Ermənistanda şovinizm dövlət siyasətidir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Böyük Vətən müharibəsindəki qələbənin 80 illiyi ilə bağlı təbrik məktubunda faşizmin xüsusiyyətlərini vurğulamış və bu zaman bir millətin özünü digərindən üstün tutmasına dair xarakterin üzərində dayanmışdı. Məlumdur ki, Cənubi Qafqaz coğrafiyasına köçmüş haylarda bu cəhət daim nəzərə çarpıb. İşğala, qəsbkarlığa, terrora və təxribata köklənmiş avantürizm məhz erməni millətçilərinin mənsub olduqları qövmü, belə demək mümkünsə, göylərə qaldırmaq ədasından da qaynaqlanıb.

Ermənistanın Azərbaycan torpaqlarına hücumu, işğal faktı və bir milyona yaxın dinc azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salınması ölkənin faşizmi dövlət siyasətinə çevirməsinin nəticəsidir. Hazırda işğal bitib, dövlət suverenliyimizi bərpa etmişik, ancaq İrəvan Bakı ilə sülhə gəlmək istəmir. Daha doğrusu, ölkə gələcək qarşıdurmalar üçün mənbə, tutacaq yer saxlamağa çalışır. Ona görə də Azərbaycanın barış mühitinin fundamentallığı baxımından irəli sürdüyü iki şərti qəbul etmək istəmir. Söhbət Ermənistan konstitusiyasının işğalçı mahiyyətli İstiqlaliyyət bəyannaməsindən xilas edilməsindən və ATƏT-in Qarabağ münaqişəsi və ərazi iddiası məntiqini özündə saxlayan Minsk qrupunun rəsmən ləğvindən gedir.

Əlbəttə, erməni avantürizmindəki faşizm elementlərinin bir çox təzahür formaları var. Ancaq hesab edirik ki, Paşinyan təbrik məktubunda bunlardan ən başlıcasını vurğuladı. Reallıq budur ki, erməni qövmü ətrafında özündən başqa heç bir xalqı görmək istəməyib və istəmir. Görmək istəmədiyi üçün vaxtilə Ermənistandakı azərbaycanlılar deportasiyaya məruz qalmışdı. Özü də bu siyasət illər ərazində davamlı şəkildə reallaşdırılmış, ən yüksək səviyyəsinə 1988-1991-ci illərdə çatmışdı.

Bu gün Ermənistan postsovet məkanında ən az etnik müxtəlifliyə sahib ölkələrdən biridir və burada təkcə azərbaycanlıların sıxışdırılmasından söhbət getmir. Ölkədə digər azlıqların sayı da əhəmiyyətli dərəcədə azalıb. Üstəlik, bəzi beynəlxalq təşkilatların Ermənistanı monoetnik siyasət aparmaqda və etnik təmizləmə halları ilə bağlı məsuliyyətdən yayınmaqda ittiham etdikləri məlumdur. Amma...

“Əmma” ondadır ki, erməni avantürizmi Qərbin bəzi dairələrinə lazım olduğundan, heç vaxt ölkədə sistemli şəkildə aparılan etnik təmizləmə siyasətinə lazımi beynəlxalq reaksiya olmayıb, yalnız formal qeydlər nəzərə çarpıb. İkili yanaşma və riyakarlıq da elə budur. İndi ədalət müəyyən qədər yerini tutub. Ermənistandakı tarixi yurdlarına həsrət soydaşlarımız qalsa da, Azərbaycan Qarabağa sahiblənib və vətəndaşlarımız işğaldan azad edilmiş torpaqlarımıza dönürlər.

Yəni, ikili yanaşma və riyakarlıqlar qarşımızı kəsə bilməyib. Ancaq bu yanaşmanın təsirinə məruz qalanlar var. Söhbət Ermənistandakı digər azlıqlardan, konkret olaraq, yezidilər və kürdlərdən gedir. Yaxşı olar ki, “Qarabağda etnik təmizləmə” şousu düzəldən, Ermənistanın mövcud istiqamətdəki “təşəbbüslərinə” dəstək verən beynəlxalq dairələr rəsmi İrəvanın bu etniklərə qarşı həyata keçirdiyi siyasətdən danışsınlar. Amma danışmırlar və susurlar. Əksinə, onların demokratiya nağıllarına üstünlük verdiklərini görürük. Bir dövlətin mahiyətində tayfa təfəkküründən qaynaqlanan prinsiplər əsasında davranma, digər xalqlarla dinc və birgə yaşam qaydaları yoxdursa, əlbəttə, onda demokratiklikdən əsər-əlamat ola bilməz.

Əlqərəz, Ermənistanda yaşayan yezidilər və kürdlər öz mədəniyyət və hüquqlarının tanınması üçün müxtəlif səylər göstəriblər. Sovet dövründə onlar eyni etnik qrup kimi qəbul olunurdular. Lakin 1980-ci illərin sonlarından etibarən yezidilərin özlərini kürdlərdən fərqli etnik olaraq tanıtdırmaq məramı daşıyan təşəbbüsləri olub. Sonradan bu təşəbbüsləri Ermənistan hakimiyyəti yerinə yetirib. Ancaq burada məqsəd bölücülük xətti nəzərə çarpıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Ermənistanın Armavir rayonunun Aknalic kəndində yerləşən yezidi ziyarətgahında insident baş vermişdi. İraqdan gələn və özlərini kürd kimi təqdim edən şəxslərin dini təbliğatına qarşı çıxan yerli yezidi fəallar qarşıdurma yaratmışdılar. Nəticədə onların bəziləri həbs edilmişdilər. Həbslə üzləşənlər gələnlərin yezidiləri kürdləşdirmək və dini birliklərini pozmaq məqsədi güddüklərini vurğulamışdılar. Heç şübhəsiz, belə bir təmayül elə-belədən ortaya çıxmamışdı. Proses rəsmi İrəvan tərəfindən idarə olunmuşdu. Haqqında söz açdığımız bölücülük də elə budur.

Əvvəlki illərdə də Ermənistanda yezidilər öz hüquqlarının pozulmasına qarşı etiraz aksiyaları reallaşdırmışdılar. Məsələn, 2010-cu ildə İrəvanda keçirilmiş bir aksiyada iştirakçılar Ermənistanda müsəlman kürdlərin dialektində dərc olunmuş dərsliklərin yezidi kürdlərin təhsilinə mane olduğunu və milli haqlarının pozulduğunu bildirmişdilər. Onlar, həmçinin Ermənistan parlamentində öz nümayəndələrinin olmasını tələb etmişdilər.

Bundan başqa, ölkədəki yezidilərin sosial və təhsil sahəsində də çətinliklərlə üzləşdikləri məlumdur. 2017-ci ildə Armavir vilayətində 5 kənddə yezidi kürdlərin 32 uşağı məktəbə getməkdən məhrum olmuşdu. Qərar vilayət administrasiyasından verilən rəsmi cavabda da təsdiqlənmişdi. Bu hadisələr Ermənistandakı yezidi kürdlərin milli və dini kimliklərini qorumaq üçün göstərdikləri səylərin və qarşılaşdıqları çətinliklərin daha bir nümunəsidir. Nəzərə alaq ki, belə nümunələrin sayı az deyil.

Onu da bildirək ki, 2014-cü ildə Ermənistan hökuməti və Qarabağdakı keçmiş separatçı rejim İraqdan gələn yezidi kürdləri işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirmək niyyətində olduqlarını bəyan etmişdilər. O da məlumdur ki, bu addım Azərbaycan tərəfindən beynəlxalq hüququn pozulması kimi qiymətləndirilmiş və onun Cenevrə Konvensiyasının 49-cu maddəsinə zidd mahiyyəti açıqlanmışdı.

Son dövrlərdə Ermənistanda yezidilərlə bağlı qarşıdurmalar və kürdləşməyə etirazlar müşahidə olunub. Bu hadisələrdə bəzi yezidi fəalların həbsi də qeydə alınıb. Əlbəttə, belə faktların sayını çoxaltmaq, xüsusən, yezidilərin yas mərasiminə soxulmuş əli avtomat silahlı şəxsin açdığı atəş nəticəsində 4 nəfərin həyatını itirməsindən, neçəsinin yaralanmasından söz açmaq mümkündür. Bu, o cinayətdir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, onu törədənlər və hazırlayanlar hüquqi məsuliyyətə cəlb edilməyiblər.

Sonda qeyd edək ki, beynəlxalq ictimaiyyət Ermənistanda onsuz da sayı seyrəlmiş etniklərə qarşı təcrid siyasəti ilə bağlı ciddi tədbir görməlidir, insanlıq əleyhinə cinayətlərə göz yummamalıdır. Xarici aləm nəzərə almalıdır ki, mövcud təmayülün əvvəldə də vurğuladığımız faşizm elementləri var. Bu elementlərin mövcudluğunun nəticəsidir ki, hazırda Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilmir. Başqa sözlə desək, Ermənistan varlığı ilə bunun, eləcə də inkişafın və firavan mühitin formalaşmasının qarşısında əngəl törədir.

Ə.CAHANGİROĞLU
XQ

 



Siyasət