Xəzər çəkilir geri – yaraya çevrilir yeri

post-img

Dənizin ekoloji problemləri hövzə dövlətlərini ciddi narahat edir 

Son vaxtlar beynəlxalq mediada Xəzərlə bağlı narahatlıq doğuran xəbərlər yayılır. Məsələn, məşhur Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına əsaslanılaraq, qlobal istiləşmənin ən əlverişli ssenarisi (+2°C) şəraitində belə, cari əsrin sonunda dənizin səviyyəsinin 5-10 metr aşağı düşə biləcəyi bildirilir. Tədqiqatçılar tərəfindən ən pessimist proqnozun doğru olacağı təqdirdə isə enişin 21 metr olacağı vurğulanır. 

Belə bir şəraitdə 15 milyona yaxın insanın yaşadığı regionda genişmiqyaslı ekoloji fəlakətin yaşanacağı xatırladılır. Qeyd edək ki, sözügedən elmi araşdırmanın nəticələri Böyük Britaniyanın “Communications Earth & Environment” jurnalında diqqətə çatdırılır.

Məqalədə planetin ən böyük endoreik su hövzəsi olan Xəzərin unikal ekosistemin saxlanmasında əsas rol oynadığı bildirilir. Başqa sözlə, Xəzər, eyni zamanda, dəniz suitisi, ağcaqayın, ulduz nərə balıqları və bir çox digər endemik növlərin məskəni kimi tanınır. Hesablamalar göstərir ki, temperaturun minimal artması ilə belə dənizin su səthinin sahəsi 112 min kvadrat kilometr azala bilər. Bu isə İslandiya kimi bir ölkənin ərazisindən böyükdür.

Alimlərin fikrincə, Xəzərin davamlı dayazlaşması perspektivdə biomüxtəlifliyə və yerli əhalinin rifahına mənfi təsir göstərəcək. Məsələn, bu dənizin şimal sahillərində balıqçılığın yoxa çıxması onları əsas gəlir mənbəyindən məhrum edəcək, sərt iqlim şəraiti isə alternativ iqtisadi fəaliyyətlərin, o cümlədən kənd təsərrüfatının inkişafını dayandıracaq. Üstəlik, Bakı və Aktau kimi iri liman şəhərləri yeni sahil zolağından onlarla kilometr aralı yerləşəcək. Bu isə regionda neft hasilatı üçün zəruri olan bütün logistik infrastrukturun köklü şəkildə yenidən qurulmasını tələb edəcək. Nəhayət, Aral faciəsi kimi Xəzərin dayazlaşması da dəniz dibindən duz və sənaye çirkləndiricilərinin yayılması nəticəsində yaranan zəhərli toz fırtınalarına səbəb olacaq. 

Tədqiqatçılar isə gözlənilən fəlakətin təsirini yumşaltmaq üçün tədbirlər kimi qoruq ərazilərin yaradılmasını, biomüxtəlifliyin monitorinqinə fəal investisiya qoyulmasını və sahilyanı iqtisadiyyatların şaxələndirilməsini qətiyyətlə tövsiyə edirlər. 

Yeri gəlmişkən, Xəzərin dayazlaşması problemi sahilyanı ölkələrin dövlət başçılarında da ciddi narahatlıq doğurub. Rusiyanın dövlət informasiya agentliyi “RİA Novosti”nin məlumatına əsasən, ölkə Prezidenti Vladimir Putin mediaya müsahibəsində bildirib ki, azərbaycanlı və qazaxıstanlı həmkarları İlham Əliyev və Qasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizində ekoloji fəlakətin qarşısının alınması yolları müzakirə olunub, hamını narahat edən bu məsələyə həssaslıqla yanaşılmasının zəruriliyi vurğulanıb. 

Agentliyin yazdığına görə, Rusiyanın dövlət başçısı fikirlərini belə davam etdirib: “Azərbaycanda keçirilən görüşlərdə İlham Əliyev bu barədə danışıb, Qazaxıstanda Qasım-Jomart Tokayev də məsələyə münasibət bildirib. Xəzərin dayazlaşması hər kəsi narahat edir. Əlbəttə, bundan, ilk növbədə, nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma, ümumilikdə, bu, böyük problemdir”.

Azərbaycan Prezidenti İlham Əliyev isə ötən il noyabrın 13-də Bakıda keçirilən COP29 konfransı çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində Xəzərin dayazlaşması məsələsinə toxunaraq iqlim dəyişmələrinin hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərdiyini bildirib. “Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır...”. 

Dövlətimizin başçısının Xəzərin dayazlaşması ilə bağlı başqa bir fikri də diqqət çəkir. Prezident İlham Əliyevin keçən ilin avqust ayının 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşdə Azərbaycan lideri Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə həmkarı ilə fikir mübadiləsi aparıb: “Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”.

Qeyd edilməlidir ki, Azərbaycana ­həmin dövlət səfərindən sonra Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üçün elmi təhlillərin aparılmasına dair göstəriş verib. Hələlik isə otən müddətdə dənizdə yaşanan ekoloji problemlərdən bütün sahilyanı ölkələrin təsirlənməsi davam edib. Belə vəziyyətdə Azərbaycan Xəzər dənizinin xilasının uzunmüddətli beynəlxalq əməkdaşlığın təməl prinsiplərindən birinə çevrilməsini prioritet hesab edir. 

Mütəxəssislərin fikrincə, Xəzər boyu 5 dövlət tərəfindən paylaşılan sözügedən dənizin unikal ekosistemini qorumaq çətin olsa da, həlli mümkündür. Azərbaycanın yanaşması isə belədir ki, sahilyanı ölkələr dənizi qorumaq üçün koordinasiyalı səy göstərməlidir.

Yeri gəlmişkən, xatırladaq ki, hələ 2003-cü ilin noyabrında Tehranda 5 sahilyanı dövlət – Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan Xəzər dənizinin qorunmasına yönəlmiş mühüm çərçivə konvensiyasını imzalayıblar.

Beləliklə, 2006-cı ilin avqustundan qüvvəyə minən sənəd təkcə Xəzərin mümkün çirklənmə mənbələrindən qorunmasını deyil, həm də dənizin mühafizəsini özündə ehtiva edir. Dənizdə dayazlaşma davam edərsə, bu, gələcəkdə ekoloji problemlərlə yanaşı, çox ciddi sosial-iqtisadi fəsadlara da gətirib çıxaracaq. Belə ki, dəniz üzərindən daşımalarda, limanların və digər infrastrukturun fəaliyyətinin pozulmasında yaranacaq problemlər milyonlarla insanın, həmçinin bütün Xəzəryanı ölkələrin sosial-iqtisadi həyatına mənfi rakursda təsir göstərəcək. 

“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqlim dəyişikliyinin təsirini araşdıran birgə tədqiqat layihəsinə start verib. Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) yaydığı məlumata görə, hazırda layihə çərçivəsində süni intellekt və məsafədən müşahidə texnologiyalarının imkanlarından istifadə edilərək, dənizin son 20 ildəki vəziyyəti – su səviyyəsinin dəyişməsi, sahil eroziyası və ekosistem pozuntuları kimi göstəricilər üzrə araşdırmalar həyata keçirilir. Bu təşəbbüsə sahil və ekologiya sahəsində ixtisaslaşmış Çinin Ningbo Universiteti tərəfindən dəstək göstərilir. Bu təşəbbüs Azərbaycan və Çin arasında innovativ texnologiyalarla ətraf mühitin qorunması istiqamətində, eləcə də kosmik texnologiyalar, süni intellekt və Yerin məsafədən müşahidəsi sahələrində davamlı əməkdaşlığın inkişafına təkan verir.

Xəzər dənizinin səviyyəsi tarix boyu dəfələrlə dəyişilməyə məruz qalıb. Lakin son illərdə baş verən azalma təbii proseslərdən daha çox insan fəaliyyəti və iqlim dəyişikliyi ilə əlaqələndirilib. Suyun azalması o qədər sürətlənib ki, bəzi sahilboyu ərazilər artıq Xəzərdən uzaq düşüb. Son 20 ildə Xəzər dənizinin suyu, təxminən, 2 metr azalıb. 

Xəzərin geri çəkilməsi təkcə ekoloji problem deyil, həm də mənfi sosial-iqtisadi nəticələr doğura bilər. “Xəzəri xilas et” ekoloji hərəkatının təsisçisi Vadim Ni deyib ki, “biz dənizin şimal hissəsini, xüsusən də Qazaxıstan tərəfindəki şimal hissəsini tamamilə itirə bilərik”.

Ekoloq-alim Ənvər Əliyevin sözlərinə görə, son 20 ildə Xəzərin 2 metr aşağı enməsi qorxulu deyil. Çünki dəniz uzun illər, eralar ərzində də belə bir proseslə üz-üzə qalıb. Xəzər dənizindən, hətta sahilə quru yol olub. Bu dənizin belə proseslərdən keçməsi yetişdiyi coğrafi məkandan irəli gəlib. Xəzərdə suyun artması da, enməsi də ətrafındakı ekosistemə, təsərrüfat strukturlarına problem yaradıb.

