Çin və Azərbaycan səmimi, mehriban, dost və qarşılıqlı fayda əldə etməyə çalışan bərabərhüquqlu, etibarlı tərəfdaşlardır. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu andan indiyədək ikitərəfli əlaqələr sağlam və sabit şəkildə inkişaf edir. Bunun nəticəsidir ki, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələr genişlənir. Eyni zamanda, “Bir kəmər, bir yol” layihəsi və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq böyük önəm daşıyır və böyük perspektivlər vəd edir.
2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu “Sinxua” agentliyinə verdiyi müsahibə də Azərbaycan–Çin münasibətlərinin strateji xəttini, gələcək prioritetlərini geniş və əhatəli şəkildə nümayiş etdirdi. Müsahibədə Azərbaycan–Çin əməkdaşlığının iki ölkənin əlaqələrinin qlobal miqyas aldığını göstərdi. Dövlət başçımızın Çinə səfəri zamanı tərəflər arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə Anlaşma Memorandumun imzalanması Pekinin işğaldan azad olunmuş ərazilərimizin minadan təmizlənməsi və inkişafında maraqlı olduğunu göstərdi.
Bu barədə Çinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Lu Mey Bakıda keçirilən brifinqdə dedi: “Çin Azərbaycanda insanların rifahının təmin edilməsinə böyük önəm verir və uzun illərdir Heydər Əliyev Fondu ilə birlikdə şəhid ailələrinin uşaqlarına və həyat çətinlikləri yaşayan uşaqlara yardım məqsədilə layihələr həyata keçirir. Səfər zamanı tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə Anlaşma Memorandumu imzalayıblar. Çin öz imkanları daxilində Azərbaycana minatəmizləmə və mina qurbanlarına dəstək sahələrində humanitar yardım göstərməyə davam edir”.
Bəli, bu gün Azərbaycanla Çin arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq ölkəmiz üçün çox önəmlidir. Hazırda Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, iqtisadiyyatının dirçəldilməsi və böyük qayıdışın təmin edilməsidir. Çin bu tədbirlərdə yaxından iştirak etmək və sərmayə yatırmaqda maraqlıdır. Azərbaycan tərəfi də buna müsbət yanaşır. Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında Baş nazirin müavini Şahin Mustafayev Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edib. Bu baxımdan Çin Cənubi Qafqaz regionunda davamlı sülhə nail olunmasında və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Əməkdaşlığa ən böyük çətinlik yaradan amil isə mina problemidir.
Yada salaq ki, Azərbaycanın 12 faizdən çox ərazisinə minalar basdırılıb. Ölkəmizin ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir.
Aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm plantasiyalarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Onlara, həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Hətta bəzi yaşayış məntəqələrinin qəbiristanlıqları da minalanıb.
Milli Məclisinin deputatı Fatma Yıldırım bildirdi ki, Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir: “Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci ildə Vətən müharibəsinin bitməsindən bəri mina partlayışları nəticəsində, ümumilikdə, 392 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
Yalnız hərbi qulluqçular deyil, çoxsaylı mülki şəxslər, öz xidməti vəzifələrini və peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanlar, o cümlədən media nümayəndələri onun qurbanı olublar. Bu yaxınlarda Ağdamda bir mülki şəxsin mina qurbanı olması təhlükənin davam etdiyini göstərir. Statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Bunların 359-u uşaq, 38-i qadındır. Bu rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir. Problemin miqyasını və faciəvi nəticələrini göstərir”.
Deputat dedi ki, humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir: “Təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir”.
Dəstək isə gözlənildiyindən çox azdır. Məsələn, Avropa İttifaqından (Aİ) Azərbaycanda minatəmizləmə əməliyyatları üçün ayrılan ümumi maliyyə, bu il ayrılan vəsaitlər nəzərə alınmaqla, təxminən 23 milyon avroya çatacaq. Əlbəttə, Brüsselin ayırdığı məbləğ problemin miqyası ilə müqayisədə çox azdır. Müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, hələ də minadan təmizlənməmiş kifayət qədər ərazi var. Həmin ərazilərin təmizlənməsi isə illərlə vaxt aparacaq. Bu səbəbdən Azərbaycan Aİ ilə əməkdaşlığın daha da genişlənməsində və birgə daha böyük layihələrin həyata keçirilməsində maraqlıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək, ayrılacaq məbləğin həcmi artacaq.
Deputat daha sonra dedi ki, kollektiv Qərb yardımdan başqa, Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir. Erməni tərəfinin təqdim etdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir. Əgər minalanmış ərazilərin xəritələrinə çıxış olmasa, mina təmizləmə fəaliyətləri çox çətinləşəcək.
Bu rəqəm ciddi təhlükədən xəbər verir. Basdırılan minaların isə 75 faizinin dəqiq yeri məlum deyil. Yeri məlum olmadığı üçün böyük həvəslə, böyük ruhla torpaqlarına geri dönən insanlar mina qurbanına çevrilir, ölür və ya əlil olurlar. Deməli, mina terroru həm fiziki təhlükə yaradır, psixoloji gərginliyə səbəb olur, həm də insanların gündəlik yaşamına neqativ təsir göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi problemlər yaradır.
Ona görə də, tezliklə işğaldan azad olunmuş ərazilərimiz minadan təmizlənməli, sərmayələrin yatırılması üçün geniş imkanlar açılmalıdır. Bu sahədə Çinlə əməkdaşlıq faydalıdır. Artıq Çin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) ilə əməkdaşlıq qurmaqla Azərbaycanın Qarabağ bölgəsinin bərpasına dəstək nümayiş etdirir. Əhalinin təbii sərvətlərə təhlükəsiz çıxışının təmin edilməsinə, eləcə də əhalinin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə qayıtması üçün şəraitin yaradılmasına kömək edir.
ANAMA son 4 il ərzində (2021-2024-cü illər) 179 min 186 hektar ərazini mina və partlamamış sursatlardan təmizləyib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022–2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Plana uyğun olaraq, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da o deməkdir ki, müddətin bitməsinə bir il qalsa da, dövlət proqramında nəzərdə tutulan ərazinin 73,95 faizi minalardan təmizlənib.
Bundan başqa, tədbirlər planında 2026-cı ilin sonuna kimi işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmiş ərazilərin sahəsinin 280 min hektara çatdırılması qeyd olunub.
ANAMA-dan verilən son məlumata görə, azad olunan ərazilərdə aprel ayı ərzində 79 tank əleyhinə mina, 302 piyada əleyhinə mina, 3047 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Minatəmizləmə işlərinin görülməsində Çinin dəstəyinin rolu böyükdür. Bu sahədə iki ölkə arasında məhsuldar əməkdaşlığın həyata keçirilməsi, zəruri müqavilə-hüquqi baza yaradılması günün tələbidir. Nəticə etibarilə Azərbaycan–Çin münasibətlərində yeni mərhələnin əsası qoyulub.
Bu gün Bakı ilə Pekin arasında bir-birinə hörmət və strateji əməkdaşlıq əsasında qurulan münasibətlər beynəlxalq sistemdə sülh, təhlükəsizlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq nümunəsi kimi dəyərləndirilir. Bu çərçivədə siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticarət, nəqliyyat və minatəmizləmə sahələrində əməkdaşlığın dərinləşməsi regional sabitlik və inkişaf üçün mühüm imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzurun bərpa və inkişafında önəmli rol oynayacaq. Bu, yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından deyil, həm də Asiya ilə Avropa arasında geostrateji körpünün güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Pünhan ƏFƏNDİYEV
XQ