Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 12-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab olaraq bildirib: “Kəndə hücum olmayıb. Kəndə atəş açmamışıq”.
Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi müsahibəsindən bəzi hissələr də tədqiq edilib. O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” – deyir. L.Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.
Bu zaman dövlət ittihamçısı xatırladıb ki, L.Mnatsakanyan məhkəmədəki sərbəst ifadəsində Aprel döyüşləri zamanı fikir bildirmədiyini deyib: “Lakin videodan görünür ki, mətbuatda da fikirlər bildirmisiniz”. Prokurorun “Müsahibədə barəsində danışdığınız qarşı tərəf kimdir və sizin hansı hücumunuzdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.
Məhkəmədə L.Mnatsakanyanın verdiyi daha bir müsahibə nümayiş etdirilib. Video-
görüntülərdə o, Cıdır düzündə jurnalistin suallarını cavablandırır. L.Mnatsakanyan müsahibədə 2015-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş döyüşlər və 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə deyir: “Təkmilləşdirmək o deməkdir ki, əlimizdə olan imkanları daha da gücləndirməliyik. Əlimizdəki atəş vasitələrinin və sistemlərinin imkanlarını genişləndirməliyik. Bu istiqamətdə bizdə müvafiq işlər aparılır. Xüsusilə müşahidə cihazları sahəsində genişləndirmə işləri aparırıq. Həm atəş, həm də məhvetmə sistemləri üzrə irəliləyişlər əldə olunub. Bəzi məhdud şəraitlərdə müəyyən çatışmazlıqlarımız olub, amma indi - istər səhər, istər gündüz - biz səmərəli şəkildə atəş aça bilirik”.
Fasilədən sonra məhkəmədə internet resurslarından götürülmüş növbəti video-material nümayiş etdirilib və tədqiq olunub. Media materialında qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan və keçmiş “müdafiə naziri” Samvel Babayan bir-birilərini ittiham edirlər. Videomaterialda L.Mnatsakanyan S.Babayanı 1994-cü ildə “Azərbaycan tərəfinə 21 kilometr ərazi verməkdə” günahlandırır. Məlum olur ki, S.Babayan əvvəlki müsahibələrindən birində Aprel döyüşləri zamanı erməni tərəfinin ciddi səhvlərə yol verdiyini bildirib.
Tədqiq edilən növbəti videomaterialda Ermənistanın sabiq baş naziri Karen Karapetyanın və qondarma rejimin “baş naziri” Arayik Harutyunyanın Azərbaycanın vaxtilə işğalda olan ərazilərində hərbçilərlə görüşdüyü görünür. L.Mnatsakanyan video-materialla əlaqədar bildirib ki, vaxtilə Ermənistandan bir çox rəsmi şəxslər, habelə müdafiə və xarici işlər nazirləri də həmin ərazilərə səfərlər ediblər.
Nümayiş etdirilən növbəti videomaterialda Ermənistanın sabiq müdafiə naziri Davit Tonoyanın qondarma rejimin “hərbi qurum”undakı vəziyyətlə tanış olduğu görünür. Keçirilən müşavirədə hərbçilərdən əlavə Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan və qondarma rejimin “xarici işlər naziri” də iştirak ediblər.
Azərbaycan ərazilərinin minalanması barədə sualları cavablandırarkən deyib ki, minalar iki istiqamətdə – şimal və cənub istiqamətlərində basdırılıb. Minalar yerləşdirildikdən sonra formulyarlar yuxarı qərargaha təqdim edilib: “Formulyarın bir nüsxəsi isə hərbi hissədə qalırdı. Qalan bütün formulyarlar mühəndis qoşunları idarəsində olub”.
O, formulyarla bağlı bildirib ki, bu, mina basdırılan ərazinin böyük dəqiqliklə sxemidir, mina xəritəsində isə dəqiqlik yoxdur: “Orada rayonlar göstərilib ki, harada minalar var. Amma formulyarda minanın konkret yerini bilmək mümkündür”.
L.Mnatsakanyan Azərbaycan ərazilərində hansı minaların basdırılması barədə sualı isə belə cavablandırıb: “Başlanğıc mərhələdə Sovet İttifaqında istehsal olunmuş minalar basdırılıb. Sonrakı mərhələdə Rusiya Federasiyasından alınıb, Ermənistan vasitəsilə bizə verilib. Son dövrlərdə isə Ermənistan Respublikasında da istehsal olunurdu və bizə verilirdi. Minaların növləri piyada əleyhinə və tank əleyhinə minalar idi”.
Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.
XQ