Ə.Əliyev qeyd edir ki, Xəzər dənizi şimaldan cənuba doğrudur. Dənizin ən dərin yeri də cənub zonadadır. Dənizin bütün hissələrində səviyyə enir. Amma indi şimal hissəsində daha çox düşməlidir, çünki burada Yerin əyriliyi də nəzərə alınır. Xəzər dənizinin səviyyə tərəddüdü yaxın vaxtlarda, illərdə yavaş-yavaş özünə qayıdacağı gözlənilir. Ümumiyyətlə, Xəzər dənizini heç kim, heç nə xilas etmək gücündə deyil. Bu, təbii mühitin problemidir. Xəzər dənizinin öz ekosistemini yenidən formalaşdıracağı da istisna olunmur.

Ekoloqlar bildiriblər ki, son aylar Xəzərin suyunun geri çəkilməsi əsasən Astara sahillərində, “Bulvar” kompleksi ərazisində qeydə alınıb. Belə ki, dənizdə son yüzillikdə ən aşağı səviyyə 1977-ci ildə (29 metr) müşahidə edilib. Maksimal səviyyə isə 1995-ci ildə (26 metr) olub. Həmin vaxtdan indiyədək Xəzərin səviyyəsinin düşməsi müşahidə edilib. Sakinlər deyirlər ki, suyun geri çəkilməsi dənizin 150 metrliyində kiçik adaların yaranması və Xəzərdə canlı aləmə öz mənfi ­təsirini göstərməsi ilə nəticələnib. Bununla bərabər, dəniz suyunun geri çəkilməsi ilə həyətyanı sahələrdəki quyuların suyu azalıb.

Burada narahatlıq doğuran məqam həm də Xəzərin səviyyəsinin aşağı düşməsinin Orta Dəhlizin fəaliyyətinə mənfi təsir göstərməsi ilə bağlıdır. Bununla əlaqədar bir müddət bundan əvvəl Aşqabadda dünyanın müxtəlif ölkələrindən olan 600-dən çox iştirakçı ilə bu məsələ müzakirə edilib. Bu barədə Mərkəzi Asiya üzrə ekspert Serdar Aytakov “Nezavisimaya qazeta”ya bildirib ki, Orta Dəhlizin əsas keçidi Transxəzər marşrutlarıdır. Aytakovun fikrincə, hazırda bu layihələrdə əsas risk Xəzər dənizinin səviyyəsinin fəlakətli şəkildə enməsidir: “İş o yerə çatıb ki, Türkmənistan hakimiyyəti son bir neçə ildə Türkmənbaşı körfəzinin (keçmiş Krasnovodsk) akvatoriyasının girişindən başlayaraq, tələb olunan dərinlikdə gəmiçilik yollarının yaradılması və saxlanması üçün mütəmadi olaraq dərinləşdirmə işləri aparır. Hökumət sırf bu məqsədlər üçün təcili olaraq dredderlər alır. Körfəzdə manevr etmək üçün gəmilər öz çəkilərini (yəni daşıma qabiliyyətini) yarıya endirmək məcburiyyətindədir. Məsələ təkcə dəniz səviyyəsinin aşağı düşməsində deyil, həm də buxta torpağının təbii xüsusiyyətlərindədir ki, bu da yolların dərinliyini məqbul səviyyədə saxlamaq prosesini sabit və sonsuz edir”. 

Təbii ki, belə bir amil Türkmənbaşı limanı vasitəsilə Transxəzər marşrutu üzrə daşımaların qiymətinə təsir göstərir və bu, Xəzər dənizinin səviyyəsi o həddə qalxmağa və ya azalmağa başlayana qədər təsir edəcək. Bununla da, şübhəsiz ki, limanın sonrakı fəaliyyəti qeyri-mümkün olacaq.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində də səsləndirilib. Konfransda bu məsələdə əsas problemin bir neçə onilliklər ərzində su hövzələrində yağıntıların obyektiv azalması (250 millimetr) olduğu bildirilib. Qeyd edilib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, prosesin bundan sonra da davam edəcəyi proqnozlaşdırılır. 2011-ci ildən 2023-cü ilə qədər Xəzərin səviyyəsinin ötən illə müqayisədə 1,74 metr, son 3 ildə 55 santimetr, 2024-cü ildə isə daha 15 santimetr aşağı düşüb.

Aytakovun qeyd etdiyi kimi, Qazaxıstan və Azərbaycan hidrometeoroloqlarının Xəzər dənizinin səviyyəsinə dair müşahidə məlumatları fərqlidir ki, bu da müxtəlif hidroloji rejimlər və Xəzər dənizinin səviyyəsindəki mövsümi tərəddüdlərlə əlaqədardır. Lakin hər kəs onun səviyyəsinin aşağı enməsinin davam etdiyini bildirir. Kritik səviyyədən aşağı enmə, yəni əvvəllər elmi olaraq artıq qeydə alınıb.

Xəzərin səviyyəsinin getdikcə azalması artıq 20-30 ildir ki, ciddi şəkildə müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəblərindən biri qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalmasıdır. Belə ki, suyun səviyyəsinin dəyişməsi əsasən onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. 

Xəzər dənizinin su balansının 4/5 hissəsini çay axıntıları təşkil edir. 130-dan çox çay Xəzərə axır və onların 9-nun mənsəbi delta xarakterlidir. Bu çaylara misal olaraq Astaraçay, Viləşçay, Volqa, Qaraçay, Kür, Samur, Ural və digərlərini göstərmək olar. Volqa Xəzərə axan ən böyük çay olmaqla su balansının dənizə səth axınının ümumi həcminin 82 faizini təşkil edir. Artıq bir müddətdir ki, Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axarında da azalma müşahidə edilir. 

Xəzəri qidalandıran əsas su hövzələrindən biri də Kür və Araz çaylarıdır. Son zamanlar isə bu çayların suyunda da azalma hiss olunur. Əsas səbəblərdən biri də trans-sərhəd su götürmələrinin artmasıdır. Başqa sözlə, Türkiyə, Gürcüstan və İranda Araz və Kür çaylarından daha çox su götürülür. Bu da çaylarda suyun azalmasına səbəb olur.

Onu da qeyd edək ki, Xəzər dənizində suyun ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. 1977-1995-ci illər ərzində 2,5 metr artıb və növbəti illərdə yenidən azalma müşahidə olunub. 2019-cu ildə isə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr (1977-ci ildəki səviyyədən 1,1 metr yüksək) qeydə alınıb. 

Yuxarıda vurğulananları yekunlaşdırıb qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji və iqtisadi problemlər yaradır, regionun mövcud nəqliyyat layihələrinə, xüsusilə də Transxəzər marşrutuna mənfi təsir edir, Orta Dəhlizlə yük daşımalarını çətinləşdirir.

Rövşən ABBASOV, 
Xəzər Universiteti Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, Ekologiya Nazirliyi yanında İctimai şuranın üzvü

Xəzər beynəlxalq aləmdə ən böyük daxili su hövzəsi kimi tanınır və tez-tez dünyanın ən böyük gölü kimi təsvir edilir. Dənizin qərb sahilində yerləşən Azərbaycan Respublikasının sahil xəttinin uzunluğu 825 kilometrdən çoxdur. Əhalisinin sıx məskunlaşdığı Bakı, Quba – Xaçmaz , Şirvan – Salyan və Lənkəran – Astara iqtisadi rayonları mühüm iqtisadi potensiala malik olmaqla Xəzər ilə bilavasitə təmasdadır və bu regionlarda iqtisadi fəaliyyət birbaşa bu dənizlə bağlıdır. 

Balıqçılıq, qara kürü istehsalı, neft hasilatı, nəqliyyat fəaliyyəti kimi iqtisadi sahələr tarixən Xəzər dənizi ilə bağlı əsas sahələr olub. Ötən əsrin ikinci yarısından etibarən isə mühüm önəm daşıyan turizm və rekreasiya fəaliyyəti Xəzərin ən mühüm xüsusiyyətləri kimi diqqətdə saxlanılıb. 

Xəzərin ekosistem dəyərləri çoxşaxəlidir və bu, insan həyatının bütün cəhətlərini əhatə edir. Dəniz ətraf ərazilərdə iqlimin tənzimlənməsində, isti mövsümdə temperaturun aşağı salınmasında, soyuq mövsümdə isə yüksəlməsində müstəsna rol oynayır. Bu tənzimləmə Avrasiyanın sərt kontinental iqlimini yumşaltmağa və Xəzər regionunu daha əlverişli bir iqlimə uyğun yerə çevirməyə təsir göstərir. 

