Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı absurd iddiaların əks olunduğu qətnamə qəbul edib. Digər tərəfdən, bu ölkənin xarici işlər naziri Jan Noel Baro da Milli Assambleyadakı çıxışında həmin iddiaları təkrarlayıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.
Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu həmin ittihamlara etiraz əlaməti olaraq bəyanat yayıb.
Qrup bəyanatında beynəlxalq hüquqa və obyektiv reallığa uyğun gəlməyən qətnaməni və səsləndirilmiş fikirləri şiddətlə qınayıb, bunları Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirib.
“Biz Fransa hakimiyyətini və qanunvericilik orqanını beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd siyasətlərdən imtina etməyə, fundamental insan hüquqlarına hörmətlə yanaşmağa və dənizaşırı ərazilərdəki xalqların müstəqillik arzularını təmin etməyə çağırırıq”, – deyə Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun bəyanatında vurğulanıb.
XQ