Şirkətin İrəvan nümayəndəliyi konstitusiya dəyişikliyi məsələsində manipulyasiya edir
Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsi bu ölkənin gündəmində olan məsələlərdəndir. Ölkədə ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər, deputatlar tez-tez bu istiqamətdə fikirlərini açıqlayırlar. Həmçinin, vaxtaşırı bununla bağlı sorğular keçirilir.
Belə sorğulardan birinin nəticəsi dünən – martın 12-də açıqlanıb. “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrini təqdim edən qurumun rəhbəri Aram Navasardyan bildirib ki, telefon sorğusu fevralın 27-dən martın 6-dək 1100 respondent arasında keçirilib. İddia edib ki, Ermənistan vətəndaşlarının əksəriyyəti konstitusiyanın dəyişdirilməsinin əleyhinədir. Onun sözlərinə görə, respondentlərdən buna zərurət olub-olmadığı soruşulub. Rəyi soruşulanların 18,4 faizi konstitusiyanın bəzi müddəalarının dəyişdirilməsinin vacibliyinə inandığını bildirib. 7,5 faizi tamamilə yeni konstitusiyaya ehtiyac olduğunu deyib. Eyni zamanda, respondentlərin 59,6 faizi qeyd edib ki, konstitusiya dəyişməz qalmalıdır, 14,5 faizi isə cavab verməkdə çətinlik çəkib.
Navasardyan xatırladıb ki, 2024-cü ilin yanvarında – baş nazir Nikol Paşinyan bu məsələni ilk dəfə açıqlayıb gündəmə gətirəndə rəqəmlər fərqli idi. Həmin vaxt 14 faiz bəzi müddəaların dəyişdirilməsinin zəruriliyindən, 13 faiz yeni konstitusiyanın qəbulundan danışıb, 34,2 faiz isə dəyişikliklərin əleyhinə olub. Digər 38 faiz isə cavab verməkdə çətinlik çəkib: “2024-cü ilin iyul ayında keçirilən sorğu zamanı mənzərə xeyli fərqli idi. O vaxt cəmi 11 faiz qismən dəyişiklik, 3 faiz isə yeni konstitusiyanın tərəfdarı idi. Hazırda vəziyyət aydınlaşıb və biz birmənalı şəkildə deyə bilərik ki, vətəndaşların əksəriyyəti konstitusiyanın dəyişdirilməsinin əleyhinədir”.
Qeyd edək ki, bu istiqamətdə Ermənistanda aparılan müzakirələr Azərbaycanda da diqqətlə izlənilir. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, Ermənistanın 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş əsas qanununun preambula hissəsində 1990-cı il avqustun 23-də qəbul olunmuş Müstəqillik bəyannaməsinə istinad yer alır. Müstəqillik bəyannaməsi isə ölkəmizə qarşı ərazi iddialarını bilavasitə stimullaşdırır, ona rəvac verir. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur.
Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs edilir. Həmçinin 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış ünvanlanır. Beləliklə, aydın görünür ki, bəyannamədə nəinki Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı da birbaşa ərazi iddiası öz əksini tapıb. Bu baxımdan rəsmi Bakı hazırda İrəvandan Azərbaycana qarşı məlum iddiaları qanunvericilik müstəvisindən yığışdırmağı tələb edir. Zənnimizcə, bu da haqlı tələbdir. Çünki konstitusiya ölkənin əsas qanunudur. Bütün ölkələrdə konstitusiyadan irəli gələn addımların atılması hökumətlərin başlıca vəzifəsidir. Əgər biz əsas qanunda Müstəqillik bəyannaməsinə istinad aradan qaldırılmadan İrəvanla sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi imzalayacağıqsa, bunun gələcəyini də düşünməliyik. Gələcəkdə Ermənistanda radikal baxışlara malik, revanşist hisslərlə alışıb-yanan hansısa siyasi qüvvə hakimiyyətə gələ, imzalanmış və ratifikasiya edilmiş sazişi çox asanlıqla öz maraqlarına cavab verməyən sənəd kimi qəbul edə bilər. İddia edə bilər ki, konstitusiyanın preambulasında belə bir maddə, yəni Müstəqillik bəyannaməsinə istinad var.
Azərbaycan tərəfi bunu nəzərə alaraq, siyasi uzaqgörənlik nümayiş etdirir. Burada əsas məsələ bundan ibarətdir. Bu, rəsmi Bakı tərəfindən olduqca sadə, konkret, rasional yanaşmadır. Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər çaldığını da nəzərə alaraq deməliyik ki, heç bir qalib dövlət ona qarşı işğalçı müharibə aparmış, soyqırımları törətmiş, ölkənin cəbhə xəttindən yüz kilometr uzaqlıqda yerləşən ikinci böyük şəhərini ağır silahlarla atəşə tutmuş, mülki insanları qətlə yetirmiş təcavüzkar ölkənin əsas qanununda məlum müddəaların qalması şərti ilə onunla sülh sazişinə imza atmaz.
Onu da bildirək ki, bu, əslində, yeni tələb deyil. Məsələ hər zaman Azərbaycan xarici siyasətinin gündəmində olub. Prezident İlham Əliyev hələ 2021-ci il sentyabrın 28-də “Anadolu” agentliyinə müsahibəsində demişdir: “Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər...”
Dövlətimizin başçısı bu məsələyə dair öz fikirlərini sonuncu dəfə 2024-cü il dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı açıqlayıb. Qeyd edib ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.
Prezident qeyd etmişdi ki, prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.
Rəsmi İrəvanın mövqeyinə gəldikdə isə N.Paşinyan 2024-cü il yanvarın 18-də ədliyyə nazirliyində keçirdiyi müşavirədə bəyan etmişdi ki, ölkənin hazırkı parlament idarəetmə formasını saxlamaqla “mövcud geosiyasi şəraitdə ölkənin həyat qabiliyyətini təmin edəcək” yeni konstitusiyaya ehtiyacı var. O, yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini dünyada, regionda və Hayastanda baş verən dəyişikliklərlə əsaslandırmış və əlavə etmişdi ki, Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalıdır. Yeni qanun heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı. Paşinyanın sözlərinə görə, yeni konstitusiya xalq səsverməsinə çıxarılmalıdır ki, onun nüfuzuna heç bir şübhə yeri qalmasın.
2024-cü il sentyabrın 27-də BMT Baş Assambleyasının iclasında isə Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün ölkə konstitusiyasına dəyişiklik edilməsinin mümkünlüyünü açıqlamışdı.
N.Paşinyan sonuncu dəfə bu il fevralın 19-da xalqa müraciətində ölkənin yeni konstitusiyaya ehtiyacının olduğundan danışıb. Deyib ki, konstitusiyaya yanaşma kökündən dəyişməlidir. Yeni əsas qanunun qəbulunun strateji məqsədi də “dövləti olmayan millətin natamam davranışından xalqın dövlətçilik düşüncəsinə keçid”dir. Yəni, yeni konstitusiyanın təməlində öz dövləti olduğunu qəbul edən xalq anlayışı dayanmalı, özünü dövlətsiz sayan xalq anlayışından imtina edilməlidir. Paşinyanın sözlərinə görə, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi vacibdir, çünki əvvəlki bütün konstitusiya referendumları, ən azı ictimai rəydə ciddi legitimlik çatışmazlığından əziyyət çəkib. Nikolun elə həmin müraciəti zamanı Ermənistan hakimiyyətinin əvvəllər irəli sürdüyü 14 bənddən ibarət “Real Ermənistan” adlı ideologiya layihəsini təqdim etməsi də diqqəti cəlb edir.
Beləliklə, Ermənistan iqtidarından yeni konstitusiya ilə bağlı müsbət siqnalların verildiyi dövrdə “Gallup” Beynəlxalq Assosiasiyasının yerli nümayəndəliyinin keçirdiyi sorğu birmənalı qarşılana bilməz. Nəzərə almaq lazımdır ki, nümayəndəlik ölkənin sabiq prezidenti, 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı hərbi əməliyyatların bilavasitə iştirakçısı Robert Koçaryanın oğlu, parlamentin deputatı Levona yaxınlığı ilə seçilir. Buna görə də bu düşərgənin “Gallup”un adı ilə ictimai rəyi manipulyasiya etməyə çalışdıqlarını ehtimal etmək mümkündür. Ümumiyyətlə, bu şirkət hər zaman keçirdiyi sorğularda Paşinyanın reytinqini aşağı göstərməsi ilə də diqqəti cəlb edir. Hiss olunur ki, onlar bunda maraqlıdırlar. Elə budəfəki sorğuda da rəyi soruşulanların 46,5 faizinin baş nazirin işini mənfi, 19,1 faizinin isə olduqca mənfi kimi qiymətləndirməsi, cəmi 9 faiz respondentin Paşinyanın işindən razı qaldığının iddia olunması çox mətləblərdən xəbər verir.
Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən politoloq Zaur Məmmədov bildirdi ki, hazırda Ermənistanda əsas məsələlərdən biri konstitusiya dəyişikliyi və ya yenisinin qəbul edilməsinin nə zamana təsadüf edəcəyi ilə bağlıdır. Onun sözlərinə görə, artıq bu istiqamətdə Ermənistan iqtidarı ilə cəmiyyət arasında dialoq başlanıb: “Paşinyan bununla bağlı xalqa müraciətində Azərbaycana da mühüm ismarıclar vermiş oldu. Erməni müxalifəti yeni konstitusiyanın qəbul edilməsindən ciddi şəkildə narahatdır. Onlar, ümumiyyətlə, referendumun keçirilməsini istəmirlər. Amma erməni cəmiyyəti bilir ki, referendum istənilən halda keçiriləcək və yeni konstitusiyada Azərbaycana ərazi iddiaları, yəni Ermənistanın Müstəqillik bəyannaməsinə istinad olmayacaq. Belə olan təqdirdə cəmiyyətin məsələləri sakitcə seyr etməsi göstərir ki, Ermənistanda cəmiyyət hakim partiyanın, Paşinyan komandasının proqramını qəbul edir”.
Z.Məmmədov qeyd etdi ki, Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə düçar olması xalqın böyük əksəriyyətinin revanşist niyyətlərdən əl çəkməsinə gətirib çıxardı. Məhz buna görə də müharibəni uduzmuş Paşinyan 2021-ci ilin iyununda yenidən səslərin əksəriyyətini toplayaraq baş nazir seçildi. Həmin seçkilərin nəticəsi erməni cəmiyyətinin hakim partiyanın sülhlə bağlı çağırışlarını dəstəklədiyinin göstəricisi oldu. İndi isə söhbət yeni konstitusiyanın qəbul edilməsindən gedir. Çünki konstitusiya dəyişikliyi əsas qanunun preambulasını dəyişə bilməz. Preambula toxunulmazdır. Bu halda konstitusiya dəyişikliyi deyil, yeni əsas qanunun qəbulundan danışmaq daha doğru olardı.
Səxavət HƏMİD
XQ