“Amerikasayağı Megobari”

post-img

“Megobari” gürcü dilindən tərcümədə dost deməkdir. Hətta, bu söz özündə dostluğa daha özəl münasibəti ifadə edir. Amma ABŞ Konqresinin Nümayəndələr Palatasının “Megobari aktı” adlandırılmış sənədində dostluqdan əsər-əlamət yoxdur. Elə Gürcüstan tərəfinin də yanaşması fikrimizin təsdiqidir. Sözügedən akt, mahiyyətcə, nə deməkdir, əvvəlcə bu barədə söz açaq.

***

Beləliklə, tam adı Gürcüstanın hesabatlılıq, davamlılıq və müstəqilliyini qurmaq üçün seçimlərini səfərbər etmək və genişləndirmək Aktı (“Mobilizing and Enhancing Georgia’s Options for Building Accountability, Resilience, and Independence Act”) olan “Megobari aktı” ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk dəfə 2024-cü ilin mayında konqresmen Co Uilyams tərəfindən təqdim olunub, lakin qəbul edilməyib. Bu ilin yanvarında isə yenə həmin Uilyams həmkarları Stiven Koen, Riçard Hanson və Mark Vizi ilə birlikdə sənədi yenidən gündəmə gətirib. Akt Konqresin müvafiq komitələrində müzakirə olunub. Senatın Xarici Əlaqələr Komitəsi qanun layihəsini martın 27-də nəzərdən keçirib. İndi isə Nümayəndələr Palatası layihəni yenidən müzakirəyə çıxaracağını açıqlayıb.

Sözügedən qanun layihəsinin 2025-ci ilin martında ABŞ Konqresinin saytında yer almış mətnində bildirilir ki, sənəd Gürcüstan Prezidentindən ölkənin təhlükəsizliyini və ya sabitliyini pozan müəyyən xarici şəxslərə, o cümlədən hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqini tələb edir. Bir qədər ətraflı yanaşsaq, layihə, həmçinin prezidentdən Gürcüstanın təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş hərəkətlərdə və ya siyasətdə iştirak edən istənilən xarici şəxsə qarşı viza məhdudiyyətinin (vizanın bloklanması) tətbiqini və dövlət başçısına həmin şəxsin əmlakını müsadirə səlahiyyəti verilməsini tələb edir. Sənədə görə, sanksiya tətbiq olunan vəzifəli şəxslərin ailə üzvləri də (əgər onların hərəkətindən faydalanıblarsa) məhdudiyyətlərə məruz qalırlar.

Bundan əlavə, qanun layihəsi ölkə prezidenti qarşısında Gürcüstanda Avro-Atlantik inteqrasiyanın qarşısını almaq məqsədilə korrupsiya, zorakılıq və ya hədə-qorxu kimi ciddi əməllərdə qəsdən iştirak etdiyi müəyyənləşdirilmiş şəxslərə qarşı da viza sanksiyalarının tətbiqi tələbini müəyənləşdirir. Söhbət hansı şəxslərdən gedir. Hesab edirik ki, maraqlı məqam həm də budur. Layihədə onların təsnifatlandırılmasında üç meyar müəyyənləşdirilib: 1 yanvar 2014-cü il tarixdən sonra Gürcüstan parlamentinin üzvü və ya Gürcüstanın aparıcı siyasi partiyasının yüksək vəzifəli rəsmisi olmuş şəxslər, hazırda Gürcüstan hökumətində rəhbər vəzifə tutanlar və onların hərəkətindən faydalanmış ailə üzvləri.

Eyni zamanda, onu da bildirək ki, “Megobari aktı”ına əsasən, bu akt qüvvəyə mindikdən sonra Gürcüstan prezidenti Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı çərçivəsində sanksiyaların mümkün tətbiqi məqsədilə hansısa xarici şəxsin ölkədə ciddi korrupsiya əməlləri törədib-törətmədiyini, ölkənin təhlükəsizliyini və ya sabitliyini pozmağa yönəlmiş hərəkətlər edib-etmədiyini müəyyənləşdirməlidir.

Bəli, layihənin Gürcüstanda prezident üsul idarəsini möhkəmləndirməyə xidmət məramı ortadadır. Məsələ ondadır ki, akt hazırlananda qonşu ölkədə ikitirəlik hökm sürürdü. Qərb o zamankı prezident Salome Zurabişvilini müdafiə edirdi. Layihənin də belə bir müdafiə məqsədindən qaynaqlandığı aydındır. Lakin indi vəziyyət fərqlidir. Zurabişvili prezidentlikdən gedib. Mövcud durumda layihənin başqa məqsədləri haqqında söz açmağa ehtiyac yaranır. Bu baxımdan “Megobari”nin “Gürcüstanda son illərdə müşahidə olunan demokratik geriləməyə və Rusiyanın artan təsirinə qarşı ABŞ-ın siyasi mövqeyi” kazusu aktuallaşır.

