“TDT+” formatına ən real namizəd Pakistandır
Dünya artıq köhnə blokların orbitindən çıxır, yeni diplomatik qütblər doğulur. Avrasiya məkanında formalaşan yeni reallıq fonunda dövlətlər “plyus” modelləri ilə – yəni öz ətrafında tərəfdaş ölkələri, müşahidəçiləri və iqtisadi aktorları birləşdirən açıq formatlarla siyasi çəkisini artırmağa çalışır. “BRICS+”, “ŞƏT+”, indi isə “TDT+”. Bu ardıcıllıq təsadüfi deyil. Bu, post-Qərb dövrünün paroludur: qapalı alyanslar dövrü bitir, çevik diplomatiya və çoxsəviyyəli əməkdaşlıq mərhələsi başlayır.
Bu fonda Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın 7-də Qəbələdə keçirilən Zirvə görüşündə “TDT+” formatının təsis olunması geosiyasi iddianın bəyanatıdır. Sammitin sonunda liderlər Qəbələ Bəyannaməsini, həmçinin TÜRKSOY-un gücləndirilməsi barədə qərarı imzalayıblar. Bu, türk dünyasının beynəlxalq arenada yeni strateji missiyasını formalaşdırır, onu Avrasiya güc memarlığının aparıcı sütunlarından birinə çevirir.
Son illər beynəlxalq və regional təşkilatların üzvlük modelində “+” və ya “tərəfdaş/müşahidəçi/genişləndirilmiş” formatlara keçid meyli müşahidə olunur. Bu tendensiyanın arxasında bir neçə amil dayanır. Qlobal güc balansı artıq soyuq müharibədən sonrakı birqütblü və ya ikiqütblü düzəndən çoxqütblü dünyaya keçir. Dövlətlər daha çox seçim imkanı qazanmaq, müəyyən bir bloka bağlı qalmamaq istəyir. Məhz “plyus” formatları bu cür çevik əməkdaşlığa imkan verir, tam üzvlük və ya hüquqi öhdəliklər olmadan çoxşaxəli əməkdaşlıq üçün platforma yaradır. Digər tərəfdən, təşkilatlar öz legitimliyini və beynəlxalq çəkisini artırmaq üçün üzvlük bazasını genişləndirməyə çalışır. Üçüncü dövlətləri “+” formatı ilə cəlb etməklə diplomatik tərəfdaşların sayını çoxaldır, beynəlxalq arenada təsir gücünü artırırlar.
***
Qlobal siyasi-iqtisadi gərginlik, sanksiyalar və ticarət məhdudiyyətləri fonunda ölkələr bir mənbədən asılılığı azaltmaq və alternativ əməkdaşlıq xətləri formalaşdırmaq istəyir. “+” formatları bu məqsədə xidmət edir. Həmçinin qitələrarası ticarətin genişlənməsi, enerji və nəqliyyat marşrutlarına artan tələbat, rəqəmsal iqtisadiyyatın inkişafı dövlətləri daha sıx əməkdaşlığa sövq edir. Beləliklə, “plyus” formatının meydana çıxması əslində yeni reallığın etirafıdır. Bu, həm də onu göstərir ki, təşkilatın daxili sabitliyi artıq o səviyyədədir ki, üçüncü tərəf dövlətləri müəyyən sahələrdə əməkdaşlığa cəlb edə bilir, əsas qərarvermə mexanizmini isə qoruyur.
“TDT+” formatı üzv olmayan dövlətlər üçün təşkilatla əməkdaşlıq platforması rolunu oynayacaq. Bu, qapalı və ya hərbi blok deyil, əksinə iqtisadi, logistika, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlığa yönəlmiş tərəfdaşlıq modelidir. Qərarın rəsmi şəkildə qəbulu Qəbələ Sammitinin mühüm nəticələrindən biridir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvədə çıxışı zamanı bu təşəbbüsün TDT-nin beynəlxalq nüfuzunu artıracağını bəyan edib. Beləliklə, “TDT+” həm təşkilatın yüksələn ambisiyalarının məntiqi davamı, həm də xarici tərəfdaşların artan marağına cavabdır. Əsas məqsədlərdən biri iqtisadi və nəqliyyat potensialının artırılmasıdır. TDT regionu Orta Dəhliz üzərində yerləşir. Bu marşrutun iqtisadi və logistik potensialı artdıqca “+” formatı əlavə tərəfdaşların cəlbini zəruri edəcək.
“TDT+” formatında ən real namizəd kimi Pakistanın adı çəkilir. İslamabadın üzvlüyü ideyası həm praktiki, həm də strateji baxımdan məntiqlidir. Mövcud vəziyyət belədir ki, Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli strateji əməkdaşlıq formatı artıq reallaşıb. Prezident İlham Əliyev may ayında bəyan etmişdi ki, Azərbaycan, Türkiyə və Pakistan suverenlik, ərazi bütövlüyü və ədalət prinsiplərində eyni, rəsmi İslamabad isə coğrafi baxımdan mühüm strateji mövqedədir. Ölkənin türk dünyasına, Mərkəzi və Cənubi Asiyaya eyni anda çıxış imkanı var. Çin–Pakistan İqtisadi Dəhlizi (CPEC) layihəsi və Mərkəzi Asiya ilə əlaqələr bu ölkəni TDT marşrutlarının təbii tərəfdaşına çevirir.
Pakistanın üzvlüyünün məntiqi üstünlükləri də əhəmiyyətlidir. Tranzit və nəqliyyat üstünlüyü baxımından, Pakistanın “TDT+” formatına qoşulması türk dünyasına Hind okeanına çıxış imkanı verər, Orta Dəhlizi daha da strateji edər və ticarət xətlərini genişləndirər. Regional balanslaşdırma baxımından, Pakistan nüvə dövləti və Cənubi Asiyada mühüm geosiyasi aktordur. Onun “TDT plyus” çərçivəsində iştirakı həm Hindistanın təsirini balanslaşdırar, həm də türk dövlətlərinə yeni təhlükəsizlik dəstəyi qazandırar. İqtisadi imkanlar baxımından, Pakistan TDT bazarlarına çıxış əldə edər, türk dövlətləri isə öz növbəsində 200 milyondan çox əhalisi olan ölkə kimi yeni bazar və istehsal potensialı qazanmış olar. Diplomatik baxımdan Pakistan üçün bu addım türk dünyası ilə strateji yaxınlığı rəsmiləşdirmək, TDT üçün inklüziv və regional liderlik ambisiyasını göstərmək imkanıdır.
“TDT+” yeni dünya düzəni baxımından müəyyən mənada onun tərkib hissəsidir. Bu format bir daha sübut edir ki, regional və qlobal aktorlar arasında sərhədlər zəifləyir, iqtisadi potensialın və infrastrukturun vəziyyəti dövlətləri əməkdaşlığa yönəldir, orta güclər artıq böyük dövlətlərin orbitində deyil, öz regional qaydalarını formalaşdırmaq istəyirlər. Bu mənada “TDT+” köhnə düzənin əvəzlənməsi deyil, onun təkamülüdür, daha çevik, daha çoxşaxəli və daha inklüziv əməkdaşlıq modelidir.
Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri
Türk Dövlətləri Təşkilatının regionda və dünyada nüfuzunun artması üçün digər dövlətlərlə əməkdaşlıq etməsi mühüm strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən təşkilatın “TDT+” kimi müsbət və genişlənməyə açıq format yaratması tamamilə qanunauyğundur və bu, təsadüfi addım deyil. Hazırda təşkilatda üzv və müşahidəçi dövlətlər var. Lakin həmçinin elə ölkələr mövcuddur ki, etnik və ya coğrafi baxımdan türk dünyasına mənsub olmasalar da, TDT-nin məqsədləri və dəyərləri ilə səsləşən maraqlara malikdirlər. Məsələn, Pakistan və Ukrayna kimi dövlətlər bu baxımdan diqqətəlayiq tərəfdaşlardır. Onların TDT ilə əməkdaşlıq etməsi, ortaq layihələrdə iştirakı və müxtəlif istiqamətlərdə təşəbbüslər göstərməsi tamamilə mümkündür.
Bu kontekstdə TDT-nin açıq əməkdaşlıq modeli regional sabitlik və çoxtərəfli diplomatiyanın güclənməsi baxımından müsbət hadisədir. Mən hesab edirəm ki, təşkilat həm regionda, həm də beynəlxalq müstəvidə nüfuzunu artırmaq üçün ona yaxın olan, dəyərləri, təhlükəsizlik və iqtisadi hədəfləri oxşar olan dövlətlərlə əməkdaşlığı genişləndirməlidir.
Bu xüsusda Pakistan ən bariz nümunədir. Lakin perspektivdə Ukrayna, Qətər və digər dövlətlərlə də əməkdaşlıq imkanlarını nəzərdən keçirmək məqsədəuyğundur. Əsas məsələ ondan ibarətdir ki, TDT bu əlaqələri öz maraqları və strateji prioritetlərinə uyğun şəkildə qursun.
Qəbələdə keçirilən Zirvə görüşündə qəbul edilən qərarlar məhz bu istiqamətdə atılmış doğru və uzaqgörən addımdır. Əgər TDT gələcəkdə regionun və dünyanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından önəmli güc mərkəzlərindən birinə çevrilmək niyyətindədirsə, bu kimi əməkdaşlıq imkanlarını mütləq dəyərləndirməlidir.
Tacir SADIQOV
XQ