Birgə tarix, mədəniyyət və dəyərlər

post-img

Prezident İlham Əliyevin siyasi təcrübəsi kontekstində

I MƏQALƏ

Müstəqillik tarixində zaman amili

Azərbaycan alimi Yaşar Qarayev zamanı, keçmişi özündə indiyə və gələcəyə “daşıyan” fenomen adlandırırdı. Fransız filosof J.Delyoz da zamanın hər anında keçmiş – indi – gələcək prosessuallığını (yəni, daim dəyişmə dinamikasının kəsilməzliyini) görürdü. Onda hər bir hadisəni zamanın “üç xronoloji üzü”nün vəhdəti kimi təsəvvür edə bilərik. Azərbaycanın Laçın şəhərində Türkiyə – Azərbaycan – Pakistan Zirvəsini zamanın vurğuladığımız anlamında aydın görə bilirik. Laçın Zirvəsi Azərbaycan Prezidentinin yeni tarixi mərhələdə siyasi təcrübəsinin zamanda “yeni ritmi”, “yeni döyüntüsü”dür. Bu “yeni ritm” müstəqillik tariximizin zamanın əbədi “varolma qovşağında” real təcəssümüdür.

Bununla müasir dövlətçilik tariximizdə “Laçın Zirvəsi” müasir müstəqil Azərbaycan dövlətinin gücünü bütün dünyaya bəyan etmişdir! Bəs oradan regionun və dünyanın “geosiyasi kimliyi” necə görünür? Cavabı Azərbaycan Prezidentinin, əminik ki, artıq tarixi kəlam olmuş aşağıdakı fikrinin işığında axtarmaq lazımdır. İlham Əliyev Laçın Zirvəsində nitqində demişdir: “Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var”.

Qərbi Azərbaycana açılan qapı

Yeni tarixi mərhələdə Laçın coğrafi ərazi, siyasi, kommunikasiya və geosiyasi olaraq Qərbi Azərbaycana açılan qapıdır. Onun başqa anlamı və mənası Şərqi Zəngəzurdan Qərbi Zəngəzura və Naxçıvana “aparan yol” olması ilə bağlıdır. “Laçın Zirvəsi” bu “yolçuluğun” rəmzlərindən biridir. Azəraycan – Türkiyə – Pakistan qardaşlığının səmimi ifadəsi və təcəssümüdür!

Bunun kökündə Azərbaycanın Vətən savaşında nail olduğu Zəfər dayanır. Məhz bu qələbə əsrlərlə davam edən “geosiyasi deqradasiya”nın qarşısını aldı – Cənubi Qafqaza sülh, barış, əməkdaşlıq və təhlükəsizlik ruhunu gətirdi. Qələbədən sonra Prezident İlham Əliyev regional əməkdaşlığın yeni mərhələsinin əsaslarını yaradan siyasi təcrübə nümunəsini ortaya qoydu. İndi tam haqlı olaraq Türkiyə Prezidenti “İlham Əliyev regiona sülh gətirən lider kimi tarixdə yerini tutacaq” deyir! Deməli, Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin memarı Azərbaycan Prezidenti İlham Əliyevdir! O cümlədən Laçın Zirvəsinin memarı Azərbaycanın dövlət başçısıdır!

Bu zirvənin böyük rəmzlərindən biri Qərbi Azərbaycana siyasi və mənəvi qapının açılması ilə əlaqəlidir. “Qərbi Azərbaycan” ifadəsini qəbul etmək istəməyənlər, oradan deportasiya olunmuş soydaşlarımızın hüquqlarını dillərinə gətirməyənlər belə, indi “azərbaycanlılar yaşadıqları yerlərə qayıdacaqlar” – deyirlər. Prezident İlham Əliyevin “dünyanın hər bir guşəsində azərbaycanlıların hüquqlarının qorunmasında və təminində Azərbaycan Respublikası dövləti müvəkkildir” tezisini davamlı olaraq, addım-addım həyata keçirdiyinin canlı şahidiyik. Bu, dövlətçilik baxımından güclü, ədalətli, haqlı və perspektivi böyük olan tarixi kəlamdır! Bu kəlamın prizmasında Azərbaycanın suverenliyinin yeni tarixi mərhələdə aldığı məzmunun nəzəri dərki aktual təsir bağışlayır. Azərbaycan yeni tarixi mərhələsinə tam suveren dövlət kimi qədəm qoymuşdur. Bu anlayışın müxtəlif aspektləri mövcuddur. Onlar İlham Əliyevin siyasi təcrübəsi kontekstində çox aktual və əhəmiyyətli görünür.

Suverenliyin müasir nəzəri anlamı

Biz burada, ümumiyyətlə, “suverenlik” anlayışının müxtəlif məna çalarlarına baxmırıq. “Suverenlik” dedikdə dövlət suverenliyini nəzərdə tuturuq. Bu anlamda Laçın Zirvəsi Azərbaycan Prezidentinin siyasi təcrübəsinin mühüm göstəricisi, suverenliyin təcəssümlərindən biri olaraq təhlil edilir.

Dövlət suverenliyi iki aspekti özündə ehtiva edir – birincisi, bu, dövlətin öz ərazisində tam olaraq hakimiyyətini müəyyən etməkdə və onu həyata keçirməkdə müstəsna hüququdur. İkincisi, beynəlxalq aləmdə müstəqil qərarlar qəbul etməyin ifadəsidir. Bu anlamda dövlət suverenliyi ilə siyasi suverenlik mənaca üst-üstə düşür. Siyasi suverenlik dövlətin daxili və xarici siyasətini özünün müəyyən etməsində ali hakimiyyətə, müstəqilliyə və hüquqa malik olmasını ifadə edir. O cümlədən siyasi suverenlik dövlətin öz ərazisi və əhalisi ilə bağlı qərarları müstəqil qəbul etməsinin ifadəçisidir.

Bu anlamların ortaq məna sahəsində mövcud olan iki məqamı da vurğulayaq. Birincisi, dövlət suverenliyi ilə siyasi suverenlik vəhdətdə ölkədə sabitlik və qərarların qəbulunda tam müstəqilliyi təmin etməlidir. İkincisi, dövlət başçısı qərarların qəbulunda tam müstəqil olmalıdır. Yəni ölkə rəhbərinin daxili və xarici siyasətdə müstəqil kursu həyata keçirməsi dövlət və siyasi suverenliyin əsas əlamətlərindən biridir.

Bu ümumi müddəaların fonunda yeni tarixi mərhələdə Azərbaycan Prezidentinin siyasi təcrübəsində suverenliyin təcəssümlərinin bir sıra siyasi-nəzəri məqamları üzərində dayanmaq gərəkdir. Bu, Laçın Zirvəsinin siyasi və geosiyasi mənasını adekvat dərk etməyə işıq salacaq.

Liderin siyasi təcrübəsində suverenlik amili

II Qarabağ müharibəsindən sonra Azərbaycan üçün tam suverenliyin təmin edilməsi məsələsi daha da aktuallaşdı. Çünki artıq Azərbaycan ancaq özünün suverenliyini təmin etməli olan dövlət statusunda deyildir. Bakı həm də Cənubi Qafqazın siyasi və geosiyasi suverenliyinə məsul olan lider dövlətdir. Bununla milli suverenliklə regional suverenliyin vahid siyasi təcrübədə birləşdirilməsi kimi bir vəzifə meydana gəlmiş oldu. Bu vəzifə XXI əsrin yeni çağırışları fonunda xüsusi aktuallıq və məzmun kəsb etməkdədir.

Deməli, İlham Əliyevin siyasi təcrübəsində suverenlik yeni tarixi mərhələdə daha da aktuallaşmışdır. Bu prizmadan Azərbaycan Prezidentinin regional, regionlararası və qlobal miqyaslarda fəaliyyətinə baxsaq, məhz suverenliyin təmini kontekstində maraqlı əlamətləri görə bilərik. Onları birləşdirən faktor olaraq, praktiki müsbət nəticə verən layihələr şəbəkəsinin genişlənməsi və reallaşması mexanizmləri ilə sülh xarakterli diplomatik fəaliyyətin sintezini vurğulaya bilərik. Bu məsələ çox dərin qatlarda liderlik fəaliyyətinin özəlliklərinə bağlıdır.

Bu yazıda cəmi bir neçə faktora qısa toxunaq. Hər şeydən öncə, Azərbaycan Prezidenti regional və qlobal təşkilatlarda layihələrin struktur və funksional imkanlarının genişlənməsinə yeni təkanlar verdi. O cümlədən TDT ərazisi də tam olaraq daxil olmaqla geniş bir geosiyasi məkanda “yaşıl enerji” kateqoriyasına aid olan layihələrin təşəbbüskarı və həyata keçirən əsas güclərdən biri oldu. Hazırda “bərpaolunan enerji” ilə bağlı layihələri Avropa İttifaqı və Çin bəyənmiş, onun həyata keçməsində Azərbaycanın müstəsna rolunu etiraf etmişlər.

Bu prosesə paralel olaraq Azərbaycan Prezidenti geniş bir geosiyasi məkanda – Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq, Yaxın Şərq və Şərqi Avropada sülh diplomatiyasının öncüllərindən biri olmuşdur. İndi Azərbaycan İsrail – Türkiyə, İsrail – Suriya, Pakistan – Hindistan və Rusiya – Ukrayna münaqişlərinin həll olunmasında ciddi rol oynayan dövlət kimi qəbul edilir. Bu prosesin əsas əlamətlərindən biri Bakının son aylarda intensiv diplomatik hərəkətlilik məkanına çevrilməsidir. Cəmi 30 il bundan öncə Bakıya gəlməyə həvəsi olan dövlət başçıları barmaqla sayılırdı. İndi isə sözün həqiqi mənasında, Azərbaycan paytaxtı sülh diplomatiyasının mərkəzlərindən biri halına gəlmişdir.

Buradan mühüm bir nəticə çıxarırıq. Azərbaycan Prezidentinin yeni tarixi mərhələdə liderlik təcrübəsini bir neçə dövlətin suvenerliyinin təmin olunmasını ehtiva edən məna çalarları daha da zənginləşdirməkdədir. Münaqişə edən dövlətlər arasında sülh yaratmaq təcrübəsinin suverenliyin milli miqyası aşaraq regionlararası və qlobal miqyasa proyeksiyası kontekstinin İlham Əliyev nümunəsini görürük.

Bu nümunənin məna çalarlarından birini Prezident İlham Əliyevin Laçın Zirvəsində ifadə etdiyi aşağıdakı fikirlərdən aydın duyuruq: “Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialından istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var”.

Suverenlik, ərazi bütövlüyü və ədalət

Bu fikirlərdən Laçın Zirvəsi kontekstində suverenlyin yeni tarixi mərhələdə anlamı ilə bağlı çox maraqlı məna keçidlərini görmək mümkündür.

Birincisi, İlham Əliyev suverenlik, ərazi bütövlüyü və ədalətə bir-biri ilə sıx bağlı anlayışlar kimi baxdığını ifadə edir. Yəni, Azərbaycan dövləti üçün tam suverenlik ərazi bütövlüyü və ədalət təmin olunduğunda real siyasi məzmun alır. Ərazi bütövlüyü və ədalət (o cümlədən beynəlxalq hüquq normalarına əməl olunması) suverenliyin iki mühüm təminedici “sütunu”dur. Yeni tarixi mərhələnin çağırışları fonunda bu tezisi dövlətlər qrupuna uğurlu proyeksiya etmək İlham Əliyevin siyasi təcrübəsinin mühüm komponentini təşkil edir.

İkincisi, Azərbaycan Prezidenti bu anlamda siyasi təcrübənin, faktiki olaraq, həmfikir liderlərin birgə çalışmalarının nəticəsi tezisini irəli sürür. Konkret olaraq, Laçın Zirvəsi kontekstində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin və xalqlarının birliyi yeni mərhələdə mühüm faktorlardır. Prezident İlham Əliyev bunun ciddi əsaslarının olduğunu da ifadə etmişdir: “Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq”. Əlbəttə, daha geniş aspektdə bu prinsipi TDT ölkələrinə aid etmək olar.

Üçüncüsü, Azərbaycan lideri yeni tarixi mərhələdə ölkələrin “strateji mövqeyindən və dinamik iqtisadi potensial”ından geniş istifadə etmək xəttini siyasi təcrübənin çox vacib tərkib hissəslərindən biri sayır.

Vurğuladığımız bu üç geosiyasi-nəzəri faktorun sintezində Laçın Zirvəsinin anlamında aktual yer tutan başqa məqamları müəyyən etmək olar.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət