Pekinlə təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənir

post-img

Azərbaycanla və Çin arasında əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə regionun siyasi həyatında və nəqliyyat strukturlarının inkişafında aparıcı rol oynayır. Mövqeləri suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində üst-üstə düşür. Bu yanaşma, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsini və qarşılıqlı etibarı artırır. Yalnız rəsmi səviyyədə deyil, həm də gündəlik praktikalarda əhəmiyyətli bir “yol xəritəsi” kimi qəbul edilir. Bu yanaşma, həm Azərbaycanın, həm də Çinin uzunmüddətli xarici siyasət hədəflərini dəstəkləyən və qarşılıqlı faydalara əsaslanan bir strateji təməl yaradır. 

Bunun nəticəsidir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır. Bakı Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi, Çin Xalq Respublikası hökumətinin isə bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Bu, onunla bağlıdır ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyir.

Çin də eyni mövqeni sərgiləyir. Dəfələrlə beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyib. Pekin Bakının təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Bu onu göstərir ki, Çin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında dinc yolla nizamlanmasına tərəfdardır. Rəsmi Pekin Cənubi Qafqazı yenidən qan gölünə döndərmək istəyən dövlətlərin siyasətinə qarşıdır. Bu, iki ölkənin dost və tərəfdaş olduğunun göstəricisidir.

Onu da qeyd edək ki, Azərbaycanla Çin arasında münasibətlərin yeni mərhələyə keçməsində 2024-cü ildəki “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin rolu da böyükdür. Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm bir addım olub. Sənəddə iki ölkənin mövcud hüquqi bazası çərçivəsində əməkdaşlığının sabit inkişafı bəyan edilib. Bununla yanaşı, iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirilməsi öz əksini tapıb. 

Onu da qeyd edək ki, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Bir kəmər, bir yol” Forumunda Prezident İlham Əliyev qeyd edib ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır: “Biz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

...Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır”.

Son illərdə Çin rəqəmsal texnologiya və yaşıl inkişaf kimi sektorların inkişafına da üstünlük verir və Azərbaycan kimi ölkələr də onları əsas sahələr kimi görür. Yəni bu sahədə əməkdaşlıq inkişaf edir. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.

Deməli, Azərbaycanın strateji coğrafi mövqeyi onun siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin edir. Regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verir. Aydındır ki, bu layihələrin təhlükəsizliyi hər iki dövlətin diqqət mərkəzindədir. Çünki terrorizm, separatizm və ekstremizm bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaradır. Azərbaycanla Çinin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələrin və mübadilənin gücləndirilməsini, narkotik cinayətlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibertəhlükəsizlik kimi çağırışlara qarşı birgə mübarizəni zəruri edir. Bu barədə aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin danışıqların yekunlarına dair birgə bəyanatında deyilir: “Tərəflər vurğulayıblar ki, terrorizm, separatizm və ekstremizm milli təhlükəsizliyə və regional sabitliyə ciddi təhdiddir və bu bəlaya qarşı birgə mübarizə aparmaq vacibdir. İki ölkənin hüquq-mühafizə orqanları ilə təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən sənədləşmə, kibertəhlükəsizlik kimi çağırışlara qarşı birgə mübarizə aparmaq lazımdır”.

Bununla əlaqədar, tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin personalının təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar. Bundan əlavə, Bakı və Çin humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini də vacib sayır. 

Beləliklə, tərəflər təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizə aparmaq üçün ümumi səylərini birləşdirir. Bu, hər iki dövlətin təhlükəsizlik siyasətinin əsasını təşkil edir. Maraqlarının qorunması məqsədilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və onların əlaqələndirilmiş fəaliyyətini zəruri edir. Hər iki tərəf bu konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək üçün müvafiq tədbirlər görür. 

Onu da qeyd edək ki, iki ölkə arasında narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizəyə də önəm verilir.

Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar. Bu məsələdə Azərbaycan Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir. Pekin maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində Azərbaycana bundan sonra da yardım göstərməyə hazır olduğunu bildirib.

Politoloq Rəşad Sadıqov dedi ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişlənir: “Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. İnfrastruktur layihələri “Bir kəmər, bir yol” çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Azərbaycanın bu cür böyük iqtisadi və siyasi gücə malik olan Çinlə eyni platformada yer alması, layihələrdə fəal iştirak etməsi, ölkəmizin artan beynəlxalq çəkisinin və geosiyasi rolunun göstəricisidir”.

Layihələrin isə təhlükəsizliyi təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, müxtəlif dövlətlərin regionda maraqları var. Bu səbəbdən də nəqliyyat şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi hər iki ölkə üçün əsas vəzifələrdən biridir. Azərbaycan ilə Çin beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirirlər.  Bu məqsədlə nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığı təmin edilir. Onların təhlükəsizliyinə kənardan təhdid yarada biləcək amillərin aşkarlanması və qarşısının alınması istiqamətində birgə tədbirlər görülür. Terror aktlarının törədilməsində istifadə oluna biləcək vasitələrin dövriyyəsinin qadağan olunması və ya bu dövriyyəyə ciddi nəzarətin həyata keçirilməsi təmin edilir. Təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının fəaliyyətləri əlaqələndirilir.

Pünhan ƏFƏNDİYEV 
XQ

 



Siyasət