Ermənistan konstitusiyası sülhün buxovuna çevrilib

post-img

Nikol Paşinyan hakimiyyəti sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün Bakının əsas tələblərini yerinə yetirməmək taktikasını davam etdirir. Məlumdur ki, bu tələblərdən biri Ermənistan konstitusiyasının, daha doğrusu, onun preambula hissəsinin dəyişdirilməsi, əsas qanundan ölkəmizə ərazi iddialarına rəvac verən Müstəqillik bəyannaməsinə istinadın çıxarılması, digəri isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı təşkilatın katibliyinə birgə müraciət ünvanlanması ilə bağlıdır.

Buna baxmayaraq, rəsmi İrəvan özünü sülh tərəfdarı kimi göstərərək bu istiqamətdə məqsədli şəkildə spekulyasiyaya yol verməyə davam edir. Paşinyanın komandasına daxil olan şəxslər mütəmadi olaraq, öz qeyd-şərtləri ilə olsa da, Azərbaycanla sülh sazişi imzalamağa, hətta ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etməyə hazır olduqlarını bildirirlər. Aprel ayında Ermənistan parlamentində çıxışı zamanı N.Paşinyan demişdi: “Biz eyni gündə sülh sazişinin imzalanmasını və ATƏT-in Minsk qrupunun buraxılmasını təklif edirik.”

Bu açıqlama ilk baxışdan konstruktiv mövqe kimi görünsə də, əslində, rəsmi İrəvanın ikibaşlı siyasət yürütməsinin təzahürüdür. Ermənistan baş naziri bir tərəfdən sülh mesajı verir, digər tərəfdən isə regionda gerçək sülhə xidmət edəcək addımlar atmaq istəmir. Xüsusilə, son vaxtlar şərti sərhəddə atəşkəsin pozulması bunu açıq şəkildə göstərir. Aydın olur ki, Paşinyan hökumətinin populist ritorikası daxili auditoriyaya hesablanıb və regionda sülhə, əmin-amanlığa və sabitliyə xidmət etmir. Bütün bunlar göstərir ki, Ermənistan sülh gündəliyinə sadiq qalmaq əvəzinə, beynəlxalq ictimaiyyəti aldatmağa və vaxt qazanmağa çalışır.

Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da oxşar açıqlama ilə çıxış edib. O, jurnalistlərin suallarını cavablandırarkən deyib: “Ermənistan sülh müqaviləsinin imzalandığı gün ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti də imzalamağa hazırdır.” Əlavə edib ki, sülh sazişinin mətni tamamilə razılaşdırılıb.

Bununla belə, A.Qriqoryan sülh sazişinin imzalanmasına əsas maneə olan konstitusiya dilemmasına aydınlıq gətirməyib. “Konstitusiyaya gəldikdə, siz artıq bu məsələdə Ermənistanın mövqeyini bilirsiniz” – deyən Təhlükəsizlik Şurasının katibi İrəvan üçün həssas mövzunun təfərrüatlarından danışmayaraq, tamamilə anlaşılmaz sözlər söyləyib.

***

A.Qriqoryanın səsləndirdiyi bu fikirlər Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında sülhə hazır olması görüntüsü yaratmaq cəhdidir. Lakin rəsmi İrəvanın indiyə qədərki qeyri-səmimi davranışları bu bəyanatlara olan etimadı ciddi şəkildə azaldır. Sülh müqaviləsinin mətni razılaşdırıldığı halda, İrəvanın qeyri-konstruktiv davranışı üzündən onun imzalanmasının bu qədər uzanması işğalçı keçmişə malik ölkənin hələ də başqa məqsədlər güddüyünü göstərir. ATƏT-in Minsk qrupunun buraxılması məsələsində nala-mıxa vurmaq da daha çox danışıqlar prosesini tormozlamağa xidmət edir. Ermənistan tərəfi bu tip açıqlamalarla məsuliyyət yükünü ölkəmizin üzərinə qoymağa çalışır. Halbuki reallıqda sülhə gedən yol qarşılıqlı etimaddan və konkret addımlardan keçir. Gəlişigözəl sözlər bunun üçün kifayət etmir. Rəsmi İrəvanın bu ziddiyyətli davranışları regionda uzunmüddətli sabitliyin təmin olunmasına maneə yaradır.

