Müstəqil dövlətçilik və dövlət dili

post-img

IV MƏQALƏ

Fərqliklər siyasəti

Dili sinharmonik olan bir qövmün cəmiyyətində qeyri-sinharmonik xarakterli dil dominantlıq edirsə, o toplumun sonu parçalanmadır. Burada hər hansı “yüksək mədənilik”, “zəngin lüğətə malik olma”, “o dildə böyük mütəfəkkirlərin yetişməsi” kimi süni arqumentlər keçərli deyildir. Xüsusilə Azərbaycan dili ilə müqayisədə həmin “arqumentlər”in bir çürük qoz qədər dəyəri yoxdur. Səbəbini “soyuq başla” izah edək.

Məsələ sinharmoniya dilinin yaratdığı insanın dünyaduyumu, dünyagörüşü, anlamaq tərzi, düşünmək nizamı ilə qeyri-sinharmoniya dil məkanında böyümüş fərdin malik olduğu keyfiyyətlər arasında prinsipial fərqlərin olması ilə əlaqəlidir. Öncəki məqalədə təsvir etdiyimiz kimi, rus və ya alman əvvəlcə fərqləndirir sonra isə fərqləndirilənləri yenidən fərqləndirərərk onların sintezini yaratmağa çalışır.

İkinci mərhələ sırf süni, şəxsi xarakter daşıyır. Yəni insan bütövün mövcud olduğu şərtlər sərhədini qəbul etmir, hesab edir ki, “təbiət səhv etmişdir”. Onu həmin anlayışla öncə hissələrə ayrırır (Dekard rasionalizmi) və adını “analiz” qoyur. Sonra bu “analiz”inin yaratdığı ümumi mənzərəni yenidən fərqləndirir. Bu ikinci mərhələ artıq “təbii” deyildir, şəxsi maraqlara və anlama görə fərqləndirmədir.

Deməli, ikinci fərqləndirmə mərhələsində subyekt öz dünyaduyumu, dünyagörüşü, anlamına uyğun mənzərə yaradır və ona əsaslanaraq, yenidən tam və ya bütöv yaratmağa çalışır. Bununla da toplum səviyyəsində varolmanın bazası dəyişir, cəmiyyət yad bir sosial-mədəni mühitə düşür. Yəni fərqlənənləri yenidən fərqləndirərək bütöv yaratmaq cəmiyyət miqyasında onu yadlaşdırmaq deməkdir. Azərbaycan təcrübəsi bu tezisi tam təsdiq edir.

Dil bilmək, yoxsa yadlaşmaq

Müasir mərhələdə kiminsə çoxlu dil bilməsinə mənfi münasibət mümkün deyildir. Dünya indi o dərəcədə qloballaşmış və bu anlamda “kiçilmişdir” ki, nə qədər çox dil bilsən bir o qədər müsbət qarşılanır.

Azərbaycanlıların da rus dilini bilməyə hər hansı mənfi reaksiyası “bilmək” kontekstində heç zaman olmamışdır. Əksinə, biz rus dilini öyrənməyə həmişə can atmışıq, maraq göstərmişik və Rusiya ilə təmasların kütləvi olması səbəbindən bunu təbii hal kimi qəbul etmişik. İndi ziyalıların rus dilində təhsillə bağlı mövqelərinin də “dil bilmək” kontekstində rus dilinə mənfi münasibət kimi hallandırılmasının qətiyyən əsası yoxdur.

Əksinə, rus dilini bilməyi vacib sayırlar. Məsələ real olaraq daha dərin qatlarda olan və bizim vurğulamağa çalışdığımız insan mənəvi-əxlaqi və düşüncə kimliyini formalaşdıran çoxlu sayda fundamental faktorlarla bağlıdır. Öncə rus dilinin Azərbaycanda işlənmə tarixçəsinə baxaq.

