Vətən müharibəsi tarixi zərurət, ədalətin bərpası idi

post-img

Müzəffər Ordumuz xalqın arzusunu və beynəlxalq hüququn tələbini gerçəkləşdirdi

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycanın Ordu hissələrinin əks-hücum kimi başladığı hərbi əməliyyatlar öz miqyasına, qarşısında dayanan vəzifələrin məzmununa və xarakterinə görə Vətən müharibəsi adını aldı. Bu müharibə şərti olaraq II Qarabağ müharibəsi də adlandırılır. Azərbaycan üçün Vətən müharibəsi məzmunu alan bu müharibə 2020-ci il noyabr ayının 10-a qədər, yəni 44 gün davam etdi.

Azərbaycanın ordu bölmələrinin bu əks-hücuma başlamaqda qarşısında dayanan başlıca vəzifə, sözsüz ki, Ermənistanın hərbi qüvvələrinin təxribatlarının qarşısını almaq, Azərbaycanın təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin atəşə tutulmasına son qoymaq, insanların təhlükəsizliyini təmin etmək idi. Bu əks-hücumların Vətən müharibəsinə çevrilməsi ilə Azərbaycan dövləti və ordusu daha geniş və strateji vəzifələri hərbi hədəf kimi qəbul etdi.

Müharibənin gedişində Azərbaycanın hərbi-strateji vəzifələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müraciət, çıxış və müsahibələrində öz əksini tapmışdı. Bunlar aşağıdakılar idi:

– Ermənistan ordusunun bütün qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq;

– Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq;

– Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərini və ərazi bütövlüyünü təmin etmək;

– Azərbaycan–Ermənistan, Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hərbi yolla həyata keçməsini təmin etmək;

– Ermənistan qoşunlarının qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxmasına nail olmaq;

– Tarixi ədaləti bərpa etmək və Qarabağın dağlıq hissəsinin Azərbaycana məxsusluğunu təmin etmək;

– Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsinin tam həllinə nail olmaq.

Azərbaycan tərəfinin qarşısında dayanan bu hərbi-strateji vəzifələr Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hazırlamış olduğu baza prinsiplərinə də uyğunluq təşkil edirdi. Yəni, əslində, Azərbaycan tərəfindən Vətən müharibəsi beynəlxalq hüquq normaları çərçivəsində aparılırdı. Ona görə, Azərbaycan Respublikasının Prezidenti bu müharibənin başlaması ilə bağlı verdiyi ilk bəyanatlarında bildirdi ki, Ermənistan tərəfi baza prinsipləri üzrə Qarabağ münaqişəsinin nizamlanmasına konkret və səmərəli yanaşarsa döyüş əməliyyatlarına da son vermək olar.

Ermənistan Respublikasının bu müharibədə qarşısına qoyduğu əsas hərbi strateji vəzifə isə Azərbaycan ərazilərinin işğal altında qalmasına, Azərbaycanın ordu qüvvələrinin əks-hücumlarının qarşısının alınmasına, hərbi üstünlüyün qorunub saxlanmasına hesablanmışdı. Ona görə də Ermənistan Respublikası hərbi təxribatlarla başlanan və sonradan da geniş miqyas alan əməliyyatların dayandırılmasına razı olmadı. Nəticədə, bütün dünyanın da diqqətini özünə cəlb etmiş şanlı müharibəyə start verildi.

Təxminən, 30 il mövcud olmuş işğalın davam etdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yol verməmək üçün Ermənistan tərəfi öz hərbi potensialını möhkəmləndirməyi daim diqqət altında saxlayırdı. Bu məqsədlə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində öz hərbi bazasını xeyli möhkəmləndirmişdi:

Qarabağın dağlıq ərazisində böyük bir hərbi qruplaşma formalaşdırılmışdı. Bu hərbi qruplaşma qondarma Dağlıq Qarabağ ordusu adlandırılsa da, onun şəxsi heyətinin əsasını Ermənistan ordusunun şəxsi heyəti təşkil edirdi. Bəzi məlumatlara görə, Qarabağdakı ordunun 70-80 faizi Ermənistan vətəndaşları idi. İşğal bölgəsində böyük hərbi texnika cəmləşdirilmişdi. Ərazidə 177-dən 371-ə qədər tank olması ehtimal olunurdu. Zirehli transportyor və piyadaların döyüş maşını 278-396 ədəd güman edilirdi. 322-yə qədər isə top və minaatan var idi ki, onlardan da 44 ədədi “Qrad” tipli yaylım atəş sistemləri idi.

İşğal edilmiş ərazilərdə Azərbaycan Ordusu ilə təmas xəttində Ermənistan tərəfindən güclü eşelonlaşdırılmış müdafiə sistemi yaradılmışdı. Bu sistem təmas xəttinin bütün perimetri boyunca uzanırdı. Həmin mühəndis-istehkam sistemi Ermənistanın Azərbaycan Ordusuna qarşı dirəniş strategiyasının əsasını təşkil edirdi və işğalın qorunub saxlanması üçün bu mühəndis-istehkam sisteminə böyük ümidlər bağlanılırdı.

Mühəndis-istehkam sistemi qalın dəmir-beton örtüklərdən və yeraltı tikililərdən ibarət idi. Aparılan araşdırmalar göstərir ki, bir çox yerlərdə mühəndis-istehkam xətlərinin sayı 10-a çatırdı. Təmas xətinə yaxın olan bütün hərbi texnika və artilleriya bu istehkam qurğuları içərisində gizlədilmiş və bununla onların havadan mühafizəsi təmin edilmişdi.

Şəxsi heyətin qorunması da bu mühəndis qurğuları ilə təmin edilirdi. Hər bir hərbi qulluqçu zərurət yarananda istehkam qurğularından kənara çıxmaqla malik olduğu silahı işlədir və sonra da geri qayıdaraq həmin örtülü səngərlərdə gizlənirdi. Bununla onlar qarşı tərəfin müşahidəsindən də gizlənə bilirdilər. Nəzərdə tutulmuşdu ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycan Ordusunun bölmələri bir mühafizə xəttini aşa bilsəydilər, növbəti mühafizə xətti tərəfindən dayandırıla bilərdi.

Eşelonlaşdırılmış müdafiə xətlərində şəxsi heyətin uzunmüddətli mövcudluğunu təmin etmək və müstəqil fəaliyyət göstərmək üçün lazım olan yaşayış şəraiti də yaradılmışdı. Ön xətdə yerləşdirilmiş olan müdafiə xəttində əsasən, yüngül silahlarla silahlandırılmış piyadalar yerləşdirilmişdi. Müdafiənin dərinliklərində olan müdafiə xətlərində isə ağır silahlar, minaatanlar, toplar, raket qurğuları, silah və hərbi texnika cəmləşdirilmişdi.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan eşelonlaşdırılmış müdafiə xətlərinin mürəkkəb coğrafi şəraitdə yerləşməsi isə onların müqavimət gücünü daha da artırırdı. Təmas xətti böyunca və işğal olunmuş ərazilərin dərinliklərindəki bütün hakim yüksəkliklər erməni hərbi qüvvələrinin əlində idi. Buna görə, Ermənistanın siyasi və hərbi rəhbərliyində, habelə onun havadarlarında belə bir inam var idi ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad etmək cəhdi heç bir şansa malik deyil. Əslində, bu məqam elə Ermənistan rəhbərliyinin münaqişənin dinc yolla həlli üçün aparılan danışıqlarda barışmaz mövqe tutmasını da şərtləndirirdi.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin aprel ayında baş verən qısamüddətli döyüşlər zamanı da Ermənistan oxşar strategiyanı əsas tutmuşdu. O zaman bu strategiya Ermənistan üçün müəyyən nəticələr verdi və ona görə də çox da böyük əraziləri əldən vermədən döyüşlərin dayandırılması mümkün oldu. Aprel döyüşünün gedişini təhlil edən xarici mütəxəssislər də yaxın gələcəkdə Qərbin və Rusiyanın da Azərbaycan qarşısında Ermənistanın dərin hərbi məğlubiyyətinə razı olmayacaqlarını bildirirdilər.

Yüksək hərbi-texniki təchizatla eşelonlaşdırılmış müdafiə xətlərinin qurulması Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün malik olduğu dirəniş strategiyasının bir istiqaməti idi. Bu startegiyanın digər istiqamətini isə hərbi-siyasi əməkdaşlıq və həmrəylik təşkil edirdi. Ermənistanın siyasi və hərbi rəhbərliyi şübhə etmirdi ki, Azərbaycan işğal altında olan ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlasa, Rusiya həm ikitərəfli anlaşmalar əsasında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlükdən irəli gələn öhdəlik çərçivəsində əməliyyatların gedişinə müdaxilə edəcək və bununla da Azərbaycanın bu zaman öz hərbi məqsədlərinə nail olmasının qarşısı alınacaqdır.

Ermənistanın hərbi və siyasi rəhbərliyi belə bir ehtimala arxayın idi ki, Azərbaycan üstünlük əldə etmək üçün blis-kriq, yəni qısa zaman ərzində sürətli hücum taktikasını seçəcəkdir. Əslində, işğal olunmuş ərazilərin qorunması da bu yanaşma üzərində qurulmuşdu. Bir əminlik var idi ki, eşelonlaşdırılmış müdafiə xətlərinin vasitəsi ilə Azərbaycanın sürətli hücumu bir neçə gün ləngidiləcək və bu müddət ərzində Rusiya, habelə işğal olunmuş ərazilərdən status-kvoniun dəyişməsini istəməyən xarici dövlətlər və beynəlxalq qüvvələr hadisələrə müdaxilə etməklə Azərbaycanın hücumunu dayandıracaqlar. Bununla da Ermənistan az itki verməklə öz mövqeyini və maraqlarını qoruyub saxlaya biləcəkdi.

Belə bir strategiyanın işə düşməsi üçün Ermənistanın baş naziri Vətən müharibəsinin gedişində, az qala,hər gün Rusiya Prezidenti ilə əlaqə saxlamağa və Rusiyanın Azərbaycanla aparılan müharibəyə müdaxilə etməsinə nail olmağa çalışdı. Ermənistan rəhbərliyi, eyni zamanda, böyük havadarlarının köməyini almaq üçün çoxsaylı cəhdlər göstərdi. Doğrudur, dünyanın bir sıra dövlətlərinin və beynəlxalq təşkilatlarının rəhbərləri Ermənistanın işğalçılıq siyasətinin süqutuna yol verməmək üçün müxtəlif təzyiq vasitələrinə əl atdılar. Hətta iki dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhd göstərildi. Lakin Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi nəticəsində bu cəhdlərin heç biri Ermənistan rəhbərliyinin ümidində olduğu nəticəni vermədi.

Cəmi ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. 30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı. Xalqımızın yenilməz iradəsini ifadə edən Azərbaycan dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı.

Azərbaycan xalqı sübut etdi ki, haqsızlığa dayaqlanan şər və təcavüzlə onun iradəsini qırmaq, Azərbaycan xalqı ilə zor və təzyiqlə danışmaq, Azərbaycan xalqının səbri və dözümü ilə siyasi alver etmək olmaz. Kimsənin torpağına göz dikməyən Azərbaycan dövləti torpaqlarının da yad tapdağı altında qalması ilə barışmadı və bu torpaqlarda əbədilik kök salacaqlarına şübhə etməyən erməniliyə layiq olduğu yerini göstərdi, müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Bütünlükdə 44 günlük müharibənin gedişi göstərdi ki, bu hərbi kampaniyanın aparılması üçün Azərbaycan daha doğru və səmərəli strategiya seçə bilmişdi. Azərbaycanın dövlət rəhbərliyi tərəfindən ordunun möhkəmləndirilməsi, müasir təchizatının təkmilləşdirilməsi xəttinin davam etdirilməsi ilə bərabər, fəaliyyət təcrübəsinin və imkanlarının taktikası da dərindən öyrənilirdi. 2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində, 2020-ci ilin iylunda Ermənistanla sərhəd xəttinin Tovuz istiqamətində baş verən döyüşün gedişi və nəticələri təhlil edilməklə müvafiq qənaətlər müəyyənləşdirilmişdi.

44 günlük müharibə üçün Azərbaycanın dövlət rəhbərliyinin izlədiyi strategiyanın bir sıra xarakterik cəhətləri var idi. Hər şeydən əvvəl bu strategiya beynəlxalq hüquqa, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi qərarlara, Azərbaycanın Konstitusiyasına, bir sözlə haqqa və ədalətə əsaslanırdı. Azərbaycan Ordusu Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü təmin etmək üçün hərbi tapşırığın icrasına cəlb edilmişdi. Mahiyyəti etibarilə Azərbaycanın strategiyası müdafiə strategiyası idi.

Azərbaycan dövlətinin qarşıya qoyduğu hərbi-strateji hədəf dəqiqliklə müəyyənləşdirilmişdi, real olmaqla ölkənin hərbi imkanlarına və potensialına uyğun olaraq qəbul edilmişdi. Bu strategiyanın doğruluğu və gücü onda idi ki, bütün xalq onun həyata keçməsi üçün dövlət rəhbərliyi ətrafında səfərbər olmuşdu. Azərbaycan xalqı erməni hərbi təxribatlarına cavab verilməsi, işğal altında olan torpaqlara azadlıq nəfəsi gətirilməsi üçün Azərbaycanın dövlət rəhbərliyinin əks-hücum əməliyyatlarına start verməsini hədsiz məmnunluqla qarşıladı.

Bu Vətən müharibəsində, bütünlüklə, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi. Bu müharibənin gedişində Azərbaycan xalqı düşmən qarşısında vahid xalq olmağın, güclü bir yumruğa çevrilməyin yeni bir nümunəsini yaratdı. Vətən müharibəsinin başlaması ilə Azərbaycanın yaşayış məntəqələrinin, xüsusilə döyüş bölgəsinə yaxın olan yaşayış məntəqələrinin hər bir evi bir səngərə çevrildi, erməni faşizminin dinc əhaliyə qarşı apardığı vəhşiliyin qarşısında təpərli bir müqavimət ocağı oldu.

Kimsə erməni vəhşiliyinə boyun əyib ev-eşiyini tərk etmədi, yersiz təşvişə və həyəcanlara yer vermədi. Əksinə, xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Erməni vəhşiliyinin qurbanı olan günahsız insanların faciəsi isə bütün xalqın faciəsinə çevrildi. Bu birlik, ümumi əzmkarlıq, cəbhəyə bağlı olan həmrəylik isə Azərbaycan Ordusuna güc-qüvvət verdi, tarixi qələbəyə aparan yola işıq tutdu.

Vətən müharibəsinin gedişinin tarixi dərslərindən biri də Azərbaycanda yaşayan müxtəlif xalqların dövlət ətrafında sıx birləşməsi, Vətənin müdafiəsi işinə qalxması oldu. Azərbaycanın ayrılmaz hissəsi olan müxtəlif xalqların və konfessiyaların nümayəndələri dövlət rəhbərliyi ətrafında birləşərək cəmiyyətin vahid yumruğuna çevrildilər, silaha sarılaraq erməni işğalına qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Bu mənada Vətən müharibəsi bütün cəmiyyət kimi Azərbaycan ərazisində yaşayan xalqların da vətəndaşlıq sınağına çevrildi və bu xalqların nümayəndələri də yaydıqları bəyanatlarda başlanmış haqq mübarizəsində Azərbaycan dövlətinin yanında olduğunu birmənalı şəkildə açıqladılar. Azərbaycanda yaşayan etnik icma rəhbərlərinin və təmsilçilərinin bəyanat və müraciətləri bütün ölkə üçün məsuliyyətli günlərdə xalq-dövlət birliyinin möhkəmliyinin daha bir göstəricisi oldu. Bütün bu bəyanat və müraciətlərdə Azərbaycan xalqının, dövlətinin və ordusunun erməni işğalına qarşı apardığı mübarizədə birmənalı dəstək ifadə olundu.

Vətən müharibəsi dövründə bütün cəmiyyət daxilində olduğu kimi, Azərbaycanın siyasi mühitində də bir siyasi yekdillik yarandı. Erməni işğalına son qoyulması və Azərbaycanın ərazi bütövlüyü məsələsi respublikada rəsmi qeydiyyatdan keçmiş siyasi partiyaların da diqqət mərkəzində dayanan ümummilli məsələyə çevrildi.

Vətən müharibəsinin başlanması ilə bütün cəmiyyət kimi siyasi partiyalar da müqəddəs mübarizə üçün səfərbər olduqlarını bəyan etdilər. Bununla bağlı respublikada rəsmi qeydiyyatdan keçmiş 52 partiyadan 50-si 2020-ci il sentyabrın 27-də birgə bəyanat imzaladılar. Belə bir bəyanatın imzalanması respublika daxilində siyasi sabitliyin mövcudluğunu, ümummilli məsələlər ətrafında siyasi maraqların kənara qoyularaq ümumdövlət məsələləri ətrafında birləşmək istəyini ortaya qoydu. Yəni Vətən müharibəsinin başlanması ilə siyasi-ideoloji düşüncələrindən asılı olmayaraq bütün cəmiyyət birləşdi və öz gücünü Ermənistan silahlı qüvvələri ilə mübarizəyə səfərbər etdi.

Vətən müharibəsinin tarixinin öyrənilməsi göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində və Azərbaycan torpaqlarının işğalına son qoyulmasında Azərbaycan Ordusu misilsiz fədakarlıq nümayiş etdirdi. Mübarizlik, qətiyyət, şücaət, xalq və dövlət maraqlarına sonsuz bağlılıq, düşmənə hədsiz nifrət hər bir əsgərin, zabitin və generalın şəxsində düşmənə doğru istiqamətlənmiş ağır bir yumruğa çevrildi. Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində bütün dünyanı heyrətə salacaq bir məharət göstərməklə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazdı.

Azərbaycanın dövlət müstəqilliyinə sonsuz bağlılıq, günün tələblərini qarşılamağa imkan verən yüksək maddi-texniki təchizat, ən mürəkkəb hərbi tapşırıqların icrasını şərləndirən pəşəkarlıq Vətən mühribəsi ərəfəsində Azərbaycan Ordusunun mənzərəsini müəyyənləşdirən başlıca cəhətlər idi. Belə bir ordunu təmsil edən Azərbaycan hərbçilərinin malik olduqları peşəkarlığı qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirmək, zaman və məkan amillərindən səmərəli istifadə etmək, müəyyən edilmiş tapşırıqlar əsasında əsas zərbə istiqamətini vaxtında və düzgün istiqamətləndirmək, sonra da həmin istiqamətdə zərbə üstünlüyü yaratmaq, məqsədyönlü təmkin, qətiyyət və mübarizlik bütünlükdə müharibənin getdiyi dövrdə təşəbbüs dinamikasını əldə saxlamağa yol açdı.

Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir məharət göstərdi ki, dünyanın ən böyük dövlətlərinin, ən güclü ordularının nümayəndələri belə bu məharətdən irəli gələn təcrübənin öyrənilməsini gələcək müharibələrin aparılması üçün zəruri sayırdılar. Bununla Azərbaycan Ordusu, əslində, müasir dünya döyüş taktikasını müəyyənləşdirən bir ordu olduğunu ortaya qoydu.

Başlıcası isə Azərbaycan Ordusu bu Vətən müharibəsində qabarıq şəkildə göstərdi ki, dövlət rəhbərliyinin və təmsilçisi olduğu xalqın ona bağlanılan ümid və inamı heç də əbəs deyildir. Azərbaycan Ordusu ölkənin müstəqilliyini etibarlı şəkildə müdafiə etməyə qadir olan bir ordudur və Azərbaycanın müstəqilliyinə qəsd etmək fikrinə düşən hər bir qüvvə də bilməlidir ki, öz qarşısında Azərbaycan Ordusunu görəcəkdir.

Vətən müharibəsinin təcrübəsi bir daha göstərdi ki, güclü ordunun mövcudluğu, xalq həmrəyliyi, habelə dövlətin siyasi və iqtisadi gücü, cəmiyyətin mübariz mənəvi əhval-ruhiyyəsi, ön və arxa cəbhənin vəhdəti, informasiya və diplomatiya çevikliyi və s. amillər müharibənin uğurla aparılması üçün mühüm amillərdir. Lakin bu amillərin hər birinin ayrı-ayrılıqda mövcudluğu müharibənin uğurla aparılması üçün heç də yetərli deyil.

Həmin amillər yalnız dövlətin təşkilati fəaliyyəti ilə məqsədyönlü siyasət çərçivəsində planlaşdırıldıqda, formalaşdırıldıqda, qarşıya qoyulan hədəf müstəvisində düzgün uzlaşdırıldıqda və məntiqli şəkildə səfərbərliyə alınaraq cəbhəyə istiqamətləndirildikdə özünün əməli nəticəsini verə bilər. Bu mənada cəmiyyət daxilində özünü göstərə biləcək ictimai-kütləvi proseslərin heç biri ordu quruculuğu və müharibə kimi mərkəzləşdirirlmiş rəhbərliyi və vahid komandanlığı tələb etmir. Çünki sərt intizamı, icraçılığı və nəzarəti tələb edən hərb işinin mahiyyəti ölkənin, dövlətin bütün potensialının bir mərkəzdə toplanmasını, bu potensialın vahid mərkəz tərəfindən idarə olunmasını və istiqamətləndirilməsini tələb edir.

Bütün bunlar isə hərb işində, o cümlədən müharibələrin aparılmasında ali baş komandanların rolunu birmənalı şəkildə ön plana çıxarır. Ali baş komandan xüsusilə müharibə dövründə xalqın bütün gücünün hərb və müdafiə işinə səfərbər edilməsini təmin edə biləcək bir strateji vəzifə sahibidir və ona görə də bu vəzifə sahibinin öz fəaliyyətini necə qurmasının dövlət maraqlarının qorunmasında müstəsna əhəmiyyəti vardır.

Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyəti də bir daha onu göstərdi ki, ölçülüb-biçilmiş, əsaslandırılmış, bütün risqləri və təfərrüatları hesablanmış rəhbərlik və təşkilatçılıq olmadan müharibədən qalib çıxmaq mümkün deyildir. Bu mənada müharibə həm də dövlət idarəçiliyinin, ali baş komandanlığın sınağıdır və bu sınaqdan yalnız ən məsuliyyətli bir zamanda ən doğru seçim etməyi və bu seçimin ən düzgün icrasını təşkil etməyi bacaran Ali Baş Komandan uğurla çıxa bilər.

Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində etdiyi çıxışlarda bir neçə dəfə bəyan etdi ki, hansı qərarın nə zaman və necə qəbul edilməsini o çox yaxşı bilir. Çünki müharibə kimi kütləvi insan qırğınlarına apara biləcək bir seçimə əl atılması Ali Baş Komandandan böyük məsuliyyət tələb edir. Qəbul edilən qərarda azacıq tələsgənliyə yol verilməsi kütləvi insan qırğınlarından əlavə dövlətin özünün mövcudluğunu təhlükə altına ala bilər. Ali Baş Komandanın ustalığı ondadır ki, bütün bu məsələləri dəqiqliklə hesablaya və sonra da öz ordusunu, öz xalqını qələbəyə apara bilir.

İlham Əliyev bu müharibə dövründə yalnız ordunun deyil, həm də informasiya və diplomatiya sahəsində aparılan müharibənin Baş Komandanı idi. Bu müharibənin gizli qalan məqamları olsa da, bütün xalqın gözü qarşısında cərəyan edən səhnələri də mövcuddur. Haqqı ayaq altına alıb haqsızlığın müdafiəısinə qalxmış beynəlxalq mediya nəhənglərinə qarşı Prezident İlham Əliyevin təmkinli, tutarlı, əsaslandırılmış cavabları Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurları tamamladı və Azərbaycan xalqına tarixi zəfəri qazandırdı.

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universitetinin professoru, ehtiyatda olan polkovnik

Siyasət