İspaniya da Orta Dəhlizi dəstəkləyir

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Facebook” hesabında ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşdüyünü, iki ölkə arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib.

Paylaşımda, eyni zamanda, həftəlik uçuş tezliyinin artırılması, eyni zamanda, dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılması barədə məlumat verilib.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov da İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşüb. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan – İspaniya biznes forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizin İspaniya ilə əməkdaşlığın inkişafına önəm verdiyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb. Tərəflər Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

 

İqtisadiyyat