Pakistan və Hindistan arasında Hind suları ilə bağlı gərginlik

post-img

Hindistanın Hind hövzəsində çayların axınını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdi İslamabad tərəfindən müharibə aktı kimi qiymətləndiriləcək. Bu barədə Pakistanın baş nazirinin ofisi Cammu və Kəşmirdə baş vermiş terror aktından sonra Pakistanın baş naziri Şahbaz Şərifin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair məlumatda bildirilir.

Xəbəri “Anadolu” verib. 

İslamabad xüsusilə Hindistanın Hind Suları Müqaviləsini dayandırmaq barədə birtərəfli qərarını pisləyib, bu sazişin regional sabitlik üçün əhəmiyyətini qeyd edib və Pakistanın öz hüquqlarını qorumaq əzmini vurğulayıb.

“Hind Suları Müqaviləsi çərçivəsində Pakistana məxsus su axınının dayandırılması və ya başqa istiqamətə yönəldilməsi üçün edilən hər hansı cəhd müharibə aktı kimi qiymətləndiriləcək”, - bəyanatda deyilir.

Qeyd olunur ki, İslamabaddakı Hindistan diplomatik personalının sayı aprelin 30-dan maksimum 30 nəfərlə məhdudlaşdırılacaq və Pakistanın hava məkanı da Hindistana məxsus bütün uçuşlar üçün bağlanacaq.

Bundan əlavə, Hindistanla bütün ticarətin dayandırılacağı və iki ölkə arasındakı “Vaqah” sərhəd-keçid məntəqəsinin dərhal bağlanılacağı açıqlanıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya