Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının modernləşdirilməsi və fermerlərin texnika təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən payızlıq əkin mövsümündə muxtar respublikaya 7 model üzrə 27 ədəd müasir traktor gətirilib.
Fermerlər bu texnikaları həm nağd ödəniş, həm də lizinq şərtləri ilə əldə edə bilərlər. Satış “Naxçıvan Aqroservis” ASC tərəfindən həyata keçirilir.
“Yeni texnikaların istifadəsi əkin sahələrində işlərin daha sürətli, keyfiyyətli və səmərəli həyata keçirilməsinə şərait yaradır. Bu, həm vaxta və vəsaitə qənaət deməkdir, həm də məhsuldarlığın artmasına mühüm töhfədir.”
Bu sözləri “Xalq” qəzetinə açıqlamasında “Naxçıvan Aqroservis” ASC-nin sədri Cavid Ağaməliyev bildirib. O əlavə edib ki, son iki il ərzində fermerlərə ümumilikdə 21 model üzrə 99 kənd təsərrüfatı texnikası satılıb. Bu texnikaların ümumi dəyəri təxminən 3 milyon manata bərabərdir.
Qeyd edək ki, 2023-cü ildə muxtar respublikada kənd təsərrüfatı texnikalarının lizinq mexanizmi hazırlanmış, lakin müvəkkil kredit təşkilatının müəyyən olunmaması səbəbindən tətbiq edilə bilməmişdi. Artıq bu istiqamətdə zəruri işlər görülüb və fermerlər texnikaları lizinq əsasında da əldə edə bilirlər. Gələcəkdə fermerlərin artan tələbatı nəzərə alınaraq, muxtar respublikaya daha çox sayda müasir kənd təsərrüfatı texnikasının gətirilməsi planlaşdırılır.
Səbuhi HƏSƏNOV