Paşinyan və kilsə, yaxud Napoleon və VII Piy

post-img

Tarix təkrarlanacaq, yoxsa...

Paris, Notr-Dam Kilsəsi, 2 dekabr 1804-cü il. Həmin gün Napoleon Bonapart Fransa imperatoru kimi rəsmən təsdiqlənməli idi və təsdiqləndi də. Amma mərasim fərqli ab-havada keçdi. Baxmayaraq ki, Papa VII Piy özünü Napoleonun başına səltənət tacını qoymağa hazırlamışdı. Ənənə var idi. Özü də təkcə Fransada yox, bütövlükdə Qərbi Avropada.

Adətə görə, taxta çıxan hökmdarları papalar taclandırırdı. Napoleon isə həmin mərasim zamanı heç kimin gözləmədiyi addımı atdı. O, tacı VII Piyin əlindən alaraq öz başına qoydu və bu jestlə bildirdi ki, imperatorluq gücünü Tanrıdan deyil, öz iradəsindən alır. Napoleon hərəkəti ilə kilsənin yox, öz hakimiyyətinin üstünlüyünü qəbul etdiyini vurğulamış oldu. İmperatorun Papa tərəfindən ona hökmranlıq haqqı verilməsini rədd etməsi mütləq güc iddiasının və kilsədən müstəqilliyin simvolu, orta əsr Avropa ənənələrinə qarşı çıxmaq, sekulyar dövlət hakimiyyətini önə çəkmək cəhdi kimi dəyərləndirilir.

Bu kiçik tarixi arayışı təsadüfən diqqətə çatdırmadıq. Hesab edirik ki, indiki Ermənistanla XIX əsrin əvvəllərindəki Fransa arasında müəyyən oxşarlıq var. Əlbəttə, məqsədimiz baş nazir Nikol Paşinyanla Napoleon Bonapart arasında paralellər aparmaq deyil. Məqsədimiz din amilinin Ermənistandakı dövlət aparatında oynadığı rolu vurğulamaqdır. Axı böyük ölçüdə “erməni dövləti” deyilən anlayış kilsədən qaynaqlanır və bunun tarixi kökləri var. Kilsə “hay varlığı” üçün həmişə birləşdirici funksiya yerinə yetirib. Məsələn, keşişlər erməni terror təşkilatlarının fəaliyyətini nizamlayıblar, bütün məkrli planlar kilsədə hazırlanıb və sair.

Bəli, müstəqillik dövrü Ermənistanında dövlət prinsipi etibarilə olmayıb. Ölkə xarici direktivlər əsasında idarə olunub. Hansı “xaric”in olduğu hər kəsə yaxşı bəllidir. Paşinyanın hakimiyyətə yiyələnməsi ilə dəyişən “xaric” hansıdır – bunu da bilirik. Mahiyyət isə ondadır ki, Ermənistanda dövlət aparatı və dövlətçilik düşüncəsi, obrazlı desək, hələ də kilsənin arxasınca sürünür. Görünür, Nikol qolunu durumu dəyişmək üçün çırmayıb. Son vaxtlar Ermənistanda hakimiyyətin Erməni Apostol Kilsəsinə (EAK) qarşı təzyiqlərinin kəskin şəkildə artması bu qənaəti söyləməyə əsas verir. Erməni rəsmilərinin bəyanatlarının məzmunu və ardıcıllığı başladılan kampaniyanın əsl motivlərini aydınlaşdırır. Elə əks tərəfin fikirləri də yekun qənaətə gəlməyə əsas verir. Qənaət barədə sonda söz açacağıq. Hələlik bəzi məqamların üzərində dayanaq.

Erməni iqtidarının arqumentləri

Ermənistanda anti-kilsə ritorikasının əsas məzmununa diqqət yetirsək, ilk olaraq baş nazir Nikol Paşinyanın fəallığı vurğulanmalıdır. Onun üzərində dayandığı başlıca məqam budur: “Ermənistan Respublikası bütün ermənilərin katolikosunun seçilməsində həlledici söz sahibinə malik olmalıdır. Katolikosluğa namizədlər dürüstlük yoxlamasından keçməlidirlər.”

Ancaq Paşinyanın bu dediklərinin Ermənistan Konstitusiyası, eləcə də 2007-ci ildə qəbul edilmiş “Ermənistan Respublikası və Erməni Apostol Kilsəsi arasındakı münasibətlər haqqında” qanun, EAK-ın kanonik hüquqları və din azadlığına dair beynəlxalq standartlarla ziddiyyət təşkil etdiyi bildirilir. Məsələ ondadır ki, Ermənistanda kilsə dövlətdən ayrıdır və bütün dini təşkilatlar qanun qarşısında bərabərdir. Bu isə o deməkdir ki, dövlət dini təşkilatların daxili işlərinə – idarəetmə strukturuna, dini liderlərin seçilməsinə və ibadət qaydalarına qarışa bilməz.

Paşinyanın təklif etdiyi qaydanın tətbiqi isə EAK-ı digər dini qurumlarla hüquqi baxımdan qeyri-bərabər vəziyyətə sala bilər ki, başlıca diqqət bunun yolverilməzliyinə yönəldilir. Çünki qanuna görə, dövlətin katolikosun seçilməsinə müdaxilə hüququ yoxdur. Əksinə, qanun kilsənin müstəqilliyini vurğulayır. Bu səbəbdən dövlətin dini rəhbər seçkilərində iştirak hüququ kilsənin hüquqi müstəqilliyini pozur.

Digər tərəfdən, Paşinyanın təşəbbüsü Ermənistanın beynəlxalq öhdəliklərini də pozur. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dəfələrlə qeyd edib ki, dövlət dini liderlərin seçiminə qarışa bilməz, hətta dolayı təzyiq və ya “uyğunluq” yoxlaması belə dini azadlığın pozulması deməkdir (Avropa Konvensiyasının 9-cu maddəsi). O zaman sual yaranır ki...

Nikol nə istəyir?

Çində tətbiq olunan və xristian kilsələrinə yönəlmiş model burada da fəaliyyətdədir. Ölkədə dövlətə sadiq rəsmi dini strukturlar yaradılır və onlara tabe olmayanlar qeyri-leqal elan olunur. Məsələn, Katoliklərin Vətənpərvər Assosiasiyası var. Təşkilatda işi dövlətin təsdiqlədiyi keşişlər aparırlar. Onlar dövlətin iştirakı ilə seçilir və fəaliyyətləri tam nəzarətdədir. Paşinyanın dedikləri müəyyən mənada Çin modelinə bənzəyir. Yəni dövlət katolikosun seçilməsi və din xadimlərinin fəaliyyət prosesinə nəzarəti prioritet sayır. Başqa sözlə, dövlət tərəfindən təsdiqlənmiş kilsə iyerarxiyası formalaşdırılır, hökumətlə razılaşmayan keşişlər kənarlaşdırılır və nüfuzdan salınır.

Bir sıra ekspertlərin fikrincə, əgər Nikol planını həyata keçirsə, EAK faktiki olaraq iki yerə bölünəcək:

1. Rəsmi kilsə – siyasi rejimə inteqrasiya olunmuş struktur

2. “Alternativ” kilsə – rejimə sadiq olmayan ruhani və inanclı toplum

Baş nazirin mövqeyini heç bir tərəddüd etmədən dəstəkləyənlərdən biri Ermənistan parlamentinin sədri Alen Simonyandır. “Baş nazirin dediyi hər şeylə, hətta vergüllərlə də razıyam və buna görə cavabdehəm”, – deyən spiker məsələ ilə bağlı konstitusiyaya dəyişiklik ehtimalını da istisna etməyib. O bildirib ki, bəzi dini qurumlara xüsusi status verilirsə, prosesdə dövlətin müəyyən iştirakı olmalıdır. Simonyanın fikri erməni parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovanisyanın səsləndirdiyi təşəbbüsə – EAK-ın maliyyə hesabatlılığının təmin olunmasına işarədir.

Ermənistanın ədliyyə naziri Srbuhi Qaloyan isə jurnalistlərlə söhbətində prosesin hüquqi əsaslandırmasını təqdim edib. O deyib: “Konstitusiya EAK-ın erməni xalqının həyatında xüsusi rolunu tanıyır. Bu norma kilsə ilə münasibətlərin hüquqi tənzimlənməsinə imkan verir. Kilsəyə və ruhani şəxslərə müəyyən güzəştlər verilir. Deməli, dövlət bu münasibətləri qanunvericiliklə tənzimləyə bilər”. O əlavə edib ki, “kilsə onsuz da siyasətə qarışır. Əgər siyasətçilərdən şəffaflıq tələb olunursa, eyni yanaşma keşişlərə də tətbiq oluna bilər”.

Ermənistanda bu mövzuya dair aparılan müzakirələr belə bir təəssürat yaradır: Əgər EAK digər dini təşkilatlar kimi adi bir qurumdursa, bu məsələlər gündəmdən çıxarılmalıdır. Yox, əgər EAK-ın xüsusi rolu qəbul edilirsə, xalqın da kilsənin idarəçiliyində müəyyən rolu olmalıdır. Yəni kilsə ya tam müstəqil qalmalıdır, ya da dövlətdən dəstək alırsa, o zaman nəzarətə açıq olmalıdır. Ermənistan cəmiyyətində artıq belə bir deyim var: Nikol öz katolikosunun olmasını istəyir.

Ermənistan parlamentində hakim partiya təkbaşına qanun qəbul edə bildiyindən, təşəbbüs reallaşa bilər. Amma bir “əmma” var: dəyişikliklər Ermənistanın həm daxili, həm də beynəlxalq hüquqi öhdəliklərinə zidd olmamalıdır. Məsələn, maliyyə hesabatlılığı yalnız dövlətin ayırdığı vəsaitə aid olmalıdır – daxili ianələrə və kilsə kassasına yox.

Paşinyanın minimum planı EAK-ın siyasətə qarışdığı arqumenti ilə onun fəaliyyətinə dövlət nəzarəti həyata keçirməkdən ibarətdir.

Maksimum plan isə EAK-ı ictimai fikirdə elə nüfuzdan salmaqdır ki, konstitusiyadan onun xüsusi rolu çıxarılsın. Gürcüstan, Ukrayna və Rumıniya kimi ölkələrdə bu model sınaqdan keçib. Nəzərə alaq ki, EAK istər daxildə, istərsə də diasporda geniş şəbəkəyə malikdir. Paşinyan və komandası bu nüfuzdan məhrumdur, ona görə də kilsəni siyasi təhlükə kimi görür. Bu təhlükə xüsusilə aktualdır, çünki Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. İndiki durumda iqtidara müxalif ən böyük qüvvə isə kilsədir. Deməli, ona “əl gəzdirmək” lazımdır. Hesab edirik ki, Nikolun əsl məqsədi də elə budur.

Paşinyanın Napoleon aqibəti

Sonda yenidən Napoleonun Papa VII Piyin tacqoymasından imtinası üzərinə qayıdaq. Tarixdən məlumdur ki, birincinin taxtdan salınmasında Papalıq institutunun da rolu olub. Belə ki, Papa VII Piyin anti-Napoleon duruşu Avropa monarxiyalarının və katolik əhalisinin gözündə imperatorun legitimliyinə zərbə vurdu. Nəticədə mühafizəkar və kilsəyə sadiq dövlətlərdə (məsələn, Avstriya, Prussiya) Napoleona qarşı siyasi və hərbi ittifaqlar formalaşdı. 1814-cü ildə Parisin işğalı və Napoleonun Elba adasına sürgün olunması həmin koalisiyanın uğuru idi.

Halbuki 1801-ci ildə Papa ilə konkordat adlı razılaşma imzalanmış, Fransada katolik kilsəsinin hüquqları müəyyən qədər bərpa olunmuşdu. Amma Napoleon 1809-cu ildə Papalığın idarəsində olan Roma bölgəsini işğal etmiş, Papalığı ləğv etmiş, duruma etiraz edən VII Piy isə onu kilsədən kənarlaşdırdığını (excommunication) elan etmişdi. Napoleon isə cavab tədbiri kimi baş keşişi həbsə atmışdı.

Bir sözlə, əlavə şərhə yol vermədən deyək: Paşinyan anti-kilsə ritorikasında ehtiyatlı olmalıdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət