Ermənistanda hakimiyyət–kilsə mübarizəsi dramatizmi
Deyəsən, bu xəmir hələ çox su aparacaq. Söhbət Ermənistandakı dövlət-kilsə qarşıdurmasından gedir. Əslində, durumu iqtidar-ruhanilik ziddiyyətləri kimi də qiymətləndirmək mümkündür. Hər halda, mahiyyət ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan administrasiyası çoxdan sıradan çıxarmaq istədiyi II Qaregini — Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu kimi tanınan şəxsi hədəfə alıb. Bunu Nikolun sonuncu “Facebook” paylaşımı da təsdiqləyir. Baş nazir həmin paylaşımda hansı məqama diqqət çəkib — bu barədə danışacağıq. Hələlik isə...
Hazırda Ermənistanda vüsət alan iqtidar-kilsə qarşıdurması daha çox hakim komanda ilə revanşist və şovinist müxalifətçilər arasında savaş təsiri bağışlayır. İkincilər durumu Nikolun və tərəfdarlarının erməni milli identikliyini məhv etmək siyasətinin nəticəsi kimi təqdim edirlər. Məsələn, Ermənistanın sabiq xarici işlər naziri, iqtidara qarşı sərt çıxışları ilə yadda qalan Vardan Oskanyan bildirib ki, dərin milli böhran şəraitində – “Artsax”ın itirilməsi və yeni ərazi güzəştləri təhlükəsi fonunda rəsmi İrəvandan təvazökarlıq və birliyin möhkəmləndirilməsinə can atmaq gözlənilirdi. Bunun əvəzinə Paşinyan Erməni Apostol Kilsəsinə və onun ruhaniyyətinə qarşı görünməmiş və rəzil ritorika başlatdı: “Onun son sayğısız və təhqiredici bəyanatları təkcə dövlət başçısı üçün yolverilməz deyil, həm də təhlükəlidir. Çünki bu ritorika Ermənistan dövlətçiliyinin təməlini sarsıdır.”
Oskanyanın sözlərinə görə, Ermənistanda bir çox institutlar susdurulub və ya tabe etdirilib. Belə bir situasiyada kilsə mənəvi səsini ucaldır. Nəticədə dövlət ona qarşı müharibə elan edir. Onun fikrincə, bu hücumlar İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Kilsələr Şurasının beynəlxalq konfransına təsadüf edib. Həmin tədbirdə bütün ermənilərin katolikosu və Kilikya katolikosu iştirak edirdi. Forumun məqsədi Dağlıq Qarabağ ermənilərinin mənəvi və mədəni irsini qorumaq idi. Diplomata görə, kilsə beynəlxalq səviyyədə erməni kimliyini müdafiə etdiyi bir vaxtda Paşinyan ölkə daxilində ona qarşı hücuma keçir.
Qeyd edək ki, Ermənistanda bəzi siyasi ekspertlər iqtidar–kilsə qarşıdurmasını Paşinyanın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və sülh planına dəstək almaq cəhdi kimi qiymətləndirirlər. Digərləri isə durumu ölkə daxilindəki iqtisadi geriləmə, demokratiyanın zəifləməsi və artan vətəndaş narazılığından diqqəti yayındırmaq üçün atılan addım hesab edirlər. Oskanyanın isə öz arqumenti var. Onun fikrincə, Paşinyanın əsas qorxusu kilsənin sarsılmaz nüfuz, geniş ictimai dəstək və mənəvi aydınlıqla onun təcrid olunmuş hakimiyyətinə alternativ gücə çevrilməsidir — həm Ermənistanda, həm də diasporada.
Məlumdur ki, erməni kilsəsi, sadəcə, dini məbəd deyil, eyni zamanda siyasi mərkəz funksiyasını daşıyır. Tarixən də belə olub. Bu mərkəz erməni məkrinin və terrorunun ilhamvericisi kimi çıxış edib. Paşinyan isə 2018-ci ildə hakimiyyətə gəldikdən sonra sekulyar idarəçiliyə üstünlük verib. Onun fikrincə, kilsə köhnə rejimin qalığıdır. “Köhnələrin” bu gün də Paşinyanı devirmək planları var və onların sığınacaq yerlərindən biri də ruhanilikdir. Onlar xalqın gözündəki qəddar obrazlarını kilsənin müqəddəsliyi arxasında gizlədərək hakimiyyətə qayıtmaq arzusundadırlar.
Nikol bu vəziyyətdən xəbərdardır. Buna görə də kilsəni korrupsiyada və rüşvətxorluqda günahlandırır. Hərçənd, Paşinyanın bu tezislərinin erməni cəmiyyətinə təsiri böyük olmamışdır. Yəni bu arqumentlər II Qaregini “taxtdan” salmaq üçün kifayət etmir. Ona görə də hakimiyyət fərqli yol seçib və Paşinyanın son paylaşımında bunun izlərini görürük. Oskanyanın isə sadə erməniləri iqtidara qarşı qaldırmaq niyyəti aydın görünür. Vardan tək deyil: politoloq Karen İgityan da onunla eyni mövqeni bölüşür. Onun sözlərinə görə, “Ermənistanın və erməniliyin simvolları Türkiyə, Azərbaycan, indi isə Ermənistan hakimiyyəti tərəfindən ya məhv edilir, ya da hücuma məruz qalır.” O, erməni kilsəsini də həmin simvollardan biri hesab edir və Paşinyana qarşı mübarizəyə çağırır.
Daha bir sərt mövqe isə Ermənistan parlamentinin "Ermənistan" fraksiyasının bəyanatında yer alıb. Bildirilir ki, hakimiyyət kilsəyə və onun yepiskop iyerarxiyasına hücumla daxili parçalanmanı alovlandırır, erməni kimliyinin əsaslarını sarsıdır, mənəvi böhranı dərinləşdirir: “Biz administrasiyanın və rəhbərinin kilsəyə qarşı ritorikasını qətiyyətlə pisləyirik, bunu erməni xalqının ləyaqətinə və birliyinə zərbə kimi qiymətləndiririk.”
Erməni Apostol Kilsəsi də Paşinyanın hücumlarına susmaq niyyətində deyil. Bunu Ali Ruhani Şuranın Eçmiədzində çağırdığı növbədənkənar iclas və qəbul edilən sənəd təsdiqləyir. Bəyanatda Paşinyanın ifadələrinin dövlət xadimi üçün qəbuledilməz olduğu, fundamental insan hüquqlarını pozduğu, dindarların hisslərini təhqir etdiyi, kilsənin nüfuzunu sarsıtmağa yönəldiyi bildirilir. Həmçinin vurğulanır ki, bu davranış Ermənistan dövlətçiliyinə və milli birliyə təhlükə yaradır və Azərbaycanın təbliğatına xidmət edir. Eyni zamanda qeyd olunur ki, kilsə ilə bağlı məsələlərin həlli dini qanunlara və nizamnamələrə aiddir, dövlətin və siyasətçilərin səlahiyyətinə daxil deyil.
Göründüyü kimi, Erməni Apostol Kilsəsi revanşist və şovinist qüvvələrin gündəmini, o cümlədən anti-Azərbaycan ritorikasını fəal şəkildə təbliğ edir. Paşinyan isə Eçmiədzindəki toplantıdan əvvəl paylaşdığı postda bildirir ki, Ermənistanda “müqəddəs” adlanan bəzi kafirlik simvolları məsələsinin həlli zəruridir. Şübhəsiz, burada sarkazm obyekti II Qaregindir. Paşinyan əvvəllər ruhaniləri subaylıq andını pozmaqda ittiham etmiş, lakin konkret ad çəkməmişdi. İndi isə artıq hədəfi müəyyənləşdirib: “Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, deməli o, bütün ermənilərin katolikosu ola bilməz. Mən bunu hər kəsin şəxsi və ailə həyatına hörmətlə qeyd edirəm. Lakin bütün ermənilərin katolikosunun belə şəxsi həyatı ola bilməz.”
Paşinyan məsələni kifayət qədər konkret qoyur. O, durumu şəxsiləşdirməmək üçün çalışır: “Mən bu məsələni Erməni Apostol Kilsəsinin davamçısı kimi qaldırıram. Çünki mənəvi təhlükəsizlik vəziyyətini görürəm. Bunu Ermənistan Respublikasının baş naziri kimi də deyirəm. Burada dövlət təhlükəsizliyi məsələsi də var. Müqəddəs Eçmiədzin vəziyyətlə bağlı mövqeyini açıqlamalıdır.”
Baş nazir məsələ ilə bağlı cavabın tez bir zamanda verilməsini tələb edir. O fürsəti əldən vermək istəmir. Bu səbəbdən Ali Ruhani Şuranın bəyanatından dərhal sonra yenidən mövzuya qayıdır: “Müqəddəs Eçmiədzin II Qareginin subaylıq andını pozub-pozmadığını və övladının olub-olmamasını təcili aydınlaşdırmalıdır.”
Şübhəsiz ki, qarşılıqlı ittihamlar davam edəcək. Amma indidən bəzi məqamlar aydındır. Birincisi, erməni dindarlığı səmimiyyətdən uzaq və saxta mahiyyət daşıyır. Nikol əbəs yerə II Qareginin övlad məsələsini gündəmə gətirmir; o, katolikosun əxlaqsız davranışlarından məlumatlıdır. İkincisi, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Hakimiyyətə qarşı revanşist qüvvələrin konsolidasiyası müşahidə olunur. Paşinyan anti-kilsə tezisləri ilə bu konsolidasiyanın müqəddəslik aurasını dağıtmağa çalışır. Ümumilikdə isə erməni ictimai-siyasi və mənəvi səhnəsində son dərəcə miskin bir mənzərə formalaşır. Zaman keçdikcə bu mənzərənin yeni təzahürlərinə də şahidlik edəcəyik. Əvvəldə dediyimiz kimi: bu xəmir hələ çox su aparacaq.
Ə.CAHANGİROĞLU
XQ