“Hər bir xalqın, toplumun milli-mənəvi dəyərlərindən biri də ailədir. Ailə milli-mənəvi dəyərlərin və milli dövlətçiliyin təməlidir. Möhkəm və sağlam əsaslar üzərində qurulan ailələrin olduğu ölkələrin cəmiyyətləri də daha monolit və güclü olur. Bu baxımdan Azərbaycan ailəsi də uzunömürlülüyü və möhkəmliyi ilə dünyaya gözəl nümunədir. Dövlətimiz bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi və sosial proqramlar hazırlayıb həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycan ailəsində yetişən hər bir övlad təhsilə, elmə, zəhmətə önəm verir, vətənpərvər, xalqına və dövlətinə bağlı olur. Zərərli ideologiyaların, təhlükəli həyat tərzinin təbliğ olunduğu, yayıldığı bir dönəmdə gənclərimizin onların təsiri altına düşməməsi, öz milli kimliklərini unutmaması ailədən gələn və məktəbdə davam edən tərbiyyənin nəticəsidir. Bu gün Azərbaycanda social müxtəlifliklərinə baxmayaraq hər ailə övladının yüksək təhsil alması, hansısa peşəyə sahib olması üçün maraqlıdır. Bu cəmiyyət olaraq bizim üstün cəhətimizdir”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, ailə qlobal hücumlara qarşı ən güclü istehkam, ictimai strukturdur: “Qalib Azərbaycan ailəsi həm də ona görə müqəddəsdir ki,bu millət üçün qəhrəmanlar, canından keçməyə hazır olan igidlər yetişdirib. Azərbaycanda ailə qanunvericiliyi ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını özündə ehtiva edir. Ölkəmizdə ailə münasibətlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, sosial rifahın gücləndirilməsi sahəsində qətiyyətli addımlar atılıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri də sağlam, güclü ailə modelinin qorunması və inkişaf etdirilməsidir. Müasir Azərbaycan dövlətinin ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən mərhum prezident Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Ulu öndərin və onun xanımı böyük alim Zərifə xanım Əliyevanın uğurlu ailə modeli nümunəvi xarakter daşıyır. Bu modelin əsasında böyük sevgi, möhkəm dəyərlərə bağlı ailə münasibətləri, xalqa və vətənə sədaqət və xidmət dəyərləri dayanır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı ilə yanaşırlar. Onların timsalında müqəddəs ailə dəyərlərinin qorunub saxlanması, ailə, xalq və dövlətçilik bağlarının xalq birliyinin əsasında olaraq inkişaf etdirilməsi böyük bir məktəbdir, gənc nəslə nümunə olacaq məktəb. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında gənc nəslin tərbiyəsində ailənin və məktəbin rolunu xüsusi olaraq vurğulayır.
Ulu öndər Heydər Əliyev ailədə sağlam uşaqların doğulması üçün qan qohumluğunun qarşısının alınması istiqamətində 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə xüsusi olaraq qeyd edərək bildirmişdi ki, bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Cəmiyyət üçün zərərli olan bu adətlər tədricən aradan qaldırılmaqdadır. Bu gün artıq bunun qanuni bazasının yaradılması sevindirici haldır. Qohum nikahların qadağası ilə bağlı Qanun layihəsinin təsdiq edilərək qüvvəyə minməsi sağlam genafond üçün mühüm əhəmiyyət daşıyacaq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ailə siyasəti onun layiqli davamçıları tərəfində uğurla davam etdirilir. Аzərbаycаn Respublikasının Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olub. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Hər çıxışında gənc nəslin tərbiyəsində ailə və məktəbin rolunu qeyd edən cənab Prezident dəyərlərin qorunub saxlanmasını xüsusi vurğulayır və bunu əməli fəaliyyətində də əks etdirir. Ümummilli liderin, eləcə də onun müqəddəs ocağının davamçısı Prezident İlham Əliyevin nümunəvi ailə dəyərləri gənclərimizə böyük örnəkdir. Dünyada xüsusi nüfuz sahibi olan hər iki siyasi xadimin uğurlarının arxasında güclü ailə modeli dayanıb”.
M.Vəliyeva bildirdi ki, ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısıdır. Xalqımızın tarixi köklərə, mənəvi dəyərlərə bağlılığı ailədən irəli gəlir. Yüksək qonaqpərvərlik, dürüstlük, övlada qayğı, valideynə hörmət, xanədanlıq, xeyirxahlıq, torpağa və xalqa bağlılıq, tolerantlıq Azərbaycan ailəsinin zəngin xüsusiyyətlərindən hesab olunur. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ailə institutu dəyişən dünyanın təsirlərindən özünü qorumalıdır. Dövlət olaraq milli ailə modellərinin inkişafı üzərində işləməliyik. Ailə kiçik bir dövlətdir. Hər bir ailə möhkəm olarsa, cəmiyyət də mükəmməl olar. Sağlam ailə, sağlam nəsil, sağlam millət deməkdir. 44 günlük Vətən Müharibəsində şücaət göstərən oğullarımız güclü dəyərlər üzərində qurulmuş ailələrdən çıxan övladlarımızdır. Şəhid ailələri-bu ifadə ailə, xalq, vətən bağlarının dəyər olaraq yaşamasının nümunəsidir. O səbəbdən də diqqət, qaygı, sevgi və hörmətlə əhatə olunur.