Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinin aparıcı dayaqlarıdır

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan strateji tərəfdaşlığı yüksək qiymətləndirib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə arasında möhkəm qardaşlıq əlaqələri enerji sahəsində də uğurla və qətiyyətlə inkişaf edir. Dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarını deyil, həmçinin regionun və Avropanın enerji təhlükəsizliyini də əhatə edən strateji əhəmiyyət kəsb edir.

“Azərbaycanla Türkiyə arasındakı əlaqələr hər sahədə olduğu kimi, enerji sahəsində də güclü və qətiyyətlə davam edir”, – deyə Prezident Ərdoğan bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində belə deyilir.

Dövlət başçısının sözlərinə görə, son illərdə dünyada müşahidə olunan geosiyasi proseslər enerji sahəsində qarşılıqlı fəaliyyətin aktuallığını daha da artırıb. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi beynəlxalq əhəmiyyətli boru kəmərləri bu əməkdaşlığın bariz nümunəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas infrastruktur layihələrindəndir:

“Son illərdə baş verən qlobal geosiyasi proseslər Türkiyə–Azərbaycan əməkdaşlığının enerji təhlükəsizliyi baxımından əhəmiyyətini bir daha vurğulayıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum boru kəməri kimi infrastruktur sərmayələri təkcə Türkiyə və Azərbaycana yox, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir.”

Türkiyə Prezidenti, həmçinin İğdır–Naxçıvan boru kəmərini enerji sahəsində əməkdaşlığın ən yeni nümunəsi kimi dəyərləndirib. Bu layihə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının enerji təminatını daha da möhkəmləndirəcək və iki qardaş ölkənin inteqrasiya prosesində yeni səhifə açacaq.

Azərbaycan və Türkiyə arasında enerji tərəfdaşlığı uzunmüddətli və çoxşaxəli xarakter daşıyır. Bu münasibətlər yalnız iqtisadi maraqlara əsaslanmır, eyni zamanda ortaq tarix, mədəniyyət və strateji baxışlarla da möhkəmlənir. Hazırda bu əməkdaşlıq bölgədə və qlobal miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

S.ELAY

XQ

Siyasət