Bu xanım Ermənistanın silahlandırılmasında fəal iştirak edib
Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatında şanlı qələbələr qazandıqdan sonra özünə yeni dostlar və yeni düşmənlər qazandı. Dostlar Bakıya səfərə gələrək 30 illik Ermənistan iğalından və vandallığından azad edilmiş Qarabağa gedir, burada ermənilər tərəfindən həyata keçirilmiş vəhşiliklərlə, bütöv şəhər və kəndlərin dağıdılaraq yerlə-yeksan edilməsini görür, eyni zamanda, Azərbaycanın 20 faizdən artıq ərazisini əhatə edən bu torpaqlarda aparılan genişmiqyaslı tikinti işlərinin şahidi olurlar.
Eyni zamanda, Azərbaycana dost olmayan, birmənalı şəkildə təcavüzkar, terrorçu Ermənistanın yanında dayanan ölkələrdən və beynəlxalq təşkilatlardan gələnlər də olur. Budur, indiyədək Azərbaycanın işğal altındakı ərazilərində daşı-daş üstə qoymamış, bizim mədəni, dini və tarixi abidələrimizi viranəyə çevirmiş, məscidlərimizdə donuz saxlamış Ermənistana dəstək verən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfərə gəlir.
Kallasın gəlişi bu günə nəzərdə tutulur. Aİ-nin rəsmi saytında bununla bağlı yayılmış məlumatda bildirilir ki, ali nümayəndə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra isə birgə mətbuat konfransı keçiriləcək. Kallasın gənc Avropa səfirləri ilə görüşü də nəzərdə tutulub.
Əlbəttə, xanım Kallasın da, onun sələfi olmuş Aİ rəhbərlərinin də Azərbaycana və Ermənistana münasibəti bizə yaxşı məlumdur. İstər bu təşkilatda, istərsə də digər Qərb qurumlarında bir nəfər də bütün 30 il ərzində Azərbaycan ərazilərində törətdiyi vəhşilik və vandallıqlara görə Ermənistana “dur!” deyən olmayıb. Əksinə, bu dəhşətli əməllərə, Azərbaycan əhalisinə qarşı törədilmiş açıq-aşkar soyqırımı aktlarına susqunluqla cavab verilib. Sanki bütün bu əməllər Ermənistanın “demokratik dövlət” quruculuğunu təsdiqləyən faktlar kimi qəbul edilib. Əraziləri işğala və dağıntılara məruz qalmış Azərbaycana qarşı isə “qeyri-demokratik”, “insan haqlarını pozan”, “sərbəst toplaşmaq azadlığına imkan verməyən” ölkə imici qazandırmağa çalışıblar. Ermənilər Kəlbəcəri tərk edərkən bütün evlərə, meşələrə, heyvanlara od vurub yandıranda Aİ-də dad çəkirdilər ki, amandı, qoymayın, Azərbaycan erməni abidələrini dağıdacaq...
Bəlkə xanım Kallasın Azərbaycana səfəri qarşısında vəziyyət dəyişib? İnanmırıq! Yenə də köhnə hamam, köhnə tasdır. Sadəcə, indi Aİ rəsmiləri Azərbaycana qalib, qurucu ölkə kimi gəlirlər. Ermənistana isə “demokratiya”, bəli, bəli, “əsl demokratiya” məbədi kimi baxmaqda davam edirlər. Azərbaycandan qaz almağa, Ermənistana isə silah verməyə tələsirlər.
Gəlin, hələlik xanım Kallasın Bakıya səfəri ərəfəsində Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazonun ona müraciəti ilə tanış olaq: “Madam Kaya Kallas. Diplomatik turunuz çərçivəsində eyni vaxtda Ermənistana getməyi nəzərdə tutmadan, sistematik olaraq öz qonşusunu təhdid edən avtokratik ölkəyə səfərə getməyiniz doğru deyil. Ermənistan üzünü Avropaya çevirdiyi bir vaxtda, Bakı Aİ-nin üzvü olan dövlətə qarşı pozucu fəaliyyət aparır və Rusiyanın tərəfində çıxış edir”.
Bəli, bu, fransız nümayəndəsinin çıxışıdır. Onun təmsil etdiyi ölkənin prezidenti Emmanuel Makronun da bizə və Ermənistana münasibəti məlumdur. Rəsmi Parisin hay qonşularımızın Azərbaycana qarşı terrorçuluq və etnik zəmində nifrət siyasətini böyük həvəslə dəstəklədiyini dünyada bilməyən yoxdur. Bizim Vətən müharibəsindən sonra isə Makron Ermənistana açıq-aşkar silah-sursat göndərməklə məşğuldur. Bu yandan da, məhz Makronun təşəbbüsü ilə Ermənistanda Aİ-nin müşahidə missiyası yerləşdirilib və son zamanlar bu missiya əməlli-başlı hərbi qüvvəyə çevrilməkdədir. Aİ tərəfindən rəsmi İrəvana hərbi yardımın göstərilməsi də bu prosesin davamıdır.
Avropa Sülh Fondu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silahlandırılmasında aktiv iştirak edən qurumlardan birinə çevrilib. Aİ özünün bu niyyətini məhz fond tərəfindən icra edir. Təbii ki, bütün bunlar Aİ ilə Ermənistan arasında keçən il aprelin 5-də Brüsseldə keçirilmiş görüşün praktik nəticələridir. Aİ rəsmiləri görüş zamanı razılaşdırılmış detalları, əslində, İrəvana silah göndərişləri barədə razılaşmaları gizli saxlamağa çalışsalar da, xoruzun quyruğu görünməkdədir. Bu, birmənalı şəkildə Azərbaycana qarşı hərbi paktdır. Adı və əməli arasında kəskin ziddiyyət olan Avropa Sülh Fondu isə nəinki regionda sülhə xidmət etmir, əksinə, eskalasiyaya, revanşizmə dəstək verir.
Bəs keçən il bu fonda 10 milyon avro həcmində “qeyri-hücum” yardımı ayrılması barədə təklifi Aİ Şurası qarşısında kim qaldırsa yaxşıdır? Hörmətli qonağımız Kaya Kallas! Nə yaxşı ki, Avropada Macarıstan kimi həqiqəti deyənlər var imiş. Macarıstan bu yardımın ayrılmasına imkan verməyib.
O, Aİ-nin Avropa sülh mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avroluq hərbi yardım göstərməsinə də mane olub. Brüsseldəki diplomatik mənbə “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Budapeşt qərara veto qoyub.
Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edərək, Ermənistana bu vəsaitin ayrılmasına mane olub.
Budur, indi xanım Kallas bizim qonağımız olacaq. Görək, keçmiş SSRİ-də müttəfiq respublikalardan biri olan Estoniyanın baş naziri olmuş bu xanım Avropa İttifaqını Azərbaycana dost edə biləcəkmi?..
Paşa ƏMİRCANOV
XQ