Bəhreyndə səfirliyin açılması Yaxın Şərq təmsilçiliyimizi tamamlayır
Ötən gün parlamentin payız sessiyasının plenar iclasında qəbul edilən “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi Bakının Körfəz siyasətində yeni mərhələdir. Bu qərar Azərbaycanın Yaxın Şərqdə mövqelərini möhkəmləndirməklə yanaşı, siyasi və iqtisadi təsir dairəsini daha da genişləndirir.
Bəhreyn kiçik əraziyə sahib olsa da, Körfəzdə geosiyasi baxımdan əhəmiyyətli ölkədir. Krallığın ərazisi 760 kvadrat kilometrdir, əhalisi 1,5 milyona yaxındır. Manama Yaxın Şərqin maliyyə mərkəzlərindən biri sayılır. Beynəlxalq Valyuta Fondu Bəhreyni İslam maliyyəsinin qlobal liderlərindən biri kimi göstərir. Krallıqda “Bahrain Bourse” adlı fond birjası fəaliyyət göstərir, ölkə 400-dən çox beynəlxalq bank və maliyyə institutuna ev sahibliyi edir.
Azərbaycan üçün bu səfirlik yeni iqtisadi əlaqə platformasıdır. Fars körfəzində enerji bazarı ilə yanaşı, maliyyə və texnologiya sektoruna çıxış imkanları formalaşır. Azərbaycan şirkətləri üçün Manama həm sərmayə, həm də birgə layihələrin maliyyələşdirilməsi baxımından əlverişli məkandır.
***
Sentyabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər nazirinin Abdullətif bin Rəşid əl-Zayani ilə görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri, regional və beynəlxalq proseslər müzakirə olunub, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında Diplomatik pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb. Bu, hökumətlərarası dialoqu intensivləşdirəcək, biznes nümayəndələrinin və turistlərin qarşılıqlı səfərlərinə təkan verəcək.
Gələcək əməkdaşlıq istiqamətləri həm iqtisadi, həm də strateji baxımdan diqqətəlayiqdir. Azərbaycan şirkətlərinin Bəhreyn maliyyə bazarlarında listinqi, birgə investisiya fondlarının təşkili və İslam maliyyəsi alətlərinin tətbiqi ikitərəfli iqtisadi münasibətləri daha çevik və rəqabətədavamlı edə bilər. Manamada səfirliyin açılması Azərbaycanın maliyyə innovasiyaları ekosisteminə birbaşa qoşulması, “fintech” layihələrində və İslam maliyyəsi sektorunda yeni tərəfdaşlıqlar qurması üçün real platforma yaradacaq. “EY” (Ernst & Young) hesabatı Bəhreyni GCC ölkələri arasında maliyyə texnologiyaları üçün ən səmərəli mərkəz kimi təqdim edir. Əmək bazarının münasib xərcləri və ofis kirayəsinin əlçatanlığı startaplar, beynəlxalq maliyyə şirkətləri üçün əlavə stimul yaradır.
Manama 200-dən çox bank və maliyyə institutuna ev sahibliyi edir, “Diplomatic Area” bölgəsi isə beynəlxalq bankların və İslam maliyyəsi institutlarının toplaşdığı strateji məkandır. Bu mühit Bəhreyni regionun əsas maliyyə qovşaqlarından birinə çevirir və Azərbaycan investorları üçün geniş imkanlar açır. Logistika sferasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə “Khalifa Bin Salman” limanı arasında yükdaşımaların təşkili, habelə Zəngəzur dəhlizi (TRIPP) üzərindən Körfəz bazarına çıxışın genişləndirilməsi prioritet hədəf kimi müəyyən olunur.
Turizm və humanitar müstəvidə Manama və Bakı arasında birbaşa aviareyslərin açılması, mədəniyyət festivallarında qarşılıqlı iştirak və dini turizmin inkişafı üçün birgə proqramların hazırlanması prioritet sayılır. İnnovasiya və təhsil sektorunda Bəhreynin “FinTech Bay” mərkəzi ilə Azərbaycan startap ekosisteminin əməkdaşlığı və birgə texnoloji forumların təşkili planlaşdırılır. Enerji diplomatiyası sahəsində isə neft və qaz ticarəti üçün yeni mexanizmlər, həmçinin “yaşıl enerji” layihələrində birgə iştirak imkanları müzakirə olunur.
Bəhreyn həm də regional təhlükəsizlik məsələlərində mühüm tərəfdaşdır. ABŞ-ın 5-ci Donanması da Manamada yerləşir, bu isə ölkəni Körfəz təhlükəsizlik arxitekturasının əsas iştirakçısına çevirir. Bakı üçün bu Azərbaycanın dəniz təhlükəsizliyi məsələlərində, xüsusilə strateji dəniz yollarının qorunması və Körfəz-Hind okeanı əlaqələrinin təhlükəsizliyində dialoq və kooperasiya imkanlarını artırır.
Azərbaycan və Bəhreyn bir neçə beynəlxalq platformada ortaq iştirak edirlər ki, bu da ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını artırır. Hər iki ölkə BMT çərçivəsində müxtəlif qlobal və regional layihələrdə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama hərəkatı (NAM) formatlarında fəal rol oynayır. Bu platformalarda Bakı və Manama birgə əməkdaşlıq mexanizmlərini müzakirə edir və icraata yönəldilmiş layihələr həyata keçirir. Beləliklə, ortaq təşkilatlar hər iki tərəf üçün strateji və praktik əməkdaşlıq imkanlarını gücləndirir, regional inteqrasiyanı və qarşılıqlı fayda təmin edən layihələrin reallaşmasını sürətləndirir.
Manamada səfirliyin açılması çoxqatlı müsbət nəticələr doğuracaq. Bu addım Azərbaycanın Yaxın Şərqdə diplomatik şəbəkəsini tamamlayır, Körfəzdə yeni nüfuz sahəsi formalaşdırır, qlobal maliyyə və ticarət sistemlərinə inteqrasiyasını dərinləşdirir.
T.ARAZOĞLU
XQ