Azərbaycan məhkəməsi bəşəri normalara sadiqdir

post-img

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir. Cinayət işində 15 nəfər ittiham olunur və onlar 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra həbs ediliblər. Aralarında Qarabağda yaradılmış qeyri-qanuni qurumun “prezidenti” və “naziri” vəzifələrində çalışmış şəxslər var. Bu şəxslərin bir çoxu Ermənistan vətəndaşları olsalar da, cinayətlər Azərbaycan torpaqlarında baş verib.

Məhkəmə 1389 iş üzrə aparılır və beynəlxalq hüquqa uyğun keçirilir. Təqsirləndirilən şəxslər vəkillə təmin edilib. Həm ibtidai istintaqın gedişində, həm də sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. İş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib. Onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda, çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata götürülərək ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Hayastanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

Onu da qeyd edək ki, cinayətdə ittiham olunan şəxslərin ailələri ilə telefon əlaqələri qurması üçün şərait də yaradılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikası haqq-ədalətə, beynəlxalq hüquqa sadiqdir. Amma bunlar Hayastanın Qərb havadarlarını qıcıqlandırır. Onlar məhkəmə prosesini gözdən salmaq üçün müxtəlif açıqlamalar verirlər. Sonuncu belə açıqlamalardan biri İsveç parlamentinin üzvü Erik Helsborndan gəlib. O saxtakarcasına iddia edib ki, Azərbaycanda qanunun aliliyi yoxdur, ölkədə heç bir məhkəmə prosesi azad və ədalətli deyil. Bununla da, E.Helsborn reallığı təhrif edərək erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmağa çalışır. Hətta Azərbaycanı beynəlxalq hüquq normaları və beynəlxalq strukturlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ermənilərin məhkəməsini dayandırmağa və onları azad etməyə çağırıb.

İsveçli parlamentari martın 10-da Azərbaycan parlamentinin yeddi deputatının imzaladığı “Azərbaycan və İsveç arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu”ndan elektron məktub aldığını da bildirib: “Bu, İsveç–Ermənistan dostluq qrupunun mənim və digər 5 parlament üzvü tərəfindən imzalanmış erməni hərbi əsirlər və Bakı rejiminin onlara qarşı apardığı məhkəmələrlə bağlı bəyanatına cavab idi. Elektron poçtu onlayn oxumaq olar, mən onu burada təkrar çap etməyəcəyəm. Sadəcə, onların bizə ünvanladığı tənqidlərin mahiyyəti ilə bağlı bir sətri paylaşacağam: “Azərbaycan məhkəmə sistemi tam beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və bunun əksi ilə bağlı istənilən iddia böhtandan başqa bir şey deyil”.

Əslində, E. Helsborn yenə də üstüörtülü məhkəmə sistemimizə şübhə ilə yanaşır. Amma məhkəməmizin ədalətinə kimsə şübhə edə bilməz. Artıq E. Helsborn kimi saxtakarlar bunu başa düşməlidir. Onun kimilər Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçə bilməyəcəklər. Ortada konkret cinayətlər var. İnanırıq ki, məhkəmə bu cinayətləri bir-bir üzə çıxaracaq. Məktubda deyilir: “Heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz. Hər kəs bu reallığı qəbul etməlidir ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət etmişdir və hərəkət edir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü Cavid Vəliyev XQ-yə bildirdi ki, bu şəxslərin qanunsuz hərəkətləri nəticəsində Azərbaycana 100 milyard dollardan çox ziyan dəyib, on minlərlə mülki şəxs və hərbçi həyatını itirib, ətraf mühitə ciddi zərər dəyib. Bu cinayətlərdə Ermənistan da məsuliyyət daşıyır: “Məhkəmə işini əhəmiyyətli edən, cinayət törətməkdə ittiham olunanların ayrı-ayrı cinayətlərinin araşdırılması ilə yanaşı, Ermənistan dövlətini məsuliyyətə cəlb edə biləcək mümkün nəticələrin olmasıdır. Azərbaycan Baş Prokurorluğu proseslə bağlı ilkin bəyanatında bildirib: “Ermənistan Respublikasının birbaşa və tam dəstəyi ilə Azərbaycan Respublikası ərazisində yaradılmış saxta “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz qüvvələrinin Azərbaycana qarşı qanunsuz fəaliyyəti ilə bağlı material məhkəməyə göndərilib”.

Bu bəyanat o deməkdir ki, Azərbaycan Baş Prokurorluğu təkcə həbs edilmiş şəxslərin deyil, həm də Ermənistan Respublikasının rəhbərləri hərəkətlərinə görə birbaşa məsuliyyət daşıdığını irəli sürür. Azərbaycanda məhkəmə prosesi davam etdiyi zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyanın verdiyi “Qarabağ erməniləri Ermənistan Respublikasının verdiyi silahlarla döyüşmək əvəzinə, bölgəni tərk etdilər” açıqlaması Ermənistan dövlətinin bu cinayət işində iştirakını və məsuliyyətini bir daha sübut edir.

Alen Simonyanın bəyanatı bu səpkidə ilk açıqlama deyil. Ondan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın və digər Ermənistan rəsmilərinin bəyanatlarında da bununla bağlı əsaslı sübutlar səsləndirilmişdir. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan həmin ərazilərdəki qondarma struktura Ermənistanın birbaşa rəhbərlik etdiyi və göstərişlərin İrəvandan gəldiyinə dair kifayət qədər sübut toplayıb.

İkinci Qarabağ müharibəsi zamanı mülki insanların həlak olması ilə nəticələnən Bərdə və Gəncəyə raket hücumlarının sifarişçisi də Ermənistandır. Həbs edilən şəxslərdən Arayik Arutyunyan məhkəməyə ifadəsində bu sözləri deyib: "Azərbaycan xalqı arasında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərarı mən verməmişəm... Mənim buna səlahiyyətim yox idi". Təbii ki, Arutyunyanın açıqlaması Gəncə və Bərdəyə, əslində, kimin raket zərbələri endirmək əmrini verməsi ilə bağlı suallar yaratdı.

Hərbi ekspertlərin fikrincə, İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdə şəhərlərinə buraxılan “Skud”, “Toçka-U” və “Smerç” də daxil olmaqla ballistik raketlər yalnız erməni baş komandanının icazəsi ilə buraxıla bilərdi. Mətbuatda gedən xəbərlərdə deyilir ki, müharibə zamanı işğal olunmuş ərazilərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 5 ədəd “Smerç” raket kompleksi vurulub və bu raketlər ancaq Ermənistanın baş komandanının razılığı ilə Azərbaycan sərhədlərini keçə bilərdi. Bundan əlavə, Azərbaycan Ordusu bu raketlərin bir qismini Ermənistan sərhədləri daxilində məhv edərək, bu raketlərin Ermənistan ərazisindən buraxıldığını beynəlxalq ictimaiyyətə nümayiş etdirən videogörüntülər yayıb. Hətta Şuşanın azad edilməsi zamanı Azərbaycan əsgərlərini kütləvi şəkildə tələf etmək məqsədilə şəhərə “İsgəndər-E” raketi atılıb, lakin uğursuz yekunlaşıb.

Məhkəmə prosesi isə şəffaf gedir. Təqsirləndirilən şəxslərin ifadəsi və təqdim edilən sübutlardan məlum olur ki, Azərbaycanın 20 faiz ərazisinin işğalı Ermənistanın rəhbərliyi tərəfindən planlı şəkildə həyata keçirilib. Tezliklə cinayət törətməkdə ittiham olunan şəxslər öz cəzalarını alacaqlar.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət