Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Strasburq Universitetində “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib.
XQ xəbər verir ki, tədbirdə Strasburq Universitetində təhsil alan azərbaycanlı tələbələr və məzunlar, habelə Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.
Tədbirdə açılış sözü ilə çıxış edən ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayilov Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb, qəbul edilən müstəqil Azərbaycanın ilk konstitusiyasının dövlət qurucuğumuzda daşıdığı müstəsna əhəmiyyət barədə danışıb. Konstitusiyamızın preambulasında Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının başlıca niyyətlərdən biri kimi bəyan olunduğunu xatırladıb.
Səfir bildirib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi qələbə, eləcə də 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş uğurlu antiterror əməliyyatı məhz bu niyyətin gerçəkləşməsinə xidmət edib.
Daha sonra iştirakçılar qarşısında əsas natiq qismində çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi, professor Lətif Hüseynov Konstitusiya layihəsinin tərtibinə vaxtilə cəlb edilmiş ekspertlərdən ibarət işçi qrupunun üzvü kimi bu tarixi prosesdən bəhs edib və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasını dövrümüzün ən mütərəqqi hüquqi sənədlərindən biri kimi xarakterizə edib. L.Hüseynov Konstitusiyanın bir sıra mühüm müddəaları üzərində ayrıca dayanaraq, tədbir iştirakçıları ilə interaktiv şəkildə onların məqsəd və məramları barədə düşüncələrini bölüşüb.
Tədbir zamanı təqdim edilən məlumat və şərhlər iştirakçılar tərəfindən böyük diqqət və maraqla qarşılanıb.





