyasi təsəvvürlər formalaşdırırlar. Aydın görünür ki, Azərbaycan Prezidenti, sözün tam anlamında, Xəzərlə bağlı fərqli geosiyasi konsept ortaya qoymuşdur.
Onun bir neçə əsas tərkib hissəsini müəyyən etmək olar.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

