Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova’nın Azərbaycana səfəri təkcə iki ölkə arasında diplomatik münasibətlərin rəsmi müstəvidə genişlənməsi kimi qiymətləndirilməməlidir. Bu səfər eyni zamanda Azərbaycanın Balkan regionu ilə bağlarının möhkəmləndirilməsi, Cənub-Şərqi Avropada yeni iqtisadi, siyasi bağların qurulması, həmçinin mədəniyyətlərarası işbirliyinin dərinləşdirilməsi üçün strateji bir platforma rolunu oynayır.
Azərbaycan və Şimali Makedoniya, coğrafi baxımdan bir-birindən xeyli uzaq görünə bilər, lakin bu iki ölkəni birləşdirən bir sıra mühüm amillər vardır:
-geosiyasi mövqe,
-enerji təhlükəsizliyi üzrə maraqların uzlaşması,
-beynəlxalq təşkilatlardakı işbirliyi və
-multikultural dəyərlərə söykənən daxili siyasət.
Bəs yeni siyasi reallıq və geostrateji işbirliyi nəyin nəticəsi, nələrin xəbərçisidir? -
Bəli, dünya sürətlə dəyişir və bu proses təkcə böyük güclərin deyil, həm də regional aktorların geosiyasi manevr imkanlarını artırır. Azərbaycanın son illərdə Balkanlarla əlaqələri genişləndirmək siyasəti, Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və ticarət marşrutlarının diversifikasiyası baxımından çox əhəmiyyətlidir. Şimali Makedoniya isə Balkan regionunda geosiyasi baxımdan mühüm bir keçid mövqeyində yerləşərək, həm Avropa İttifaqı (Aİ), həm də NATO ilə əlaqələrini dərinləşdirir.
Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq bağları çərçivəsində, enerji və nəqliyyat layihələri Balkan regionunda da öz təsirini göstərir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi, Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin etməklə yanaşı, bu qazın Balkanlara çatdırılması məsələsini də gündəmə gətirir. Şimali Makedoniya bu layihədən yararlana biləcək ölkələr sırasındadır. Habelə, Azərbaycanın tranzit imkanları Şərq-Qərb marşrutu çərçivəsində yeni ticarət yollarının açılmasına xidmət edə bilər.
Bu yerdə iqtisadi işbirliyinə, yeni imkanlar və bazar inteqrasiyası məsələlərinə vurğu etmədən keçməyək.
Azərbaycan və Şimali Makedoniya arasında ticarət həcmi hələlik yüksək göstəricilərlə seçilməsə də, bu işbirliyinin genişlənməsi üçün real potensial mövcuddur. Özəlliklə, Azərbaycanın qeyri-neft sektoru üzrə inkişaf siyasəti, aqrar və sənaye sahələrində Balkan bazarlarına çıxış əldə etmək üçün yeni imkanlar yaradır. Əlavə olaraq, Şimali Makedoniya Azərbaycanın Avropa ilə ticarət əlaqələrində tranzit rolu üstənə bilər.
Turizm sahəsində də işbirliyi imkanları diqqətəlayiqdir. Balkanlar, o cümlədən Makedoniya, Avropada turizm baxımından populyarlaşan bölgələrdəndir və Azərbaycanın turizm sektoru ilə birgə layihələr həyata keçirmək potensialı mövcuddur. AZAL ilə yeni - birbaşa uçuş marşrutlarının açılması, turizm axınını artırmaqla yanaşı, iki ölkə arasında işgüzar bağları da möhkəmləndirə bilər.
Başqa bir mühüm əməli çalışma sahəsi mədəniyyət, ümumən humanitar işbirliyidir. Unutmayaq ki, bu planda həm ortaq dəyərlərdən həm də perspektivlərdən söz açmaq mümkündür.
Azərbaycan və Şimali Makedoniya arasında mədəni, ümumən humanitar bağların genişləndirilməsi, xalqlar arasında daha sıx münasibətlərin qurulmasına xidmət edir. İki ölkə arasında mədəniyyət sahəsində işbirliyinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və mədəni irs layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ölkələrimiz arasında təhsil sahəsində işbirliyi üçün də geniş imkanlar var. Azərbaycan və Şimali Makedoniya universitetləri arasında tələbə mübadilə proqramlarının təşviq edilməsi, iki ölkə gənclərinin qarşılıqlı anlaşma mühitini zənginləşdirə, dərinləşdirə bilər.
Sonuc olaraq, daha nələri vurğulaya bilərik? - Prezident Qordana Silyanovska-Davkova’nın Azərbaycana səfəri, iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə siyasi dialoqun gücləndirilməsi ilə sınırlanmır, həm də iqtisadi və mədəni sahələrdə konkret layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Azərbaycanın Balkanlar ilə işbirliyi, Avropa ilə bağların genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Şimali Makedoniya isə, Azərbaycan üçün yeni bazar imkanları və diplomatik bağların dərinləşməsi baxımından önəmli bir tərəfdaş ola bilər.
Geosiyasi və iqtisadi reallıqlar nəzərə alındıqda, bu əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. Bu kontekstdə, Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər, gələcəkdə daha da inkişaf edərək, həm iki ölkənin, həm də geniş mənada Avropa və Qafqaz regionlarının qarşılıqlı inteqrasiyasına töhfə vermək gücündədir.
Arzu BAĞIROVA,
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri