“Son günlərdə Hindistan və Pakistan arasında qarşılıqlı müharibə təhdidi apogey nöqtəsini yaşayır. Hindistanın baş naziri Narendra Modinin millətçi ritorikası və Pakistanın siyasi liderlərinin mövqeləri bu gərginliyi artıran amillərdəndir. Münaqişənin tarixinə nəzər salsaq, Hindistan və Pakistan arasında Kəşmir problemi 1947-ci ildən bəri davam edən, BMT-nin hələ də tam həll edə bilmədiyi bir münaqişədir. Hər iki ölkənin Kəşmirə iddiaları, dini-etnik ayrılıqlar və regional hegemonluq mübarizəsi bu qarşıdurmanın əsas təməlidir. Bu kontekstdə, son terror hücumu sadəcə qığılcım oldu, əslində isə gərginlik illərdir artır”.
Bu fikirləri "Xalq qəzeti"nə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Tapdıq Nəcəfəliyev deyib.
Politoloq əsas ciddi məsələnin ölkələrarası nüvə təhdidinin açıq şəkildə siyasi və psixoloji manevr olduğunu vurğulayıb: “Hər iki ölkənin rəsmi “No First Use” (ilk istifadə etməmək) nüvə doktrinası olsa da, bu tip təhdidlər göstərir ki, gərginlik artarsa, nüvə silahı bir qorxuducu faktor kimi masaya gətirilə bilər. Nüvə müharibəsi təhlükəsi illərdi bu münaqişənin qarşısını alırdı, realizm aspektindən yanaşsaq, nüvə silahı dövlətlər üçün təhlükəsizliyin son sığortası rolunu oynayır. Pakistan Hindistana qarşı konvensional müharibədə zəif olsa da, nüvə silahı vasitəsilə öz mövcudluğunu qoruyur və strateji bərabərlik yaradır”.
Ekspert bu qənaətdədir ki, əgər Pakistan su təchizatının Hindistan tərəfindən kəsilməsini həyati təhlükə kimi görürsə, bunu birbaşa varolma təhlükəsi sayıb nüvə variantını gündəmə gətirə bilər.
Tapdıq Nəcəfəliyev onu da bildirib ki, qısa müddətdə gərginliyin azaldılması üçün beynəlxalq vasitəçilər (xüsusən ABŞ) işə qoşula bilər. Ancaq münasibətlərin tam normallaşması çətin görünür. Orta müddətdə gərginliyin azaldılması üçün su təhlükəsizliyi məsələsi yeni bir münaqişə cəbhəsi ola bilər. Hindistanın “İndus Suları Müqaviləsi”ni dondurması regionda humanitar böhran yaradarsa, vəziyyət daha da kəskinləşə bilər. Uzun müddətdə gərginliyin azaldılması üçün isə nüvə balansı və qarşılıqlı məhvolma qorxusu tam miqyaslı müharibəni əngəlləyə bilər, lakin lokal toqquşmalar artan tendensiyadır. Ən təhlükəli ssenari isə səhv hesablamalar nəticəsində nüvə eskalasiyasıdır.
Rizvan FİKRƏTOĞLU
XQ