Xəzər dənizi, eyni zamanda, sahilində yerləşən iri şəhərlərin havasının keyfiyyətinin yaxşılaşdırılmasına mühüm təsir göstərən su hövzəsidir. Məsələn, Bakıda havanın keyfiyyətini yaxşılaşdıran əsas təbii amil onun Xəzər dənizinin sahilində yerləşməsidir. Belə ki, dənizlə quru arasında əsən davamlı küləklər Bakıdan çirklənmiş havanın çıxarılmasında müstəsna rol oynayır. Hazırda bu küləklərdən enerji almaq üçün genişmiqyaslı layihələr gerçəkləşdirilir və Xəzərin külək enerjisindən gələcəkdə “yaşıl” hidrogen mənbəyi kimi istifadə oluna biləcəyi güman edilir.

Dəniz suyu getdikcə cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilir. Bunu belə bir məqam da təsdiqləyir: Bu gün Xəzərin Azərbaycan və Türkmənistan sahillərində dəniz suyundan içməli su kimi istifadə etməyə imkan verən duzsuzlaşdırma qurğularının yaradılması daim diqqətdə saxlanılır. İqlim dəyişikliyinin Azərbaycan çaylarında mövcud suyun miqdarını durmadan azaldacağı və Xəzərdən şirin suya olan tələbatı artıracağı gözlənilir.

Xəzər dənizinin ətrafındakı göllər və bataqlıqlar isə su quşlarının yaşaması, qışlaması və ovlanması üçün böyük əhəmiyyət kəsb edir. Hər il milyonlarla köçəri quş o bataqlıqlarda qışlayır. ­Dənizlə eyni ekosistemi təşkil edən Qızılağac bataqlığı quşların qışda bu yerlərdə məskunlaşması üçün əlverişli yerdir. 

Xəzərin Azərbaycan sahillərinin uzunluğu 825 kilometrdir. Dənizin bu hissəsində 20 böyük ada var. Bu adalar, eləcə də çimərliklər ən müxtəlif kurort fəaliyyətləri üçün çox əlverişlidir. Məsələn, Abşeron yarımadasındakı və Nabranın kurort zonasındakı çimərliklər bir sıra turizm fəaliyyəti üçün əlverişlidir. 

Xəzərin sahilyanı əraziləri il boyu günəşli olduğundan, incə qumlu çimərliklərdə çoxlu rekreasiya resursları var və buna görə də kurort fəaliyyətinin təşkili üçün böyük potensial mövcuddur. Dənizin Azərbaycan sahillərinin iqlimi əsasən quru subtropikdir, yayda temperatur 40°C-ə çatır. Abşeron yarımadasının yaxınlığında 160-dan çox günəşli gün var və günəşli saatlar daha çox may-sentyabr aylarında müşahidə olunur. 

Yay mövsümündə Xəzər dənizində dəniz suyu 30 dərəcəyə qədər qıza bilir və isti suyun temperaturu 4-5 ay dəyişməz qalır. Bu, çimərlik mövsümünün mayın ortalarından sentyabrın sonuna qədər davam etməsinə imkan verir. Qızılı incə qum və turşulu su çimərlik fəaliyyəti üçün çox əlverişli şərait yaradır.

Dəniz səviyyəsindəki dalğalanmalar (azalma-çoxalma) geniş spektrli problemlərə səbəb olur. Məsələn, 1978-1995-ci illərdə dəniz səviyyəsinin qalxması səbəbindən 400 min hektardan çox sahilyanı ərazi su altında qalmışdır ki, bunun da 50 min hektarı Azərbaycandadır. Həmin dövrdə Azərbaycanda 50 yaşayış məntəqəsi uzunmüddətli su altında qalıb. Daşqınlar 250 istehsalat obyektini, Bakı-Astara dəmir yolunun 20 kilometrini, avtomobil yolunun 60 kilometrini, 100 min nəfərlik turizm obyektlərini əhatə edib. 

Həmin dövrdə Astara rayonunda çox qiymətli subtropik meşələrə, Lənkəran , Astara, Abşeron , Salyan və Xaçmaz rayonlarında evlərə ciddi ziyan dəyib. Dəniz səviyyəsinin qalxması sahil infrastrukturuna, limanlara, yollara, parklara və kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurub. Suyun səviyyəsinin qalxması Abşeron sahillərində çirklənmiş ərazilərin su altında qalmasına və bununla da dənizin əlavə çirklənməsinə səbəb olur. Müstəqil mənbələrin məlumatına görə, 1995-ci ilə qədər neftlə çirklənmiş 1500 hektardan çox ərazi su altında qalıb və dəniz ekosisteminə ciddi ziyan dəyib.

V.BAYRAMOV, 
M.QULİYEV 
XQ

 



Ekologiya