Duqinin “qırmızı rəngli” ideologiyası

post-img

Özünü “Türk dünyasının dostu” sayan rusiyalı politoloq, əslində, nəyi təbliğ edir?

Yazımıza qısa arayışla başlayırıq. Rusiyanın rəsmi siyasi elitasına yaxınlığı ilə tanınan polittexnoloq Aleksandr Duqin “Beynəlxalq Avrasiyaçılıq” ideologiyasının, xüsusilə, şovinizmə söykənən “Rus dünyası” nəzəriyyəsinin müəllifidir. Onu, eyni zamanda, keçmiş SSRİ-yə daxil olan respublikaların Rusiyaya birləşməsini, hətta Rus İmperiyasının yaradılmasını təbliğ edən şəxs kimi tanıyırlar. Duqin çıxışlarında, məqalələrində özünü Rusiya–Türkiyə münasibətlərinin inkişafının, Rusiya–Azərbaycan münasibətlərinin daha da intensivləşdirilməsinin tərəfdarı kimi qələmə verir. Doğrudur, o, 44 günlük müharibədə Azərbaycanı dəstəklədi, erməni daşnak-faşizm ideologiyasını təhlükəli hesab etdiyini açıqladı. Amma bununla yanaşı, maraqlıdır ki, Aleksandr Duqin velikorus nasional şovinizminin mənəvi atalarından biri sayılır.

I HAŞİYƏ

1962-ci ilin yanvarında Moskvada, SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin general-mayoru Geliy Aleksandroviç Duqinin (1935-1998) ailəsində dünyaya gələn politloq 1979-cu ildə Moskva Aviasıya İnstitutuna daxil olur və ikinci kursda institutdan xaric edilir. O, hələ 18 yaşında ikən Yevgeni Qolovinin yaratdığı və yeni sağçılar hesab edilən “SS-in Qara Ordeni” dərnəyinə qoşulur. 1993-cü ildən 1998-ci ilin aprel ayına qədər faşist ideoloqu Eduard Limonovun komandasında olur. 1994-cü ildə Fransanın “Aktuel” jurnalı sosiologiya və politologiya üzrə elmlər doktoru Aleksandr Duqini “postkommunist dövrünün ən nüfuzlu mütəfəkkiri” adlandırır. 1997-ci ildə onun “Geosiyasətin əsasları” kitabı çap olunur. A.Duqinin çıxışlarında radikalizm və aqressiya 2000-ci illərdən etibarən qabarıq hiss olunur.

***

“Rus dünyası”nın tanınmış ideoloqlarından biri, Kremlin “beyni” adlandırılan Aleksandr Duqin postsovet ölkələrinin müstəqilliyini hədəf alan növbəti fikirləri ilə yenidən gündəmə gəlib. O, Ukraynaya qarşı aparılan müharibənin “yeni Rusiya imperiyası”nın yaradılmasının açarı olduğuna eyham vurub. Duqin Ukraynanın ardınca bütövlükdə postsovet məkanındakı müstəqil subyektlərin hamısı “udulduqdan” sonra Rusiyanın “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə” inteqrasiyasını təklif edib. Onun modelində azlıqların hüquqları formal olaraq qorunub saxlanılır. Amma bu zaman siyasi subyektivlik məhv edilir və o, klassik “ənənə” ideologiyasına çevrilir. Qərb modeli üzrə insan haqları rədd edilir.

Bütün bunlar barədə, o, “Rusiyanın indiki geosiyasətində avrasiyaçılıq” seminarında etdiyi çıxışında söyləyib. A.Duqinin sözlərinə görə, keçmiş sovet respublikalarının inteqrasiyası Rusiyanın Ukraynadakı hərbi kampaniyasının nəticələrindən asılıdır. Yəni, o, açıq şəkildə postsovet ölkələrini, onların müstəqilliyini hədəfə alib.

Beləliklə, Duqin qonşu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edən Kemlin sərgilədiyi siyasi mövqeyin tam əksinə gedir, yeni “Qırmızı imperiyanı”n yeni modelinin yaradılmasını zəruri sayır. Hədəfə çatmaqdan ötrü postsovet xalqlarının inteqrasiya prosesini önə çəkən Duqin deyir: “İnteqrasiya sürəti Ukraynadakı uğurumuzdan asılıdır, çünki bu, bizim üzləşdiyimiz Avrasiya proksisidir. Avrasiyanın əsas ideyası ondan ibarətdir ki, Ukrayna vahid imperiyanın bir hissəsi olmalıdır. Söhbət heç də keçmiş ittifaq formatından yox, mərkəzli tamhüquqlu geosiyasi birləşmədən gedir”.

Təbii olaraq ortaya belə bir sual çıxır: Duqinin bu sayıqlaması rəsmi Kremlin və ya Rusiya hərbi-sənaye kompleksinin mövqeyini nə dərəcədə ifadə edir? Konkret olaraq, Azərbaycan bu kimi şovinist bəyanatları ciddi qəbul etməlidirmi? Bu fikirlərin Duqinə deyil, Kremlin altqatda fəaliyyət göstərən ideoloqlarına məxsus olduğu fərz edilə bilər. Sadəcə olaraq, Kreml özünün siyasi ambisiyalarını Duqin kimilərin dilindən bəyan edir. Buna qədər rəsmi Moskvanın ən böyük sözçüsü başqa bir sərsəm – Vladimir Jirinovski idi... Dünya birliyi nə yolla olursa-olsun Rusiyanın bu ambisiyalarının qol-qanad açmasına imkan verməməlidir. Təəssüflər olsun ki, Qərbin və ilk növbədə ABŞ-ın iqtisadi maraqları hələ dünyanın üzləşdiyi bir sıra probleminin, o cümlədən yeni imperiyalar qurmaq səylərinin qarşısında bir əngəl olaraq qalmaqdadır.