Əsas məqsədlər kimi, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək, ölkədə demokratiya və insan haqlarını qorumaq, Rusiyanın, Çinin və İranın Gürcüstandakı təsirinə qarşı mübarizə aparmaq, habelə sonuncunun Avropa İttifaqına və NATO-ya inteqrasiyasını təşviq etmək götürülür. Bir qədər konkret desək, “Megobari aktı”nda Gürcüstanın Qərb strukturlarına üvlük arzularını yaşatmaq, Rusiyanın təcavüzünə qarşı ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük istiqamətində islahat planı həyata keçirməsinin təşviqi, rəsmi Tbilisiyə Rusiyaya qarşı sanksiyalarının tətbiqi və icrası istiqamətində yardım etmək öz əksini tapıb. Sənəddə, həmçinin Gürcüstanda demokratik dəyərlərin inkişafına kömək göstərmək və bu dəyərləri pozan şəxslərə qarşı tədbirlər görmək, gürcü xalqının və vətəndaş cəmiyyətinin demokratik təşəbbüslərini, dinc etiraz və öz gələcəyini sərbəst müəyyənləşdirmək hüququnu dəstəkləmək, habelə ölkənin Daxili İşlər Nazirliyi və digər qurumlarının ifadə azadlığına və qanunun aliliyinə hörmətlə yanaşmalarının təşviqi nəzərdə tutulur.

***

Ümumiləşdirmə aparsaq, belə rəyə gələ bilərik ki, “Megobari aktı” Gürcüstanın daxili işlərinı qarışmaqdan başqa bir şey deyil. Sənəd həm daxili işlərə qarışmaq, həm də ölkəni qlobal konfrantasiyalar meydanına çevirmək məqsədi güdür. Açıq desək, belə bir əndazəsiz akt Birləşmiş Ştatların qanunvericilik sistemi üçün əsl rüsvayçılıqdır. Elə ona görə də Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili qanun layihəsini “nankorluq aktı” adlandırmış və bildirmişdi ki, sənəd Gürcüstanın ABŞ-a keçmişdəki dəstəyini nəzərə almır. O, ölkəsinin Birləşmiş Ştatların yanında olduğunu və bu cür sənədlərin gürcü xalqına zərər verəcəyini vurğulamışdı. Hazırda gürcü iqtidarının təmsilçilərinin də məsələyə münasibəti cənab Papuaşvilinin fikirlərindən bir o qədər fərqlənmir. Ancaq...

***

ABŞ Konqresi Nümayəndələr Palatasının məlumatını şərh edən hakim “Gürcü Arzusu” Partiyasının liderlərindən biri, Tbilisi meri Kaxa Kaladze bildirib ki, ABŞ-dakı dərin dövlət hələ də məğlub olmayıb və köklərə malikdir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar ötən illər ərzində Gürcüstan üzrə agentlər şəbəkəsinin yaradılmasına yüz milyonlarla vəsait xərcləyib ki, lazım gəldikdə Gürcüstanda dəfələrlə həyata keçirməyə cəhd göstərdikləri dövlət çevrilişi təşkil etsinlər. Bütün bunlar USAID və müxtəlif fondlar tərəfindən maliyyələşdirilib. Dərin dövlət məğlub olmayıb. Biz ölkəmizin maraqlarını qoruyuruq. Əgər Tramp onu (köhnə sistemi – red.) məğlub edə bilsə, biz bunu alqışlayacağıq. Böyük və ya kiçik ölkə olmasından asılı olmayaraq, heç kəsə maraqlarımızı tapdalamağa və onlardan, məsələn, Ukraynadakı kimi sui-istifadəyə imkan verməyəcəyik”, – deyə K.Kaladze vurğulayıb. Tbilisi meri Gürcüstanın ABŞ-la münasibətlərdə yeni mərhələnin başlayacağına ümid bəslədiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Gürcüstanın parlament çoxluğunun digər nümayəndəsi, gürcü parlamentinin təhsil komitəsinin sədri Givi Mikanadze deyib ki, sözügedən aktın adı onun təqdimat konteksti ilə qətiyyən uyğun deyil: “Bu, qərəz xarakterli aktdır. Ümid edirik ki, sənəd ya ümumiyyətlə qəbul edilməyəcək, ya da onda haqlı dəyişikliklər aparılacaq”. O əlavə edib ki, Gürcüstan əhalisi parlament seçkilərində iradəsini azad şəkildə bildirib.

Sonda bildirək ki, biz də öz növbəmizdə bilavasitə K.Kaladzenin vurğuladığı məqamın üzərində dayanmaq istərdik. Çünki ABŞ-ın əvvəlki dövlət başçısının administrasiyası elə ağlagəlməz tədbirlərə, əndazəsiz gedişlərə baş vururdu ki, heyrətlənməyə bilmirdin. Əslində, adı dostluqla bağlı olsa da, qayəsində heç bir dostluq əməlinin dayanmadığı “Megobari aktı” da belə əndrəbadi yanaşmalardan biridir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət