Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindəndir. Ölkəmizdə şəhid ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətinin tərkib hissəsidir. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir.
Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır.
Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Əhalinin həssas qruplarının, şəhid ailələrinin və döyüşlərdə sağlamlığını itirmiş şəxslərin rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr icra olunur və bu istiqamətdə bütün məsələlər xüsusi diqqətdə saxlanılır. Dövlət başçısı çıxışlarında hər zaman bu insanlara qayğı göstərilməsinin vacibliyini vurğulayır.
Postmüharibə dövründə 106 min şəhid ailəsi üzvləri və müharibə veteranlarına 119 min aylıq sosial ödəniş, 25 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Statistik göstəricilər əsasında deyə bilərik ki, 11 min şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 83,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min nəfər 76 min reabilitasiya vasitəsi, o cümlədən 493 şəxs 611 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 27 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Qeyd olunan sosial dəstək paketi ümumilikdə 131 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 391 min xidmət göstərilib.
Müharibə Zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər icra olunub.
Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatı məqsədilə Dövlət Proqramı təsdiqlənib. Bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etmələrinə imkan verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar.
Ölkə başçısının təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev verilib. Müharibə əlillərini əhatə edən mühüm proqramlardan biri də avtomobillə təminatdır. Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib.
2020-2025-ci illər ərzində şəhid ailələri üzvlərindən 1200 nəfərə qədəri müalicəyə göndərilib. Eyni zamanda Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində qazilərə tibbi yardım göstərilir. Şəhid ailələrinin, müharibə əlilləri və veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir.
Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, yürütdüyü sistemli, məqsədyönlü siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli sərəncamında dəyişiklik edilib. Ölkə başçısının13 may 2025-ci il tarixli sərəncamı həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Sərəncama dəyişikliyə əsasən 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri 2030-cu ilə qədər mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər.
Mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur. Hər görüşdə şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri qalib dövlətin vətəndaşları kimi Ali Baş Komandanımızla fəxr etdiklərini deyir, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini bildirirlər. Qeyd edirlər ki, Azərbaycanın möhtəşəm Zəfərinə, Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir. Bir sözlə, dövlətimiz tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.
Mustafa KAMAL
XQ