Dövlət dili deyil, rəsmi dil

Rusiya Azərbaycanın şimal hissəsini işğal edəndən sonra rus dili rəsmi dil kimi ölkəyə nüfuz etməyə başladı. Rəsmi sənədlər rus dilində dərc olundu, rəsmi görüşlərdə bu dildən istifadə edildi. Başqa cür də ola bilməzdi – imperiya öz dilində sənədlər hazırlaya bilərdi. Həmin mərhələdə rus dili azərbaycanlı üçün dövlət dili deyildi, əksinə dövlətçiliyi məhv edən imperiyanın dili kimi düşmən dili idi.

Lakin imperiya hiyləgər və ağıllı davrandı. Tədricən rus dilini azərbaycanlının məişət həyatına və cəmiyyətdə fəaliyyət sferasına daxil etməyə başladı. Bu dildə məktəblər açıldı və oranı bitirənlərə sosial ierarxiyada yüksək status verməyə başladılar. Rus dilində ədəbiyyatları təbliğ etdilər. Azərbaycanlı üçün Dostoyevski, Tolstoy, Berdyayev və başqaları bir təfəkkür, düşüncə, əxlaq nümunəsi olmağa başladı. Paralel olaraq, rus məktəblərini bitirənlərin cəmiyyətin sosial, siyasi, təhsil sferalarında daha şanslı olduğunu ardıcıl olaraq həyata keçirməyə başladılar. Bununla rus dili rəsmi dildən cəmiyyətin normal yaşamağının təmin edildiyi linqvistik sahəyə çevrildi.

Sovetlərin yaranması ilə “Azərbaycan SSR”-in respublika kimi rəsmi dili yenə rus dili oldu. Respublika həm də müəyyən mənada SSRİ tərkibində dövlət, ölkə anlamını verdiyinə görə, Konstitusiyada dövlət dili kimi rus dili göstərilməyə başladı. Bununla da yad dil olmasına baxmayaraq, rus dili Azərbaycanın Konstitusiyasında dövlət dili olaraq status aldı. Mərkəz bu statusun əbədi olması üçün əlindəki bütün imkanlardan istifadə etdi. Minlərlə rusdilli kadrlar hazırlandı, dövlət işlərinə yalnız o dildə bilənləri götürdülər. Təhsil sistemi vasitəsilə isə ümumiyyətlə, Azərbaycan cəmiyyətini ona yad olan və qeyri-sinharmoniya xarakterli dil sahəsinə atdılar.

Azərbaycan SSR-də bu prosesin əsl mahiyyətini Heydər Əliyev qədər dərindən və obyektiv bilən ikinci siyasi xadim olmadı. Buna görə də Ulu öndər çəkinmədən və cəsarətlə Azərbaycan SSR-in Konstitusiyasına dövlət dili kimi Azərbaycan dilini saldı! Bu, tarixi bir addım idi, çünki ilk dəfə idi ki, Azərbaycan dili rəsmi dil kimi rus dilini əvəz edirdi. Özü də dövlət dili statusunda!

Bu prosesi Heydər Əliyevin ayrıca dili, mədəniyyəti inkişaf etdirmək siyasəti və kadrları milliləşdirməsi ciddi stimullaşdırdı. O cümlədən Azərbaycan yazıçısı, alimi, mədəniyyət xadimi, milli dastanları və başqa mədəniyyət nümunələrinin təbliği, təşviqi cəmiyyəti xeyli dərəcədə sinharmoniya məkanında saxladı. Əlbəttə, burada tam keçid etmək mümkün deyildi – SSRİ çox güclü idarə olunurdu və nəzarət böyük idi. Buna görə də Azərbaycan SSR cəmiyyətinin fəaliyyətinin bütün sferalarında, o cümlədən təhsildə rus dilinin dominantlığı tam təmin edilirdi. Tarixin isə öz gedişat “məntiqi” vardır. O, imperialist düşüncəni öz silahı ilə vurdu.

İmperialist düşüncənin Azərbaycandakı səhvi

Rus dili təməldən Azərbaycanda daha mədəni, daha zəngin və daha çox inkişaf imkanları yaradan linqvistik sistem kimi təbliğ olunurdu. Bunun fonunda iki tendensiya kök atmağa başladı.

Birincisi, rus dilində təhsil alanlar özlərini ayrı bir zümrə kimi hiss etməyə başladılar. Onlar daxilən və dünyagörüşü aspektində özlərini Azərbaycan cəmiyyətinin qalan hissəsindən ayırmağa başladılar.

İkincisi, təbliğat və rus dilinin cəmiyyətdəki imtiyazlarının genişlənməsi tədricən azərbaycanlı psixologiyasında natamamlıq kompleksi formalaşdırdı – toplumun bir hissəsinin gözündə qalanları “çuşqa”, o biri tərəfin gözündə isə “rusun çörəyini yeyənlər” obrazını formalaşdırmağa başladı. Bununla da rus dili, çox təəssüf ki, fərqlənənləri yenidən fərqləndirmək aspektində toplumu birləşdirmədi, əksinə, onu süni olaraq böldü. Bir ailədə rus dilində təhsil alan, ana dilində təhsil alan qardaşına “çuşqa” kimi baxırdısa və gənclərə “oxu, atan kimi e...k olma” fikri (çox üzr istəyirəm, dəyərli və qiymətli soydaşlarımdan) aşılanırdısa, Morozovun qəhrəman obrazı fonunda Babək, Koroğlu unudulurdusa, Nəsimi, Nizami, Füzuli puşkinlərin, tolstoyların, solovyovların, dostoyevskilərin və digərlərinin kölgəsində təqdim edilirdisə, “İqor polku haqqında dastan” “Dədə Qorqud”u kölgədə qoyurdusa, bu, dil öyrənmək prosesidir?

Qətiyyən elə deyil, əksinə, yad və parçalayıcı düşüncə tərzini, həyat anlamını, mənəvi qiymətləndirmə kriteriyalarını və nəticədə toplumun özünüqiymətləndirmə üsulunu yadlaşdırmaq demək idi! Heydər Əliyev bununla ciddi və səmərəli savaş aparmışdır. Azərbaycan dilini, mənəvi-əxlaqi dəyərlərini, Nəsimisini, Nizamisini, Füzulisini sovetlərin sərt nəzarəti altında göylərə qaldırmışdır və bununla cəmiyyəti dilin sinharmoniya məkanından çıxarılmasına imkan verməmişdir.

Təəssüf ki, bunu anlamayanlar sırasında ziyalılarımız da az olmamışlar və indi də az deyillər. Hələ sovetlər dönəmində Heydər Əliyevin siyasətini Moskvaya “millətçilik edir” kimi təqdim edənlər tapılmışdı. Onsuz da Ulu öndərin Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi daxil etməsindən Moskva “zəncir çeynəyirdi”. Onu da deyək ki, Heydər Əliyevi “millətçilik edən” kimi təqdim edənlərin önündə ermənilər gəlirdi.

Bütün bunların fonunda Heydər Əliyevin Hüseyn Cavidi, Bəxtiyar Vahabzadəni, Səməd Vurğunu və digər milli təfəkkürün nümunələri olan çoxlu sayda ziyalını qətiyyətlə qorumasının dərin səbəbləri aydın olur. Müstəqillik mərhələsində Ulu öndərin Azərbaycan “Kvnşikləri”nə (aydın olması üçün rus variantında yazıram) “Azərbaycan dilində proqramlar hazırlayın” iradını bildirməsi anlamı aydın olur. Görəsən, Ulu öndərin bu iradının mənasını həmin qrupun üzvləri dərindən anlamışlarmı?

Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində Azərbaycan Yazıçılar Birliyinin qurultaylarında səsləndirdiyi fikirləri, görəsən, bizim hörmətli yazarlarımız şəxsi həyatlarında və peşə fəaliyyətlərində nə dərəcədə nəzərə alırlar? Bəzilərini xatırladım istərsəniz. “Tarix çox çətin imtahançıdır”, “Azərbaycan xalqını Azərbaycan ziyalıları yaratmışlar”, “Azərbaycan yazıçıları cəmiyyətin formalaşmasında aparıcı rol oynayırlar”, “İnsanı ana dili yetişdirir” və başqaları!

Bütün bunlar dolayısı ilə və strateji olaraq Azərbaycanda rus dilinin mədəni, siyasi və idarəedici dil kimi imtiyazlarına qarşı üsyan idi. Qədim dini və sinharmonik dünyası olan bir qövmün təbii özünümüdafiə reaksiyası idi. Çünki nə qədər zəngin və mədəni olsa da, böyük mütəfəkkirlərin dili olsa da, rus dilini gündəlik həyatımıza, sosial həyat tərzimizə bölücü, fərqləndirici faktor kimi yeritmişlər (çox təəssüf ki, belədir!). Bu səbəbdən, həmin dildə təhsil alan soydaşımız milli dilə yuxarıdan aşağı baxır, onu daşıyanlara açıq və ya gizli olaraq “çuşqa” deyir. Bu, mənsub olduğu xalqın milli düşüncəsi, hissiyatı və varolma fəlsəfəsini aşağılama deməkdir! Azərbaycan cəmiyyətinin etirazı bunadır, ümumiyyətlə, rus dilini bilməyə deyil!

Deməli, əslində, mübahisə nəyin üstündədir? Milli ziyalı rus dilinin tədrisinə qarşı deyildir. Rus dilinin ayırıcılıq, bir qismin digərlərinə yuxarıdan aşağı baxıb “mən daha mədəniyəm, mən daha savadlıyam, çünki rus dilində təhsil almışam” yekəxana bağırmalarına qarşıdır! “Mənə dəxli yoxdur” kimi özünü fərqləndirmək cəhdini qəbul etməməkdir. Əsl ziyalı hər bir sosial-ictimai, toplumsal, mənəvi-əxlaqi, mədəni hadisəyə reaksiya verməli, onu aydınlaşdırmağa çalışmalıdır. Əgər rus dilində təhsil almış və özünü ziyalı sayan biri “mənə dəxli yoxdur” deyirsə, həyatının səhvini edir. Çünki ona da birbaşa aidiyyatı və ya dəxli var!

Məgər, rusdilli bu cəmiyyətin üzvü deyilmi? Yoxsa, ayrıca bir zümrə kimi içimizdə hər imtiyazdan istifadə etməyə haqqı olan kimi yaşayıb, yaxasını problemlərdən kənara çəkməyi düşünür? Daha çox maaş almaq, vəzifələrdə çalışmaq və bunun fonunda dövlət dilində deyil, yad dildə danışıb düşünmək? Nankorluq deyilmi? Səhv edirəmsə, bəri başdan üzr istəyirəm! Lakin bir başqa nümunəni də göz önünə gətirsin: Böyük siyasətçi Heydər Əliyev, Səməd Vurğunun “Azərbaycan” şeirini deyəndə yaman kövrəlmişdi:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam, doğma Vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!

Bir dünya məna var bu beş sətirdə! Könlü canla dil birləşdirir! Çünki övladı anasının dilində danışmalıdır! Heydər Əliyev bunları canına, qanına və təfəkkürünün ən dərin qatlarına qədər duymuş və sevmişdir! Ana dili budur! Əsl Azərbaycanlı olmaq budur! Bunun üçün Azərbaycan dilini sevməli, duymalı, onu dillərin ən gözəli saymalı, sinharmonik gücünə aşiq olmalısan!

Bir ziyalı və ya sənət adamı rus dilində danışmaqla Azərbaycan dilində danışmaq arasında fərqi görmək istəmirsə, Ulu öndərin fikirlərini bir də oxusun. “İnsanı ana dili yaradır” dərin fəlsəfi fikrin məna çalarlarına rus dilinin verdiyi “geniş məntiqi, semantik və dünyaduyumu” prizmasında yenidən nəzər salsın! Bəlkə, böyük Sabirin bir şeirində təsvir edilən mənzərə ilə üz-üzəyik:

Niyə böylə bərəldirsən, a qare gözünü?
Yoxsa əyri görürsən bu ayinadə özünü?

Əcəba, hansı qarelər (oxucular) milli aynada (“dil xalqın qəlbinin aynasıdır” – Humboldt) özlərini əyri görürlər? Tarixdə bunun nümunələri olmuşdur. Məsələn, XIX əsrin ortalarında Macarıstanda.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət