Tbilisi Lüksemburq görüşünə niyə getməyəcək?

post-img

Xarici qüvvələrin 4 oktyabrda Gürcüstanı qarışdırmaq niyyəti

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) 2025-ci il oktyabrın 20-də Lüksemburqda təşkil edəcəyi görüşə getməkdən imtina edib. Bu görüş Aİ-nin təşəbbüsü ilə keçiriləcək və Mərkəzi Asiya və Qara dəniz regionunda yerləşən ölkələrin xarici işlər nazirlərini bir araya gətirəcək.

Tədbirə Ermənistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla bir sıra ölkələrin baş diplomatları dəvət olunub. Gürcüstana isə yalnız səfir səviyyəsində iştirak üçün dəvət göndərilib. Narazılıq da bundan yaranıb. Bununla bağlı Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir ki, ölkə bu cür regional əməkdaşlıq platformalarında mühüm tərəfdaş kimi çıxış edir və belə bir tədbirə nazir səviyyəsində deyil, səfir səviyyəsində dəvət olunması həm diplomatik protokola, həm də siyasi reallıqlara ziddir. Bildirilib ki, Aİ-nin bu addımı Gürcüstanın geosiyasi və strateji mövqeyinə açıq hörmətsizlikdir.

Gürcüstan hakimiyyəti Avropa İttifaqının (Aİ) sərgilədiyi bu yanaşmanı məsuliyyətsiz və məqsədli addım kimi qiymətləndirir. Rəsmi Tbilisinin fikrincə, bu yanaşma Gürcüstanda daxili siyasi gərginliyi artırmağa və ölkənin regiondakı strateji mövqeyini, habelə demokratik inkişaf yolunu görməzdən gəlməyə yönəlib. Açıqlamada Gürcüstanın Qara dəniz regionunda böyük rol oynadığı, sabit və dinamik inkişaf edən iqtisadiyyata malik olduğu, həmçinin Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələrinin qurulmasında mühüm tranzit ölkə sayıldığı vurğulanır. Amma Brüsselin bu reallıqları nəzərə almadığı və diplomatik çərçivədən çıxaraq siyasi ritorika ilə hərəkət etdiyi bildirilir.

Tbilisi hesab edir ki, Aİ-nin bu davranışının arxasında siyasi məqsədlər dayanır. Bildirilir ki, 2025-ci il oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi Avropa qurumları ölkədə daxili gərginliyi artırmaq və müxalif qüvvələri təşviq edərək “maydan” tipli etirazlara zəmin yaratmaq niyyətindədir. Gürcüstanın Aİ-nin Lüksemburq görüşünə tamhüquqlu dövlət kimi dəvət edilməməsi də bu məqsədli strategiyanın tərkib hissəsi kimi təqdim olunur.

Baş nazir İrakli Kobaxidze bu cəhdlərin qarşısının sərt şəkildə alınacağını bəyan edib. O, ictimaiyyəti qanun pozuntularından çəkinməyə çağıraraq bildirib ki, zorakılığa əl atan hər kəs qanunun tam ciddiliyi ilə cəzalandırılacaq: “Əgər kimsə zorakılığa əl atarsa, artıq görmüsünüz ki, polisə və dövlət institutlarına qarşı zor tətbiq edənlər 2 ildən 5 ilə qədər həbs olunublar. Eyni yanaşma bundan sonra da tətbiq olunacaq. Hər kəsi ehtiyatlı və məsuliyyətli olmağa çağırıram”. O, həmçinin Paata Burçuladzenin elan etdiyi inqilab cəhdinin nəticə verməyəcəyini vurğulayıb. Əvvəlki illərdə uğursuz olmuş inqilab cəhdlərinə istinad edən Kobaxidze bu kimi planların gələcəkdə də nəticə verməyəcəyini söyləyib: “Bu il də, gələcək illərdə də bu cür planlar uğursuz olacaq. Gürcüstanda heç kimə inqilabi plan həyata keçirməyə imkan verilməyəcək”.

Bu hadisələrin fonunda, ictimai müzakirələrdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar yayılıb. Lakin hökumət bu iddiaları “cəfəngiyyat”, “yalan” və “saxtakarlıq” kimi qiymətləndirərək, parlament seçkilərinin yalnız 2028-ci ildə keçiriləcəyini qəti şəkildə bəyan edib: “Adi bir cəfəngiyyatdır, heç bir növbədənkənar seçki yoxdur. Seçkilər vaxtı çatanda keçiriləcək. 2028-ci ilə qədər gözləyin, o zaman parlament seçkiləri olacaq”.

Tbilisidə, həmçinin hesab edirlər ki, Brüssel Gürcüstan hökumətini və xarici işlər naziri Maka Boçorişvilini qeyri-legitim elan etməyə zəmin hazırlayır. Bu, Gürcüstan hökuməti tərəfindən ölkənin suverenliyinə birbaşa təzyiq kimi qiymətləndirilir.

Onu da qeyd edək ki, Gürcüstan və Aİ arasında mövcud gərginlik təkcə konkret bir tədbirdə iştirakla bağlı məsələsi deyil. Bu, daha genişmiqyaslı siyasi qarşıdurmanın tərkib hissəsidir. Aİ-nin Gürcüstandakı mövcud hakimiyyətin Qərbyönlü siyasi kursdan uzaqlaşdığına dair narahatlığı, eyni zamanda, Tbilisinin Avropa institutlarını ölkənin daxili siyasətinə müdaxilədə ittiham etməsi qarşılıqlı inamsızlığı dərinləşdirib.

Bu vəziyyət Gürcüstanın xarici siyasət prioritetlərinə də təsirsiz ötüşmür. Əgər rəsmi Tbilisi Aİ ilə əməkdaşlıqda öz maraqlarının təmin olunmadığını düşünərsə, o zaman alternativ strateji tərəfdaşlara – Türkiyə, Çin, Rusiya və digər regional güclərə yönəlmək ehtimalı güclənir. Bu isə təkcə Gürcüstanın mövqeyini deyil, bütövlükdə Qara dəniz regionu və Cənubi Qafqazda geosiyasi balansları dəyişdirə bilər.

Beləliklə, Lüksemburq görüşündə iştirak etməmək sadəcə bir diplomatik boykot deyil, Gürcüstanın Aİ-yə açıq siyasi mesajıdır. Tbilisi öz rolunun və əhəmiyyətinin tanınmasını tələb edir və bu tanınma olmadıqda, mövqeyini sərt şəkildə ifadə etməkdən çəkinmir.

Bu arada Gürcüstanda ən çox müzakirə olunan məsələ prezident Mixeil Kavelaşvilinin Nyu-Yorka səfəri olub. Yeri gəlmişkən, Kavelaşvili 2013-cü ildən sonra Gürcüstanın BMT tribunasında çıxış edən ilk dövlət başçısıdır. Onun gürcü dilində söylədiyi nitqi çoxlu şərhlərə səbəb olub. Müraciətində Kavelaşvili Gürcüstanın iqtisadi mövqeyini və onun Avropa ilə əlaqələndirici rolunu vurğulayıb. O, həmçinin Gürcüstanın milli maraqlarını nəzərə alaraq, Tbilisinin istənilən ölkə ilə dialoqa hazır olduğunu bildirib və Cənubi Qafqazda münaqişənin həlli üçün sülh təşəbbüslərini dəstəkləyib.

Diqqətçəkən digər məqam Gürcüstan Prezidentinin ABŞ lideri Donald Trampla görüşü olub. Kavelaşvilinin sözlərinə görə, o, “ikitərəfli münasibətlərə ağ səhifədən başlamağı təklif edib və Tramp bu mövzuya daha sonra qayıtmağa söz verib”.

Gürcüstan hakimiyyəti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında açıq qarşıdurma da gündəmdən düşməyib. Zelenski çıxışında bildirib ki, “Avropa artıq Gürcüstanı itirib və orada insan haqları və Avropa tipli hökumət sistemi ilə bağlı vəziyyət daha da pisləşir”. Rəsmi Tbilisi bu bəyanatı “biabırçı” adlandırıb.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət