Laçında Beynəlxalq Hava Limanının açılışında Azərbaycan, Türkiyə və Pakistan rəhbərləri arasında baş tutan üçtərəfli Zirvə görüşü bu üç ölkənin bir-birinə dost və qardaş, həmçinin təbii müttəfiq olduğunu bir daha dünyaya bəyan etdi. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana dəstəyini biz unutmadıq, şübhəsiz ki, biz də bu iki dost, qardaş ölkəyə hər cür dəstəyimizi verməkdən çəkinmirik.
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı bildirib.
Deputat qeyd edib ki, bu əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Hər üç ölkənin cəmiyyəti, xalqları çətin və gərgin anlarda bir-birinə səmimi dəstək verir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdi. Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. Hər zaman qardaş, dost ölkə olan Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir.Pakistan da öz qardaş münasibətini əməli ilə ifadə etdi. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini hərtərəfli müdafiə etdi.
T. Rüstəmxanlı əlavə edib ki, bu Zirvə görüşünün məhz müstəqillik günündə, həmçinin Laçında üç liderin iştirakı ilə baş tutması həm də bir mesaj idi. Regionun ən qüdrətli ölkələrinin, dost və qardaş Türkiyə və Pakistanın Azərbaycanın müstəqilliyinə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına, dövlətimizin regionda sülh və abadlıq-quruculuq missiyasına tək sözdə deyil, əməldə verdiyi dəstək idi. İstər prezident İlham Əliyevin, istər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın, istərsə də Pakistan baş naziri Şahbaz Şərifin çıxışı hər üç ölkənin sıx müttəfiq və bir-birinə son dərəcə bağlı olduğunu, bu birliyin nümunəvi xarakter daşıdığını nümayiş etdirdi.
Anar Əli,
XQ