Avropa Siyasi Birliyinin VII Zirvə toplantısı diqqətləri yalnız qitənin siyasi gündəminə deyil, həm də Cənubi Qafqazdakı tarixi dönüş nöqtəsinə yönəltdi. İllərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əldə olunan sülh razılaşması ilk dəfə beynəlxalq diplomatik məkanda açıq şəkildə qeyd olundu.
Avropa liderlərinin Prezident İlham Əliyevi sülh münasibətilə təbrik etməsi artıq həm Azərbaycanın diplomatik uğurunun, həm də yeni regional düzənə Avropanın verdiyi dəstəyin göstəricisi kimi dəyərləndirilir. Bu zirvə görüşü əslində Avropa İttifaqı çərçivəsində yaranmış yeni siyasi platformadır və məqsədi qitə üzrə həmrəyliyi möhkəmləndirməkdir. Bu platformada Azərbaycanın uğurları və sülh təşəbbüslərinin dəstəklənməsi Avropanın regional sabitliyə xüsusi önəm verdiyini göstərir.
Bu baxımdan Avropa liderlərinin İlham Əliyevi təbrik etməsi təkcə diplomatik jest deyil, həm də siyasi mesajdır. Belə ki, Avropa artıq Ermənistan-Azərbaycan münasibətlərində sülhün qorunmasına maraqlıdır. Bu mənada enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq sülhün davamlılığına bağlıdır.
Digər tərəfdən Azərbaycanın bölgədə formalaşdırdığı yeni status Avropa İttifaqı tərəfindən qəbul olunur. Çünki Azərbaycan Prezidenti son illərdə həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə ardıcıl qələbələr qazanaraq münaqişənin bitməsinə nail oldu. Avropa liderlərinin sülh münasibətilə ona ünvanladığı təbriklər də Azərbaycanın beynəlxalq arenada qəbul edilən yeni rolunu təsdiqləyir. İlham Əliyev artıq yalnız milli lider deyil, həm də regionda geosiyasi sabitliyin təminatçısı kimi tanınır.
Bu, Azərbaycan diplomatiyasının üç əsas sütununu – qətiyyətli dövlət siyasətini, qlobal əməkdaşlığı və sülh gündəliyini əks etdirir. Avropa liderlərinin təbriklərinin arxasında yalnız humanitar yanaşma deyil, həm də konkret maraqlar dayanır. Cənubi Qafqaz Avropa üçün üç strateji xətt üzrə əhəmiyyətlidir:
Birincisi, enerji təhlükəsizliyidir ki, Xəzər qazının və neftinin Avropa bazarına çıxışı Azərbaycanın sabitliyini zəruri edir.
İkincisi, Orta Dəhliz layihəsi və Zəngəzur üzərindən keçəcək yeni logistika marşrutları Avropa-Asiya ticarətinin əsas xəttinə çevrilə bilər.
Ən əsası isə Ermənistan-Azərbaycan münaqişəsinin sonlanması, regionda yeni münaqişə ocaqlarının qarşısının alınması deməkdir.
Avropa liderlərinin İlham Əliyevi təbrik etməsi, əslində, Ermənistan üçün də mühüm mesajdır. Bu, Avropanın sülhün əldə olunmasını Azərbaycanın mövqeyi əsasında qəbul etdiyini göstərir. Yəni Avropa artıq münaqişənin bitməsini reallıq kimi qəbul edir və Ermənistandan da bu reallığı dərk etməyi gözləyir. Bununla yanaşı, Avropa Ermənistanı regionda sülhün bir parçası olmağa təşviq edir. Çünki sülhdən yayınmaq, Avropa ilə inteqrasiya planlarını da riskə ata bilər.
Cənubi Qafqazın yeni mərhələsi artıq reallığa çevrilib, Azərbaycan güclənmiş dövlət statusu ilə regionun əsas söz sahibinə çevrilib. Avropa liderlərinin təbriki həm də bu gücün beynəlxalq miqyasda qəbul edilməsinin göstəricisidir. Çünki sülh təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar açır. Məhz onun sayəsində regional iqtisadi əməkdaşlıq güclənəcək, Avropa ilə Asiya arasında körpü rolunda Azərbaycanın mövqeyi daha da möhkəmlənəcək və Azərbaycan diplomatiyası beynəlxalq münasibətlər sistemində nümunəvi model kimi təqdim ediləcək.
MTM Analitik Qrupu