Türk dövlətləri başçıları Alban–türk tarixi üzərindən sabaha boylandılar
Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Qəbələ şəhəri, 7 oktyabr 2025-ci il.
Yəqin ki, diqqətli oxucular dövlət başçımızın bir neçə gün əvvəl Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışından məhz bu abzası nə üçün seçib qabartmağımızın səbəbini bilirlər. Səbəb aydındır: bu çıxışda Azərbaycanın üç qədim şəhərinin adı çəkilir. TDƏŞ-in (həmin şura sonradan TDT kimi daha mötəbər beynəlxalq təşkilata çevrildi) ilk təməl daşları Naxçıvanda atılmış, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edəndən sonra ilk qeyri-rəsmi Zirvə Görüşü Şuşada keçirilmiş, bu qurumun türkdilli dövlətlərin gələcəyi üçün daha məsul qərarları qəbul etməsi isə Qəbələnin bəxtinə düşmüşdür.
Bu sətirlərin müəllifinin Türkiyə Cümhuriyyətinin bir əsrlik tarixi barədə qələmə aldığı “100 yaşlı Türkiyə Cümhuriyyəti Turana gedən yolumuzda lokomotivdir” adlı yazıdakı (“Xalq qəzeti”, 29 oktyabr 2023-cü il) lokomotiv ifadəsi bu il oktyabrın 7-də – Qəbələdə Azərbaycanın ünvanına səsləndirildi. Məmnun olduq. Ancaq bu o demək deyil ki, Azərbaycan Türkiyədən önə keçdi. Qətiyyən elə deyil. Sadəcə, Azərbaycanın yerləşdiyi geosiyasi, coğrafi məkan, ölkəmizin Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat yollarının, eləcə də Orta Dəhlizin, son məqamda Şanxaydan Londona qədər uzanan müasir İpək Yolunun məhz Azərbaycandan keçməsi, üstəlik, Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyət, əzmkarlıq və prinsipiallıq Turana gedən yolda rəsmi Bakının üstünə daha çox məsuliyyət düşdüyünü sübut edir. Biz məmnunuq ki, Azərbaycan və dövlət başçımız həmin məsul missiyanın reallaşdırılması üçün lazım olan bütün addımları uğurla atır və arzuolunan nəticələri əldə edir.
Bu məqamda başqa bir faktı da yada salmaq zərurəti var. Qəbələ haqqında olan ensiklopediya materiallarında yazılır ki, qədim Qəbələ şəhəri Böyük İpək Yolunun üstündə yerləşirdi. Xatırladım ki, bu fikir mənim hansısa axtarışımın və ya tədqiqatımın (ömründə tarix barədə tədqiqat aparmamışam) nəticəsi yox, kitablardan və son illərdə elektron resurslardan oxuduğum fikirlərdir. Yeri gəlmişkən, bu gün beynəlxalq aləmdə çoxsaylı müzakirə və hətta münaqişələrə səbəb olan əsas məsələlərdən biri də nəqliyyat–kommunikasiya layihələrinin bərpası, bəzilərinin yenidən qurulması və həmin layihələrə kimin nəzarət etməsidır. Azərbaycanın bəxti bu baxımdan həmişə gətirmişdir. Yəni əlliyədək ölkənin bizim nəqliyyat-kommunikasiya imkanlarımıza ehtiyacı var.
Dövlət başçımızın oktyabrın 7-də Qəbələdə səsləndirdiyi “Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi” xatırlatması da təsadüfi deyildi. Cənab Prezident bu faktları yada salmaqla həm Azərbaycandakı İslamdan əvvəlki ibadət yerlərinin həqiqi sahiblərinin kim olduğu barədə bədxahlarımıza məhz səkkiz liderin iştirakı ilə müsaj göndərirdi, həm müasir Qəbələnin qədim Qəbələnin adına layiq bərpa edildiyini göstərirdi – bəli, sadəcə demirdi, göstərirdi, – həm də beynəlxalq aləmdəki dostlarımıza xatırladırdı ki, qədim Qəbələnin ancaq karvan yolu var idisə, müasir Qəbələnin üç istiqamətdən gələn avtomobil yolları, dəmir yolu, super-müasir hava limanı var.
