Bədxahlarımız ölkəmizdəki yüksək dini tolerantlığı niyə görmək istəmirlər?
ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının (USCIRF) bu il iyunun 5-də Azərbaycana həsr olunmuş virtual dinləmələr keçirməsi gözlənilir. Ölkəmizə qarşı irəli sürülən iddialar isə əvvəlki kimi saxta və əsassızdır: guya, Azərbaycanda erməni dini-mədəni irsi məhv edilir və dini azadlıqlar pozulur?! Yalandır!
USCIRF-in qarayaxma kampaniyası yeni deyil. Demək olar ki, hər il təkrarlanan və heç bir hüquqi əsası olmayan bu böhtanlar, sadəcə, acı təəssüf doğurur. Fakt və reallıq budur ki, komissiyanın müzakirəsinə çıxarılan “hesabat” Bakıya qarşı siyasi qərəzdən qaynaqlanır.
Lakin bu dəfə məsələ daha dərindir. Bu, sadəcə, qərəz deyil – bu, beynəlxalq hüquq və real tarixin açıq-aşkar təhrifidir. Reallıq isə tamam başqadır. Heç kim üçün sirr deyil ki, müasir Azərbaycan dünyada dini dözümlülük və tolerantlıq məkanıdır. Bu, hər kəsin gördüyü və qəbul etdiyi həqiqətdir.
2025-ci ilin ilk günlərində Prezident İlham Əliyev ölkəmizdəki dini qurumlara maliyyə yardımı məqsədilə mühüm sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
Bu faktın özü xalqımızın bədxahlarına təkzibolunmaz cavabdır. Bəli, Azərbaycanda dinə və etnik-mədəni müxtəlifliyə qarşı deyil, əksinə, onun yaşamasına və inkişafına şərait yaradılır.
Bundan əlavə, Azərbaycandakı dini liderlər – istər müsəlman, istər xristian, istərsə də yəhudi dininin daşıyıcıları olaraq daim vurğulayırlar ki, ölkəmizdə dini zəmində heç bir ayrı-seçkilik yoxdur. Yeri gəlmişkən, USCIRF nümayəndələri bu ilin fevralında Azərbaycana gələrkən həmin liderlərlə şəxsən görüşüblər və bu fikirləri onların dilindən bir daha eşidiblər. Belə olan halda sözügedən saxta hesabatın arxasında durmaq, sadəcə, riyakarlıqdır, deyilmi?
“Erməni mirası” mifi
Hər kəsə bəllidir ki, Azərbaycanın ərazilərində, xüsusilə Qarabağda yerləşən bir çox Alban kilsələri 1990-cı illərdən bəri erməniləşdirilərək mənşəyi dəyişdirilib. İndi USCIRF-in “erməni dini irsi məhv edilir” iddiası, əslində, işğal dövrü cinayətlərinin legitimləşdirilməsi cəhdidir. Bu “fakt”lar əsassız iddialar üzərində qurulubsa, hansı erməni irsindən danışmaq olar?
“Holokost” şahidi danışır: Azərbaycan 55 min yəhudini xilas edib
İsrailin sabiq baş ravvini Meir Lounun bu ilin yanvarında AŞPA-da etdiyi təsirli çıxışı çoxlarının yadındadır. Hörmətli yəhudi din xadimi həmin tribunadan bəyan etdi ki, “Holokost” zamanı 55 min yəhudi Azərbaycanda gizlənərək ölümdən qurtulub. Bu bəyanat təkcə tarixi fakt deyil, həm də Azərbaycana qarşı irəli sürülən hər hansı saxta dini dözümsüzlük iddiasını kökündən dağıdan mənəvi sübutdur.
Ermənistanda dini və milli nifrət yayılır
Bu gün Ermənistanda dövlət səviyyəsində Azərbaycan və Türkiyəyə qarşı qatı millətçi təbliğat aparılır. Vəziyyət o yerə çatıb ki. İrəvanda və digər iri şəhərlərdə keçirilən mitinqlərdə Azərbaycan və Türkiyə bayraqları kütlənin gözü qarşısında yandırılır. Bu, həmin işğalçı Ermənistandır ki, 1988-ci ildən başlayaraq ərazisindən yüz minlərlə azərbaycanlı etnik və dini əsaslar zəminində qovulub.
Erməni millətçiləri tarix boyu yəhudi xalqına qarşı çox haqsızlıqlar ediblər. Təsadüfi deyil ki, Ermənistanın özündə yəhudilərə qarşı hücumlar, rəsmi şəxslərin antisemit bəyanatları çoxsaylı beynəlxalq hesabatlarda yer alıb. Ancaq, nədənsə, USCIRF bu faktlara göz yumur?! Bu, artıq siyasi məqsədlərlə manipulyasiya edilən “dini azadlıq” anlayışının alətə çevrildiyini göstərir.
907-ci düzəlişin “kölgə”si
1992-ci ildə ABŞ Konqresi “Azərbaycana yardımın dayandırılması” haqqında 907-ci düzəlişi qəbul etmişdir. Həmin ilin fevralında dünyanın ən qəddar qətliamlarından olan Xocalı soyqırımı baş vermişdir. Biz bu sonsuz, ağrı, kədər və məyusluq doğuran bu faktı unutmamışıq. Bu ədalətsiz addım da məhz erməni lobbisinin təsiri altında, həqiqətlərə göz yumaraq atılmışdı. USCIRF-in Azərbaycana qarşı yeni ritorikası, fikrimizcə, həmin köhnə stereotiplərin davamıdır.
Azərbaycan reallığı dəyişdirir
Bugünün reallıqlarını gözardı etmək mümkünsüzdür. Azərbaycan öz ərazisində suverenliyini tam bərpa edib. İstər 44 günlük Vətən müharibəsi, istərsə də sonrakı antiterror əməliyyatları, ölkənin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini təsdiqləyir. Ermənistan ərazisində heç bir müharibə aparılmayıb. Bütün qarşıdurmalar Azərbaycanın sərhədləri çərçivəsində baş verib – işğala qarşı, azadlıq uğrunda!
PS. USCIRF-in bu qəbildən olan hesabatları əslində, belə bir məntiqi sual doğurur: bu qurum dini azadlıqları qorumaq üçün, yoxsa geosiyasi manipulyasiya niyyətilə yaradılıb? Cavab özlüyündə bəllidir və təəssüf doğurur!
Azərbaycan dini dözümlülük, etnik rəngarənglik və hüquqi sabitlik baxımından Cənubi Qafqazın nümunəvi ölkəsidir. İddialar, kampaniyalar, təzyiqlər – heç biri bu reallığı dəyişməyəcək. Çünki faktlar, tarix və xalqın yaddaşı – bizim tərəfimizdədir.
Renat DADAŞOV,
hüqüqşünas