Ermənistan TŞ katibinin konstitusiya məsələsinə münasibətdə verdiyi qeyri-müəyyən cavab İrəvanın sülh prosesinə dair qeyri-səmimiliyini bir daha ortaya qoyur. Sülh sazişinin imzalanmasının qarşısını alan əsas hüquqi maneənin – Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə zidd müddəaların açıq şəkildə etiraf olunmaması prosesin bilərəkdən uzadıldığını göstərir. Qriqoryanın “siz artıq bu məsələdə Ermənistanın mövqeyini bilirsiniz” kimi diplomatik ifadələri İrəvanın real niyyətlərini gizlətmək cəhdidir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bu məsələ üzrə açıq və konkret mövqe ortaya qoymalıdır. Konstitusiya dilemması Ermənistanın daxili işi kimi təqdim edilsə də, bu sənəd Azərbaycanın suverenliyinə qarşı iddiaları ehtiva etdiyindən, regional sülh baxımından mühüm əhəmiyyət daşıyır. Problemin kökündə dayanan bu ziddiyyət aradan qaldırılmadıqca, sülh müqaviləsinin reallaşması mümkünsüz görünür. Beləliklə, Qriqoryanın qeyri-müəyyən bəyanatları əslində, danışıqların önündə duran əsas siyasi və hüquqi əngəlləri bir daha təsdiqləyir.

Bir daha aydın olur ki, erməni tərəfi mücərrəd bəyanatlarla konstitusiya məsələsinin həllini qeyri-müəyyən müddətə təxirə salmağa çalışır. Görünür, müəyyən müddətdən sonra onu tamamilə sülh sazişindən çıxara biləcəyinə ümid edir. Yəqin ki, Ermənistan hakimiyyəti Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərdə Bakının mövqeyinin dəyişməz olduğunu hələ də dərk edə bilməyib. Bu isə onu göstərir ki, İrəvan hələ də regional reallıqları tam qəbul etməyə hazır deyil. Halbuki sülh müqaviləsinin imzalanması üçün ilk növbədə, Bakının legitim və ədalətli tələbləri nəzərə alınmalıdır. Əks halda, Ermənistanın atdığı hər addım sülh prosesindən daha çox vaxt udmağa xidmət edəcək.

Bütövlükdə, Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliklərini sonrakı mərhələyə saxlamaq niyyəti sülh prosesinə ciddi zərbə vurur. Qarşı tərəf bu məsələni indiki mərhələdə vacib hesab etməsə də, əslində, bu, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının əsas şərtidir.

Bəli, Ermənistan konstitusiyasında hələ də Azərbaycanın suverenliyinə zidd müddəaların qalması sülhün qarşısında duran başlıca maneədir. Məsələnin 2026, yaxud 2027-ci ildə həllini tapacağını demək, sadəcə, vaxtı uzatmaq və məsuliyyəti gələcək hakimiyyətin üzərinə atmaq cəhdidir. Rəsmi İrəvan bu qərarları özü müstəqil şəkildə verə bilmir, çünki hələ də müəyyən xarici dairələrin – Qərbin müxtəlif ölkələrinin, erməni diaspor və lobbisinin təsiri altındadır. Bu siyasi girovluq Ermənistanın real və müstəqil qərar vermə qabiliyyətini şübhə altına alır. Halbuki regional sabitliyin təmin olunması üçün cəsarətli və prinsipial siyasi addımlar atılmalıdır. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, konstitusiyadakı bu ziddiyyətli müddəaların aradan qaldırılması qaçılmazdır.

Onu da qeyd etmək yerinə düşər ki, İrəvan sülh gündəliyini tormozlamaqla Ankara ilə münasibətlərin normallaşdırılmasını da təxirə salır. Bu da təbii olaraq rəsmi Ankaranın diqqətindən yayınmır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son günlər Ermənistan tərəfinə ünvanladığı mesajlar buna əyani sübutdur. “Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı prosesi diqqətlə izləyir”, – deyən qardaş ölkə lideri Ermənistan rəhbərliyinə Ankara ilə sülhün bərqərar olmasının formulunu bir daha xatırlatmışdı.

Beləliklə, aydın olur ki, İrəvanın sülh gündəliyini ləngitməsi təkcə Bakı ilə deyil, Ankara ilə münasibətlərin normallaşması perspektivinə də ciddi zərbə vurur. Ermənistan rəhbərliyi regionda sabitlik üçün əsas şərtlərdən birinin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı olduğunu aydın dərk etməlidir. Məhz bu səbəbdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son bəyanatlarında bu əlaqəni açıq şəkildə vurğuladı. Ankara bir daha göstərdi ki, Cənubi Qafqazda sülhün bərqərar olması vahid yanaşma tələb edir və bu yanaşma Bakı–İrəvan münasibətlərinin normallaşmasından keçir. Prezident Ərdoğanın “prosesi diqqətlə izləyirik” deməsi əslində, bir xəbərdarlıqdır. Yəni prosesdə qeyri-səmimilik Türkiyə–Ermənistan münasibətlərini də çıxılmaz duruma sala bilər. İrəvanın bu həssas məqamda ləngitmə siyasəti yürütməsi isə onu regionda daha da təcrid edə bilər. Çünki Bakı və Ankara üçün sülh yalnız diplomatik sənəd deyil, həm də sabitliyin və qarşılıqlı etimadın açarıdır. Odur ki, rəsmi İrəvan ya regional əməkdaşlığı seçməli, ya da təcridolunma siyasətini davam etdirməlidir.

Ramiyə MƏMMƏDOVA,
politoloq

– Paşinyan hökuməti həm daxili, həm də xarici siyasətində ciddi çağırışlarla üz-üzədir. İqtidar komandasının bir tərəfdən müxalifət, digər tərəfdən kilsə ilə problemləri böyüyüb. Rusiya ilə Ermənistanın münasibətlərinin hansı səviyyədə olduğu da göz önündədir. Bütün bunlara rəğmən, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaqdansa, müxtəlif bəhanələr uyduraraq prosesi əngəlləməyə çalışır. Konstitusiya dəyişikliyinə getmək istəmir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi məsələsində də aydın və birmənalı mövqe nümayiş etdirmir. Təsadüfi deyil ki, Paşinyan apreldə parlamentdə ATƏT-in Minsk qrupunun de-fakto daha geniş kontekstə malik olduğunu demişdi. Onun sözlərinə görə, İrəvan əmin olmaq istəyir ki, Azərbaycan ATƏT katibliyinə birgə müraciəti münaqişənin öz ərazisində bağlanması və Ermənistan ərazisinə keçirilməsi istiqamətində atılan addım kimi qiymətləndirməyəcək. Paşinyanın bu açıqlaması, əslində, Ermənistanın sülh prosesini şərtləndirməyə çalışdığını və məsələni süni şəkildə mürəkkəbləşdirdiyini göstərir. Minsk qrupunun artıq öz aktuallığını itirdiyi şəraitdə onun daha geniş kontekst daşıması barədə iddialar reallıqdan uzaq və manipulyativ xarakter daşıyır. Əgər İrəvan doğrudan da sülh istəyirsə, münaqişənin bitdiyini qəbul etməli və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən imtina etməlidir.

Səxavət HƏMİD
XQ



Siyasət