İttifaq MİRZƏBƏYLİ
[email protected]
İşğalçı ölkədə yeni siyasi termin gündəliyə gətirildi
Azərbaycan mətbuatında və ölkəmizdəki ictimai müzakirələrdə “faşist Ermənistan”, yaxud, “erməni faşizmi” ifadələrinin işlədilməsi İrəvanda ciddi etirazlarla qarşılanırdı. Halbuki, bizim həmin “qiymətləndirmələrimiz” əsassız deyildi. Çünki ermənilər bizimlə “mübarizədə” faşist Almaniyasının öz rəqiblərinə qarşı törətdiklərindən qat-qat artıq vəhşiliklərə imza atıblar. Təbii ki, bu başqa yazının mövzusudur.
Bu yazıda isə Marianna Mkrtçyan adlı jurnalistin erməni politoloq, Stenford Universitetinin ( ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir) professoru Artur Xaçikyana istinadən işlətdiyi “Hitler Ermənistanı” ifadəsindən söz açmaq istəyirik. Mayın 13-də “Arminfo.am” xəbər portalında “Vilson Ermənistanı bizə az idi, indi də Hitler Ermənistanına doğru” (https://arminfo.info/full_news.php?id=91438&lang=2) adlı yazı ilə çıxış edən Marianna erməni politoloqun Ermənistan rəhbərliyinə qarşı ağır ittihamlarla çıxış etməsindən, daha çox isə hay xəyalpərəstliyindən söz açır.
Xatırladaq ki, “Vilson Ermənistanı” deyiminin artıq yüzdən çox yaşı var. Belə ki, ABŞ Prezidenti Vudro Vilsonun təyin etdiyi arbitraj qərarı ilə 1920-ci il noyabrın 22-də Cənubi Qafqazda ermənilər üçün yaradılmış “dövlət”in sərhədləri daxilindəki əraziyə “Vilson Ermənistanı” adı verilmişdi.
Erməni politoloqun fikrincə, onun ölkəsinin siyasi həyatına yeni anlayış gətirilir: “Hitler Ermənistanı”: “İnciməyin, bu termini bizə ermənilərin düşmənləri yox, Ermənistan İctimai televiziyası sırıyır.”
Söhbət nədən gedir və Ermənistan İctimai televiziyası nədə suçlanılır? Politoloq xatırladır ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, həmin nazirliyin Hərbi Akademiyasının Marşal Baqramyan adına Komanda-qərargah İnstitutunun rəhbəri Artsrun Hovanisyan mayın 9-da Ermənistanın İctimai televiziyası ilə çıxış edərkən “Almaniyanın SSRİ üzərində qələbəsi Ermənistan üçün böyük qazanc olacaqdı” deyibmiş. Onun sözlərinə görə, Almaniya Stalinqrad döyüşündə qalib gəlsəydi, daha sonra Türkiyəni işğal edəcəkdi və... “Berlinin Stalinqraddakı məğlubiyyəti vahid Ermənistan yaranmasına mane oldu”.
İddianın “yekə”liyinə baxın. Guya, Almaniya Türkiyəni işğal edən kimi həmin ölkənin bir hissəsini ermənilərə verəcəkdi ki, gedin, böyük (vahid) Ermənistan yaradın. Stenford Universitetinin professoru soruşmaq istəyir ki, ermənilər bu miflər, uydurmalar, utopiyalar, bir sözlə, xəstəliklərlə hara qədər gedəcəklər?
Hər halda Ermənistan parlamentinin deputatları baş prokuror Anna Vardapetyana müraciət ediblər ki, İctimai televiziada səsləndirilən bu cəfəngiyyatlara münasibət bildirilsin.
Amma baş prokuror nəyəsə münasibət bildirmək iqtidarında olsaydı, Hitlerin əlaltısına İrəvanın mərkəzində ucaldılan abidənin taleyi başqa cür ola bilərdi. Yeri gəlmişkən, həmin faşist erməninin işğal olunmuş ərazilərimizdəki abidələrinin hər ikisi – həm Xankəndidə, həm də Xocavənddəki heykəlləri 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın bütün xülyaları kimi gorbagor olmuşdur.
Hər halda “Hitler Ermənistanı” daha təmtaraqlı səslənir. Görək sonu necə olur. Amma bunu da unutmasınlar: 80 ildən çoxdur ki, Hitlerin özü də yoxdur, qurduğu faşist dövləti də. “Hitler Ermənistanı” isə hələ ki, ... var.