Yəni damarlarında türk qanı olan hər kəs kimi Azərbaycan rəhbərliyi də qurub-yaratmaq, bərpa edib yaşatmaq və dosta dost olmaq, bədxaha dərs vermək kimi qədim ənənələrini bu gün də yaşadır. Həm də daha geniş miqyasda. Azərbaycan bu milli xarakterini otuz il düşmən tapdağında olan ərazilərini işğaldan azad edəndə də nümayiş etdirmişdi, yağı əsarətindən xilas olunmuş şəhər, qəsəbə və kəndlərimizin cənnətə çevrilməsi prosesində də.
Yeri gəlmişkən, cənab Prezident Qəbələdəki çıxışında növbəti dəfə xatırlatdı ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində bütün türk dövlətləri Azərbaycanın yanında oldular: “...Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Təbii ki, türkdilli dövlət başçılarının Qəbələ sammitinin bütün materialları cəzbedici, maraqlı və xüsusən, müasir zamanın çağırışları baxımından vacib idi. Məsələn, mən bu zirvə görüşü zamanı eşitdiyim “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir” tezisindən də məmnun oldum, təşkilatın “TDT+” prinsipi ilə daha da genişləndirilməyə açıq olmasından da. Ekspertlərin fikrincə, bu təşkilata türk mənşəli olmayan region ölkələrinin də qəbul edilməsi nəticə etibarilə daha möhkəm sülhün bərqərar edilməsinə stimul ola bilər.
“Qəbələ Türk dünyasının qədim mədəniyyətinin əksidir”, – deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu şəhərdə söylədiyi fikirlər daha maraqlı idi. Qardaş ölkənin dövlət başçısı xatırlatdı ki, son 16 il ərzində təşkilatımız mühüm uğurlar əldə edib və onlara yeni nailiyyətlər əlavə olunur. Vaxtilə BMT tribunasından söylədiyi “beynəlxalq hüquq böhranı” və “BMT Təhlükəsizlik Şurası bir çox məsələlərdə fəaliyyətsiz qalır” arqumentlərini Qəbələdə də xatırladan Türkiyə lideri bu gün TDT ölkələri arasında həmrəylik və əməkdaşlığın daha vacib olduğu barədə çağırış səsləndirdi. Cənab Ərdoğan dedi ki, biz öz aləmimizdə (həm də ailəmizdə – İ.M.) qapanıb qalmalı deyilik. Əksinə, digər beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etməliyik. Bu baxımdan o, Qəbələdə razılaşdırılan “TDT +” formatının əhəmiyyətini xüsusilə vurğuladı.
TDT-nin Qəbələ Sammitindən hazırlanmış televiziya materiallarına baxarkən – sonradan həmin materialları qəzetdən də oxudum – yadıma düşən ilk məqamlardan biri ulu öndər Heydər Əliyevin fikirləri oldu: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Bəli, artıq 16 ildir ki, xalqlarımız həmin fundamental əsaslar üzərində mükəmməl bir qardaşlıq, dostluq, tərəfdaşlıq və müttəfiqlik dastanı yaradıblar. Biz məmnunuq ki, həmin dastanın ilk boyu Naxçıvanda yarandı, qəhrəmanlar 16 ildə bütün türk dünyasını dolaşaraq qədim Qəbələ torpağına toplaşdılar.
Tanrı Türkü qorusun! Biz məmnunuq ki, Tanrı bizə “Türk əsri”ndə yaşamaq, türkün Zəfər tarixinə, Qələbə hekayələrinə şahidlik etmək şansı vermişdir. Şansımız əbədi olsun!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist