İyunun 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın ölkəmizdə yeni təyin olunmuş səfiri Pavel Radomski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan-Polşa siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşıması üçün möhkəm zəmin yaratdığı bildirilib.
Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.
İqtisadi, o cümlədən ənənəvi və yaşıl enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımız üçün mövcud potensial və imkanlardan maksimum faydalanmaq üçün birgə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət, idman və gənclər ölçüləri üzrə əməkdaşlığın inkişafı və mübadilələrin gücləndirilməsi imkanları barədə danışılıb.
Nazir Ceyhun Bayramov görüş zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də postmünaqişə dövrünün reallıq və inkişafları barədə qarşı tərəfə ətraflı məlumat verib. Cari ilin martında Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların yekunlaşdığı, sazişin imzalanmasına maneə törədən amillər, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddialar və Minsk Qrupu kimi aktuallığını və funksionallığını itirmiş mexanizmlərin ləğvi məsələsindən bəhs olunub.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq inkişaf və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.