İİTKM Türk dövlətlərinin investisiya gücündən bəhs edəcək yeni kitab layihəsinə start verib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk İnvestisiya Fondu ilə tərəfdaşlıq çərçivəsində “Turkic States: Rising Investment Powerhouse” (Türk Dövlətləri: Yeni İnvestisiya Məkanı) adlı yeni kitab layihəsinə start verib. Layihədə dünyanın aparıcı beyin mərkəzlərindən olan alimlər və tədqiqatçılar müəllif kimi iştirak etməyə dəvət olunurlar.

İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, beynəlxalq əməkdaşlığa əsaslanan və ingilis dilində hazırlanacaq kitabda Türk dövlətlərində iqtisadi transformasiya və artan investisiya imkanları araşdırılacaq. Bu layihə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən qəbul edilmiş "Türk Dünyası – 2040 Vizyonu" və "Türk Dövlətləri Təşkilatının 2022–2026-cı illər üzrə Strateji Sənədi"ndə müəyyən edilmiş strateji hədəfləri dəstəkləyir.

Kitabda Türk dövlətlərində  investisiya mühiti, regional əməkdaşlıq, infrastruktur layihələri və sektorlar üzrə investisiya potensialı geniş təhlil olunacaq. Azad iqtisadi zonalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və transsərhəd infrastruktur layihələri kimi sahələrə xüsusi diqqət yetiriləcək. Kitab xarici investisiya üçün Türk dövlətlərinin investisiya potensialını göstərən geniş və analitik mənbə rolunu oynayacaq.

Müəlliflər türk dövlətlərində dayanıqlı enerji, dövlət-özəl tərəfdaşlıqları, rəqəmsal iqtisadiyyat və regional inteqrasiya mövzularında tədqiqatlarını təqdim edəcəklər. Kitabda Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın ölçülməsi metodları və bu inteqrasiyanın inkişaf meyarlarına təsiri analiz olunacaq. Nəşrdə həmçinin praktiki nümunələr, tövsiyələr və ümumilikdə regionun investisiya cəlbediciliyini artırmaq yollarına dair ekspert fikirləri yer alacaq. 

Əsas tarixlər:

•Tezislərin təqdim olunması üçün son tarix: 30 iyun 2025

•Tam fəsillərin təqdim olunması üçün son tarix: 30 sentyabr 2025

Ətraflı məlumat və qeydiyyat üçün link: https://ereforms.gov.az/book

Sual və müraciətlər üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova ilə əlaqə saxlaya bilərsiniz: 

E-poçt: [email protected]

İqtisadiyyat