II HAŞİYƏ

Rusiyalı jurnalist, politoloq və Avrasiyaçı fəal Darya Aleksandr qızı Platonova (Duqina) 2022-ci il avqustun 20-də qətlə yetirildi. Moskva vilayətinin Mojaysk şossesində onun idarə etdiyi avtomobildə partlayıcı qurğu işə düşdü və 30 yaşlı Darya həlak oldu. Dünyanın nüfuzlu yazılı və elektron mediası bu qətlin Aleksandr Duqin üçün nəzərdə tutulduğunu vurğuladı. Amma maraqlıdır ki, Aleksandr Duqinə ünvanlandığı şübhə doğurmayan qətl hadisəsi müvafiq beynəlxalq təşkilatları, insan hüquqları müdafiəçilərini narahat etmədi.

***

Son illər Şimal qonşumuzun ictimaiyyətinin beyninə yeridilməyə çalışılan, ətraf ölkələrin də ictimai rəyini məşğul edən duqinlərin “bəlkə də qaytardılar” arzularından qaynaqlanan ideoloji mesajların əsas yaranma səbəbini Ukrayna ilə müharibədə axtaranlar bəlkə də yanılmırlar. Yaxından diqqət yetirsək görərik ki, Ukrayna ilə hərbi qarşıdurmanın başlandığı vaxtdan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar heç də tam gücü ilə işləmir. Hazırda bu sahədə durumun bərbad vəziyyətdə olduğunu hamı deyir. Qərbin Rusiyanı neft-qaz gəlirlərindən məhrum etmək istiqamətində atdığı addımlar da tam formal xarakter daşıyır. Rusiya Ermənistan kimi başıpozuq dövlətlərin vasitəsilə öz hərbi sənayesi üçün lazım olan bütün məhsulları Qərb və Şərq istehsalçılarından rahatlıqla alıb gətirir. Elə bunun sayəsində istehsal etdiyi müasir silahlarla Ukraynanın başına od ələyir.

Ağ Evin yeni administrasiyasının Moskvanın nazı ilə oynaması Rusiyanın əl-qolunu daha geniş açmasına rəvac verir. Bunları oxucuya ona görə xatırladırıq ki, ədalətsiz müharibələrin stixiyasında nostalji kökənli istək və niyyətlərin boy verməsi təsadüfi sayılmamalıdır. Duqin bu müstəvidə hətta sərsəm görünsə belə, onun dedikləri həqiqət payından məhrum deyil. Bəli, Rusiya bu müharibədən qalib çıxarsa, ilkin mərhələdə hansı formada olursa-olsun, Sovet İttifaqını bərpa etməyə cəhdlər göstərə bilər. Təbii ki, ruslar yeni ittifaqı SSRİ-nin süqutundan əvvəlki vəziyyətə dərhal qaytarmaq istəməyəcəklər. Bu, hərbi-siyasi, eləcə də hüquqi cəhətdən mümkün deyil. Ola bilsin ki, onlar bu işi tədricən, addım-addım görməyə üstünlük verəcəklər. Əlbəttə, bu, sadəcə, bir ehtimaldır.

***

Yerli ekspertlərin Kremlin “beyni" adlandırdıqları Aleksandr Duqinin son açıqlamaları onun imperiya təfəkkürünün, ümumilikdə, zaman-zaman Rusiyada meydana çıxan “velikorus” meyillərin növbəti dəfə açıq etirafıdır. Əslində, bu cür ideoloji “tiryəklərin” ictimai şüura yeridilməsinə qarşı postsovet ölkələrinin hamısında etiraz səsləri eşidilməli, Duqinə layiq olduğu cavab verilməlidir. Onun Rusiyanın imperiya arzularını təbliğ edən bir ideoloq kimi cəmiyyətin siyasi kəsiminin mövqeyini ifadə etməsi qəbul olunmaya bilər. İntəhası, “Avrasiyaçılıq" adlandırdığı doktrina Rusiyanın Avropa və Asiya arasında yerləşən bir imperiya olaraq hegemonluğunu bərpa etməsini hədəflədiyi sirr deyil. Eyni zamanda, onun Rusiyanın Ukraynadakı müvəqqəti uğurunu digər keçmiş sovet respublikalarının “udulması” üçün əsas olaraq göstərməsi, dolayısı ilə Kremlin geosiyasi ambisiyalarını açıq şəkildə ortaya qoyması kimi də yozmaq mümkündür. Təbii ki, rəsmi Moskva hələlik belə avantürist çağırışları təkzib edən hər hansı bir açıqlama vermədikcə bu qənaəti bölüşənlərin sayı artacaq.

İndi özümüzə sual verək: Azərbaycan bu kimi bəyanatları ciddiyə almalıdırmı? Bəli, çünki bu kimi çıxış və bəyanatlarda ölkələrin suverenliyinə təhdid var. A.Duqinin “qırmızı rəngli” imperiya modeli postsovet ölkələrin müstəqilliyini və siyasi iradəsini şübhə altına alır. Amma o da danılmaz həqiqət və reallıqdır ki, daha nə dünya o dünyadır, nə də zaman o zamandır. SSRİ adlı Şər imperiyasının “dirildilməsi” həm tarixi proses, həm dünyada cərəyan edən hadisələrin xarakteri, həm də dialektikanın qanunları ilə düz-mütənasib deyil. Azərbaycan bu zərərli ideologiyaya qarşı bütün müstəvilərdə – siyasi, ideoloji cəbhələrdə mübarizə aparmağa, qətiyyətli iradə və sərt mövqe sərgiləməyə qadir dövlətdir.

İmran BƏDİRXANLI
XQ



Siyasət