Strateji tərəfdaşlığa ucalan müttəfiqlik

post-img

Azərbaycan–Pakistan qardaşlığı, sadəcə, diplomatiya deyil, həm də geosiyasi manifestdir

Azərbaycan–Pakistan münasibətləri müasir beynəlxalq münasibətlər sistemində istisna xarakteri daşıyan əməkdaşlıq modellərindən biridir və iki dövlət arasında əlaqələrin kökləri sadəcə, siyasi və diplomatik maraqlarda deyil, eyni zamanda, ortaq tarixi yaddaşda, dini-mədəni yaxınlıqda və sarsılmaz qardaşlıq bağlarında formalaşmışdır. Dövlətlər arasındakı münasibətlər zamanla qarşılıqlı hörmət, etimad və prinsipial mövqelərə əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla iki ölkə arasında qurulan münasibətlərin başlanğıcında artıq səmimi və prinsipial yanaşmanın təməlini qoymuşdur. Təbii ki, diplomatik tanıma Azərbaycanın beynəlxalq aləmdə legitimliyinə verilmiş mənəvi və siyasi dəstəyin simvolu idi. Müstəqilliyin ilk illərində qarşılaşdığı çətinliklər fonunda Azərbaycanın belə bir strateji tərəfdaş qazanması olduqca önəmli idi, lakin bu münasibətlərin tarixində daha dərin və seçilən məqam, şübhəsiz, Pakistanın Ermənistanla bağlı sərgilədiyi prinsipial və ardıcıl mövqedir.

Pakistan bu günə qədər Ermənistanı tanımayan və onunla diplomatik münasibətlər qurmaqdan imtina edən nadir dövlətlərdən biridir. Onun bu qərarı  təkcə emosional və ya dini həmrəylikdən doğmamış, beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət üzərində qurulmuş siyasi mövqeyin təzahürüdür. Pakistanın bu siyasəti həm də beynəlxalq münasibətlər sistemində ədalət və haqqın tərəfində yer almaq istəyinin ifadəsidir.

Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsinə qarşı Pakistanın sərgilədiyi bu qətiyyətli mövqe, əslində, ikitərəfli münasibətlərdə az hallarda rast gəlinən bir diplomatik fədakarlıq nümunəsidir. Diplomatik münasibətlərin qurulması beynəlxalq siyasətdə mühüm alət sayıldığı bir vaxtda, Pakistan kimi regional güc sahibi olan bir dövlətin belə münasibətdən qəsdən imtina etməsi onun Azərbaycanla olan qardaşlığının dəyərini daha da artırır. Pakistanın bu addımı həm də  regional və beynəlxalq ictimaiyyətə bir mesaj idi: ədalət uğrunda prinsipiallıq zaman-zaman siyasi və iqtisadi maraqların fövqündə dayanmalıdır. 

44 günlük Vətən müharibəsi zamanı Pakistanın siyasi rəhbərliyindən tutmuş, ictimaiyyətinə qədər hər səviyyədə Azərbaycana göstərilən dəstək bu prinsipiallığın sadəcə, sözlərlə deyil, əməli davranışla da təsdiq edildiyini göstərdi. Pakistan parlamentində ölkəmizin haqq işinə dair qəbul edilən qətnamələr, paytaxt İslamabadda Azərbaycanın milli bayrağının qaldırılması və kütləvi informasiya vasitələrində yayımlanan dəstək çağırışları bu qardaşlığın ictimai şüurda nə qədər dərindən kök saldığını ortaya qoydu.

Bütün bunlar onu göstərir ki, Pakistanın Ermənistanla diplomatik əlaqə qurmaqdan imtinası təsadüfi və ya müvəqqəti taktiki addım deyil, strateji və mənəvi dəyərlərə söykənən uzunmüddətli siyasi qərardır və belə bir mövqe XXI əsrin çoxqütblü və tez dəyişən diplomatik konfiqurasiyasında nümunəvi davranış kimi qəbul olunmalıdır.

Bu gün Azərbaycan–Pakistan münasibətləri XXI əsr reallıqları fonunda formalaşan çoxşaxəli strateji tərəfdaşlığın parlaq təzahürüdür. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq bu tərəfdaşlığın ən mühüm komponentlərindən biri kimi önə çıxır. 2021-ci ildən etibarən Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə keçirilən “Üç qardaş” hərbi təlimləri artıq ənənə halını alıb və regionun hərbi-siyasi gündəmində mühüm yer tutur.

Hərbi təlimlər ilk dəfə 2021-ci ilin sentyabr ayında Bakıda keçirildi və üç qardaş ölkənin strateji hərbi koordinasiya imkanlarını nümayiş etdirdi. “Üç qardaş” hərbi təlimləri, əslində, regionda qeyri-dost qüvvələrə yönəlmiş açıq geosiyasi mesaj idi: Azərbaycan, Türkiyə və Pakistan artıq vahid təhlükəsizlik məkanında birləşirlər.

Əlavə olaraq qeyd edilməlidir ki, Pakistan, Türkiyə və Azərbaycanın üçtərəfli əməkdaşlıq platforması artıq enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri (məsələn, Bakı–Tbilisi–Qars dəmir yolu və Cənub–Şərqi Asiyanı Qafqaza bağlayan potensial marşrutlar), regional logistika və diplomatik koordinasiya sahələrinə də sirayət edir və qlobal güc mərkəzlərinin dəyişən nisbətləri fonunda yeni bir inteqrasiya modelinin yaranmasına zəmin yaradır.

Azərbaycan  öz növbəsində Pakistanın strateji təşəbbüslərinə də aktiv dəstək verir. Orta Dəhliz–Çindən Avropaya qədər uzanan nəqliyyat marşrutunun əhəmiyyəti artdıqca, Pakistanın bu dəhlizə inteqrasiyası, xüsusilə Qvadar limanı ilə Bakı limanı arasında əlaqələrin qurulması Cənubi Asiya ilə Qafqaz və Avropa arasında yeni ticarət magistralının formalaşmasına zəmin yaradır. 

Eyni zamanda, Cənub-Cənub əməkdaşlığı çərçivəsində Bakı və İslamabad arasında ticarət və logistika sahəsində qarşılıqlı maraq artmaqdadır. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri və Pakistanın Çin–Pakistan İqtisadi Dəhlizi layihəsi bu iki dövlətin nəqliyyat və enerji sahəsində tamamlayıcı rollar oynaya biləcəyini göstərir. Çin–Pakistan İqtisadi Dəhlizi Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və layihənin əsas məqsədi Çinə qısa və təhlükəsiz ticarət marşrutu təqdim etməklə yanaşı, Pakistanın enerji və infrastruktur potensialını artırmaqdır.

Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlığın mühüm sütunlarından biri də beynəlxalq təşkilatlar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstək və diplomatik həmrəylikdir. Hər iki ölkə müxtəlif beynəlxalq və regional qurumlarda, xüsusilə Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi platformalarda bir-birinin maraqlarını ardıcıl şəkildə müdafiə edirlər. 

Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Pakistan bu təşkilatın fəaliyyətində mühüm tərəfdaşlardan biri kimi çıxış etdi. Ermənistanın işğalçı siyasətini ifşa etmək, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmək və Cənubi Qafqazda sülh və sabitlik çağırışlarını beynəlxalq tribunalara çıxarmaq üçün Pakistan daim fəal diplomatik mövqe nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan da Pakistanın Kəşmir məsələsində ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə dəstəkləyir. Azərbaycan rəsmiləri bu problemin BMT qətnamələri və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayır, Pakistanın ərazi bütövlüyünə hörmət prinsipinə sadiqliyini nümayiş etdirirlər.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycan və Pakistan daima bir-birinin maraqlarını dəstəkləyən qətnamələrin qəbulunda koordinasiyalı şəkildə çıxış edirlər. İƏT toplantılarında Azərbaycanın Ermənistanın dini və mədəni irsə qarşı törətdiyi vandalizm aktlarını gündəmə gətirməsi və Pakistanın buna aktiv dəstək verməsi, iki ölkənin İslam dünyasında həmrəyliyini gücləndirən mühüm amillərdəndir. Deməli, Azərbaycan – Pakistan münasibətləri artıq regional müttəfiqlik çərçivəsini aşaraq beynəlxalq platformalarda strateji və ideoloji həmrəyliyə çevrilib. 

Sonda qeyd etmək istərdik ki, bu münasibətlər regional təhlükəsizlik arxitekturasının yenidən qurulmasında və İslam dünyasında həmrəylik modelinin formalaşmasında mühüm rol oynayacaq.  

Şəbnəm ZEYNALOVA, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Siyasət