Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

post-img

Fələstinin nüfuzlu “əl-Qüds” qəzeti Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində martın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasındakı çıxışına geniş yer verib.

AZƏRTAC qəzetə istinadla xəbər verir ki, nazirin çıxışında Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib. Bu istiqamətdə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.

Qəzet münaqişənin həllində Azərbaycanın mövqeyinə toxunaraq, ölkəmizin XİN başçısının çıxışından sitat gətirir. Qeyd edilir ki, əldə olunmuş atəşkəs beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynaması baxımdan əhəmiyyətlidir. Bildirilib ki, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb. Qəzetdə, həmçinin ölkəmizin Fələstin xalqına təhsil və səhiyyə sahəsində dəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın ayrıldığı, eləcə də Azərbaycanın Nablusda 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətə çatdırılıb.

 

Siyasət