Tehran “nüvə məngənəsi”ndə

post-img

BMT-nin İrana qarşı sanksiyaları qüvvəyə minib

Dünyanın diqqəti yenidən İranın nüvə proqramına yönəlib. Bu mövzu, əslində, uzun illərdir beynəlxalq gündəmin ayrılmaz hissəsidir və zaman-zaman qlobal təhlükəsizlik sistemini sarsıdan amillərdən birinə çevrilir. BMT Təhlükəsizlik Şurasının İrana qarşı genişmiqyaslı sanksiyaları son on ildə ilk dəfə bərpa edilib. Bu addım nüvə danışıqlarının nəticəsiz qalması və beynəlxalq tərəflərin razılığa gələ bilməməsi ilə birbaşa bağlıdır. Bu qərar, həmçinin göstərir ki, böyük güclər artıq Tehranla güzəştsiz davranmaq xəttinə üstünlük verirlər.

Sanksiyalar İranın nüvə və ballistik raket proqramını, eyni zamanda, əsas gəlir mənbəyi olan neftin ixracını məhdudlaşdırır. Enerji sektoruna tətbiq edilən məhdudiyyətlər ölkənin iqtisadi sabitliyini ciddi şəkildə sarsıda bilər. ABŞ Dövlət Departamenti bəyan edib ki, diplomatiya hələ də seçim variantı olaraq qalır, lakin Tehran gecikmədən və xoş niyyətlə danışıqlara qatılmalıdır. Bu, əslində, Vaşinqtonun hələ də dialoq qapısını tam bağlamadığını göstərsə də, təzyiqlərin gücləndiyi aşkar görünür. ABŞ Prezidenti Donald Tramp da diplomatiyanın həm İran, həm də dünya üçün ən optimal yol olduğunu vurğulayır.

İran və AB ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə yaxın idilər, lakin ABŞ müdaxilə etdi və Vaşinqtonun təzyiqi ilə Avropa ölkələri geri çəkildi. Bu, bir daha onu göstərir ki, Avropa diplomatiyası hələ də müstəqil qərar verməkdə çətinlik çəkir. Bunu İran Prezidenti Məsud Pezeşkian deyib. O bildirib ki, Nyu-Yorkda avropalılarla “snapback” (avtomatik sanksiya mexanizmi) haqqında danışanda razılığa olduqca yaxın olublar: “Lakin sonra onlar amerikalılarla danışdılar və bəhanələr axtararaq fikirlərini dəyişdilər”. Bu açıqlama İranın Qərbə olan etimadsızlığının artması anlamına gəlir.

Qeyd edək ki, Rusiya və Çin İrana qarşı sanksiyaların bərpasını altı ay təxirə salmaq üçün BMT Təhlükəsizlik Şurasına təklif vermişdi, lakin bu təşəbbüs dəstək tapmadı. Bu fakt ondan xəbər verir ki, beynəlxalq münasibətlərdə maraqlar balansı ciddi şəkildə dəyişib və Qərb koalisiyası daha güclü təsir imkanlarına malikdir. Nəticədə, beynəlxalq sanksiyalar bərpa edildi və sentyabrın 28-dən qüvvəyə mindi. Sentyabrın 26-da Rusiya və Çinin irəli sürdüyü təklif yalnız dörd ölkənin (Rusiya, Çin, Pakistan, Əlcəzair) dəstəyini qazanmış, doqquz üzv əleyhinə səs vermiş, iki ölkə isə bitərəf qalmışdı.

İrana qarşı beynəlxalq sanksiyalar bərpa edildikdən sonra rəsmi Tehran cavab addımı kimi Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərini ölkəyə buraxmamaq barədə bəyanat verib. Bu, əslində qarşıdurmanı daha da dərinləşdirən addımdır. MAQATE müfəttişlərinin ölkəyə buraxılmaması İrana qarşı siyasi təzyiqlərin artması ehtimalını gücləndirir. ABŞ və Avropa öz növbəsində, əlavə sanksiyalar və sərt diplomatik addımlar ata bilər. Ekspertlərin fikrincə, BMT sanksiyaları iqtisadiyyat, sosial sahə və geosiyasi mövqedə ciddi təsirlər göstərəcək. İranın neft və qaz ixracı məhdudlaşacaq ki, bu da ölkənin gəlirlərinə ciddi təsir göstərəcək. Sanksiyalar, həmçinin sənaye və texnologiya sahələrinə ciddi təsir edəcək. Digər tərəfdən, sosial sferada işsizlik, inflyasiya və kütləvi narazılığın artması gözlənilir.

Qeyd edək ki, rəsmi Tehran nüvə proqramını milli inkişaf və enerji təminatı baxımından strateji prioritet kimi təqdim edir. Bu mövzu daxildə milli qürur və müstəqillik ideyaları ilə bağlanır, hakimiyyət isə onu “milli iradənin sarsılmazlığı” kimi təqdim etməyə çalışır. İran hökumətinə görə, uranın zənginləşdirilməsi ölkənin enerji müstəqilliyinin təmin olunması, elmi və texnoloji potensialının gücləndirilməsi ilə bağlıdır. Tehran bildirir ki, onun nüvə fəaliyyəti tamamilə sülh məqsədli və enerji ehtiyaclarını ödəməyə yönəlib.

İrana görə, uranın zənginləşdirilməsi əsasən elektrik enerjisi istehsalını artırmaq, nüvə stansiyalarını modernləşdirmək və daxili enerji tələbatını qarşılamaq məqsədini daşıyır. Bu proses həm də ölkənin sənaye və texnoloji infrastrukturu üçün çox vacibdir. Tehran rəsmiləri vurğulayır ki, nüvə proqramı İranın müstəqil elmi və texnoloji inkişafını sürətləndirir, ölkəyə yüksək texnologiyalı sahələrdə öz gücünü nümayiş etdirməyə imkan verir. Lakin ABŞ, Avropa və regional dövlətlər İranın uranı zənginləşdirməsini nüvə silahı istehsalı potensialı ilə əlaqələndirərək narahatlıq ifadə edirlər. Bu isə beynəlxalq münasibətlərdə qarşılıqlı etimad böhranını daha da dərinləşdirir.

Xatırladaq ki, 2015-ci ildə İran ilə “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) görə, Tehran uranı yalnız 3,67 faiz səviyyəsinədək zənginləşdirə bilər. Bu, nüvə enerjisi istehsalı üçün nəzərdə tutulmuş limitdir. Uranın zənginləşdirilməsi isə onun tərkibindən uran-238 ayrılaraq mümkün qədər çox uran-235 əldə olunması deməkdir. Təbii halda uranda cəmi 0,7 faiz uran-235 mövcuddur, nüvə silahının hazırlanması isə yalnız 90 faizə qədər zənginləşdirilmiş uran-235 vasitəsilə mümkündür. Lakin Qərb mediasının məlumatına görə, İran son zamanlarda 3,67 faizlik limiti aşaraq artıq 4,5 faizlik zənginləşdirməyə başlayıb.

Musa BAĞIRLI
XQ

Siyasət