Aİ təmsilçiləri “aktor”a pıçıldamır, hökm edirlər
Öncə suflyorluq haqqında bir neçə kəlmə. Bu peşə sahibi tamaşa zamanı aktyorlara rolların sözlərini yavaşcadan söyləyən şəxsdir. Yəni teatr işçisidir. Suflyorluq eramızdan əvvəl – klassik yunan teatrlarının hazırlanması zamanı ərsəyə gəlib. Yəni köhnə peşədir. Elə ermənilər də köhnə peşələri yaxşı bacarırlar. Təkcə özləri haqqında mif yaratmaq peşəkarlığını demirəm, hər şeyi nəzərdə tuturam.
Suflyorluq teatrda ötən əsrin sonlarınadək dəbdə olub. Hətta mən onlarla görüşüb söhbət də eləmişəm. Xatırladaq ki, aktyor irihəcmli əsərlərdəki replikalarını tam əzbərləyə bilməyəndə mütləq suflyorun xidmətindən istifadə edilirdi. Əvvəllər suflyor səhnədə quraşdırılmış – zaldakıların da gördüyü xüsusi yerdə əyləşirdi. Sonrakı dövrdə onu tamaşa zalının ilk sırasında əyləşdirdilər, lap sonra isə pərdənin arxasında “gizlətdilər”.
Bu sətirləri yada salmaqda məqsədim Avropa İttifaqı adı ilə Brüsseldə oturmuş “teatr işçilərinin” İrəvandakı tərəf-müqabillərinə siyasi suflyorluq etməsini xatırlatmaqdır. Onların bu əməli – deyəcəyi replikaların hamısını “unutmuş” Ermənistana yol göstərən pıçıltıları eynilə qədim suflyorluğun davamı olduğunu sübut edir. Mərhum Minsk qrupunun sağlığında suflyor birbaşa səhnənin ortasında – hamının gördüyü yerdə idi. Həmin qrup gorbagor olandan sonra suflyor birbaşa zalda – tamaşaçıların arasında əyləşirdi. Yəni Xankəndi, Laçın və bəzi ərazilərimiz hələ əsarətdə olanda Aİ rəsmiləri oralarda görünməkdən utanmırdılar.
Azərbaycan Ordusunun 23 saatlıq antiterror əməliyyatlarından sonra isə gözəgörünməz rejissor suflyorları bir az geri, yəni pərdənin arxasına çəkdi. Amma, həmin “qədim peşə sahibləri” harada dayandıqlarından asılı olmayaraq, Ermənistanın qulağına çox mətləblər barədə pıçıldayırlar. Elə olmasaydı, gah Ermənistan siyasətçiləri, gah da tarix boyu əli türk qanına bulaşmış, hətta “Feyri” ilə də yuyub təmizləməyi bacarmayan keşişlər ssenaridənkənar replikalarla danışmazdılar.
Brüssel “teatr xadimləri” son zamanlar Cənubi Qafqazda otuz ildən çox davam etmiş faciələrin ( dram sözünü bilərəkdən işlətmirik ki, hayların milli valyutası yada düşməsin) yenidən canlandırılması üçün təkcə suflyorluq etmir, həm də yeni ssenarilər yazır, daha modern üslubla işləyə bilən rejissorlar tapırlar. Məsələn, bir qrup qaniçən erməni keşişin Azərbaycanın sınanmış dostlarından olan İsrailin gözü qarşısında – Qüdsdə terror və quldurların yaratdığı “dövlətin” murdar əskisini qaldırması yeni ssenarilərdən biri idi. Onlar umurdular (yəni gözləyirdilər-red) ki, İsrail polisi həmin fakta göz yumacaq və rəsmi Bakı Təl-Əvivdən inciyəcək. Tarix boyu uydurduqları bütün xülyaları kimi həmin planları da məhv oldu.
Yaxud, Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının mandatının daha iki il uzadılması nə deməkdir? Bu, köhnə qitədə yazılmış yeni məkrli ssenari deyilmi? Maraqlıdır ki, bu missiyanın tərkibindəki alman polislərinin və fransız jandarmeriyasının təmsilçiləri son zamanlar xeyli canlanıblar. Deyəsən, Cənubi Qafqazın havası onlara düşüb. Hətta yeni peşələrə də yiyələnirlər. Qoca nemes sərhəddən Azərbaycan tərəfə baxıb foto çəkir, çiyni heydən düşmüş fransız qocası videokameranı dizi üstünə qoyub Azərbaycan təbiətinin gözəlliklərinə heyran qalır.
Deyilənə görə, niderlandlı mülki missiya iştirakçılarından biri binoklla təmas xəttinə yaxın ərazidəki Azərbaycan əsgərlərinin hərəkətlərinə nəzarət edəndə yeni fakt tapmış kəşfiyyatçı kimi dərhal öz həmkarlarını yanına çağırıb. O elə bilibmiş ki, kolların arxa tərəfinə keçən əsgərimiz hansısa hərbi təxribata hazırlaşırlar. Amma elə deyilmiş. Əsgər kolların arxasında ayaqüstü təbii ehtiyacını yerinə yetirirmiş. Avropalılar da iri binokllarla görüblər.
Maraqlıdır ki, son zamanlar Ermənistanda binoklla teatr quran ( həm də əsgərlərimizin hərəkətlərinə tamaşa edən) Avropa təmsilçilərinin sayı artq 210 nəfərdir. Tamaşa ilk dəfə səhnələşdiriləndə isə cəmi 40 nəfər idi. Mətbuat yazır ki, Brüsselin qəbul etdiyi qərara əsasən həmin 210 nəfər 2027-ci ilin fevralınadək həmin binokllarla tamaşaya baxacaqlar.
Yeri gəlmişkən mən Bakıda və Moskvada bəzi tamaşaçıların binokl götürərək teatr zalına girdiklərini görmüşdüm. Amma o binoklları pencəyin üst cibinə də qoymaq olardı. “Ələyi ələnib, xəlbiri göydə fırlanan” Avropa mülki missiya təmsilçilərinin istifadə etməyə məcbur olduğu binokllar isə onların başından böyük görünür. Yəni Azərbaycan əleyhinə casusluq etmək üçün regiona göndərilmiş həmin bəxtsiz qocalar çox ağır yükün altına itələniblər. Çünki Brüssel hər gün onlardan təxribat haqqında fakt gözləyir, Azərbaycan əsgəri isə onlara həmin faktı vermir. Vəssalam!
Odur ki, “Əski qitə”nin qoca missionerləri ancaq ermənilərin qədim peşəsi olan ... miflərə qulaq asmaqdan başqa heç nə əldə edə bilmirlər və bilməyəcəklər. Yəni kim kimə suflyorluq edirsə etsin, neçə ssenari yazırlarsa yazsınlar, hansı prosesə tamaşa edirlərsə etsinlər, son nəticədə Azərbaycan siyasəti və diplomatiyası təkcə Hayastanı deyil, Avropanı da əliboş qoymaqda davam edəcək və edir.
İttifaq MİRZƏBƏYLİ