III MƏQALƏ
Strateji münasibətlər
Regional sabitlik, əməkdaşlıq və təhlükəsizlik arxitekturası elə bir sistemdir ki, məqsədyönlü fəaliyyət şəbəkəsinin yaradılmasını tələb edir. Bura ilk növbədə dövlətlərarası münasibətlərin əhatə dairəsinin regional miqyası aşaraq regionlararası səviyyədə güc parametrinə çevrilməsi daxildir. Bu miqyasda kompleks halda “Əliyev kriteriyaları”nın çox güclü səmərəverici faktor olduğu artıq təcrübədən keçmişdir.
Güc parametri kimi regionlararası mühitdə onun başlıca əlaməti və ya “kod”u dövlətlərarası münasibətlər platformalarının cəm halında ortaq strateji maraqlara xidmət etməsindən ibarətdir. 2003-cü ildən bu yana həmin istiqamətdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə formalaşan dövlətlərarası münasibətlər platformalarına baxaq.
Onların mərkəzində Şuşa Bəyannaməsi dayanır. Bu sənəd Avrasiya tarixində ilk dəfə olaraq etnik, mədəni, dini, dil eyniliyi olan və buna görə qardaş sayılan iki ölkənin müstəqil dövlət kimi münasibətlərinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi nümunəsidir. Azərbaycan və Türkiyə öz tarixlərində də ilk dəfə müstəqil dövlətlər kimi strateji müttəfiqliyin siyasi-hüquqi özəlliklərini ehtiva edən rəsmi sənəd imzalamışlar.
Onun əhəmiyyəti həm də ondan ibarətdir ki, iki qardaş dövlət bütün dünyaya konkret siyasi-diplomatik mesaj verir: qardaş dövlətlər öz aralarında münasibətləri beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin müəyyən etdiyi şərtlərə uyğun inkişaf etdirməkdə qərarlıdırlar!
Buradan avtomatik olaraq çox önəmli nəticə çıxır: Azərbaycan və Türkiyə istənilən başqa dövlətlərlə münasibətlərini yalnız və yalnız hüquqilik, ədalətlilik və qarşılıqlı faydalı əməkdaşlıq fəlsəfəsi çərçivəsində quracaqlar. Əgər iki qardaş dövlət bir-birilərinə bundan kənarda münasibət göstərməmək öhdəliyini üzərlərinə götürür və ona tam əməl edirlərsə, başqa kimsənin ondan kənarda nələrsə tələb etməsi qəbuledilməzdir!
Bu, strateji müttəfiqliyin siyasi münasibətlər kontekstində qurulmasının “Əliyev kriteriyası”nın çox əhəmiyyətli özəlliyidir. Onun təbiiliyi, əsaslığı, ədalətliliyi və faydalılığı Azərbaycanın təşəbbüs etdiyi başqa strateji sənədlərdə də öz əksini tapmışdır. Rusiya ilə imzalanan strateji müttəfiqlik sənədi də bu qəbildəndir.
Həmin sənəddəki müddəalarla Şuşa Bəyannaməsinin ana tezisləri üst-üstə düşür. Əməkdaşlıq, təhlükəsizlik və əlaqələrin inkişafı xətti eyni dərəcədə həmin sənəddə ifadə edilmişdir. Buna görə də Rusiya tərəfinin o çərçivədən hər hansı formada kənara çıxmaq cəhdləri bəri başdan uğursuzluqdur. Bura digər məqamlarla yanaşı, dolayı da olsa, Azərbaycana birtərəfli qaydada hansısa şərti qəbul etdirmək cəhdlərinin perspektivsizliyi daxildir.
Məlum təyyarə qəzası məsələsi bunu bir daha təsdiq etdi. Rəsmi Moskva bütün cidd-cəhdlərinə baxmayaraq, strateji müttəfiqlikdə üzərinə götürdüyü öhdəlik çərçivəsində Azərbaycanın daxili işlərinə qarışmamaq, şəffaf olmaq və dövlətçiliyə hörmət etmək şərtlərinin yaratdığı “hüquqi divara çırpıldı”.
Azərbaycan–İran münasibətlərinin konstruktiv məcraya yönəldilməsi rəsmi Bakının regional siyasətində ayrıca dinamikası olan prosesdir. Burada nə dərəcədə ziddiyyətlərin olduğu hamıya məlumdur. II Qarabağ müharibəsi zamanı rəsmi Tehranın Ermənistanı əməldə dəstəkləməsinin faktları vardır. Hətta bizim sərhədlər yaxınlığında keçirdikləri hərbi təlimləri unutmamışıq. Böyük Qələbədən sonra rəsmi Tehranın yenə də təcavüzkara yardımları və siyasi-diplomatik dəstəyini xatırlamağa dəyər. Səfirliyimizdə törədilən məlum terror aktı faktdır.
Lakin Azərbaycan rəhbərliyyinin təmkinli, əsl qonşu və qardaş mövqeyi bu istiqamətdə də tədricən öz müsbət bəhrəsini verməkdədir. Ədalət naminə deməliyik ki, İranın indiki prezidenti M.Pezeşkian da iki qardaş dövlət arasındakı münasibətlərə kifayət qədər həssaslıqla yanaşır. İndi proqnozlaşdırmaq olar ki, bu cür gedişat müəyyən zamandan sonra Azərbaycan Respublikası-İran münasibətlərini layiq olduğu səviyyəyə yüksəldəcək.
İranla münasibətlərin vurğulanan dinamikası Prezident İlham Əliyevin Türkiyə ilə yanaşı, başqa bir qonşu və qardaş dövlət istiqamətində həyata keçirdiyi siyasətdə strateji anlamı olan diplomatik addımlarının mahiyyətini açmağa imkan verir. Bu məqamın özəl siyasi anlamı vardır. Onun üzərində bir qədər geniş dayanaq.
İki qardaş, bir strategiya
Azərbaycan Respublikası keçən əsrin 90-cı illərinin əvvəllərindən müstəqillik əldə edəndən bizim üçün iki qardaş dövlətlər olan Türkiyə və İranın Azərbaycan siyasəti kəskin fərqlənmişdir. Türkiyə siyasi-diplomatik və hərbi-müdafiə, iqtisadiyyat, energetik layihələr sferalarında Azərbaycanı yaxından dəstəkləmişdir. Müstəqil dövlətçiliyimizə hərtərəfli yardımlar etmişdir. Hərçənd qardaş Ankaranın müstəqil dövlətlərin qardaşlığınını siyasi, geosiyasi və hüquqi anlamlarında müəyyən düzəlişlərə ehtiyacı vardı. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” formulu məsələnin bu aspektinə də dəqiqlik və aydınlıq gətirdi. İndi Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq aspektində dünyada tayı-bərabəri yoxdur.
Təəssüf ki, İranla qardaşlıq və qonşuluq kontekstində münasibətlərimiz tamamilə fərqli məcrada olmuşdur. İran da Türkiyə qədər Azərbaycana qardaş cəmiyyət, dövlət və mədəniyyət məkanıdır. Hətta Səfəvi obrazında bu faktın daha dərin qatları vardır. Lakin rəsmi Tehran (İran cəmiyyəti demirik) uzun müddət inadkarcasına Azərbaycanın müstəqilliyinə əməldə tərs mövqe tutmuşdur. Azərbaycanı ölkə və dövlət kimi aşağılamaq cəhdləri, yuxarıdan aşağı baxmaqla “sizi əzərik” kimi əsassız bağırtıları, dini məzhəbçiliyi radikal formada Azərbaycan Respublikası cəmiyyətinə sırımaq addımları, müxtəlif gizli hücrələr yaradıb azərbaycanlılar arasında məzhəbçilik əsasında ayrı-seçkilik salmaq çalışmaları və digər mənfi hallar sirr deyildir.
Ancaq bütün bunlar Azərbaycan rəhbərliyinin yenilməz iradəsi, Azərbaycan xalqının İran cəmiyyətinə qardaş kimi sarsılmaz münasibəti və İslam dininin böyük birləşdirici potensialı qarşısında aciz oldu. İndi Azərbaycan cəmiyyəti daha böyük anlamda İran cəmiyyətini qardaş kimi hiss edir və bunun inkişaf edəcəyi şübhəsizdir. Prezidentlər İlham Əliyev və Məsud Pezeşkian əsrlərdir qardaş olan iki dövləti müasir beynəlxalq hüquq və mehriban qonşuluq müstəvilərində layiq olduqları səviyyəyə yüksəldəcəklər.
Buradan alınır ki, etnik-mədəni qardaşlıq özlüyündə hələ dövlət səviyyəsində “qardaşlığın” avtomatik təmini demək deyildir. Bunun üçün konkret siyasi kurs və onun reallaşmasının dəqiq prinsipləri olmalıdır. Məhz Azərbaycan həm Türkiyə, həm də İranla siyasi və dövləti aspektlərdə qardaşlığın hüquqi, ədalətli və perspektivli formullarının tapılmasını motivasiya etmişdir. Bu istiqamətdə “Əliyev kriteriyası” müasir siyasi-diplomatik təcrübədə unikal nümunədir!
Təcavüzkarın ram edilməsi
“Əliyev kriteriyalari”nın siyasi və geosiyasi özəllikləri bunlarla məhdudlaşmır. Ermənistanın “ram edilməsi” prosesi real olaraq başqa bir möhtəşəm sülhyaratma aktıdır. Bu, mahiyyətcə, Azərbaycanın əsrlərlə regionda hakim olan və qərəzli məzmuna malik geosiyasi mühiti dəyişdirməsi hadisəsidir. Uzun sürən işğal prosesini Bakı həm dayandırdı, həm də onun “qurucu oyunçuları”nı hərb və informasiya meydanında məğlub etdi.
Təbii ki, burada siyasi-diplomatik və hərbi məharət əsas rol oynadı. Azərbaycan həm də elə bir nümunə göstərdi ki, hərbi qələbədən sonra da rəqiblər əldə etdiyimiz nailiyyətləri arxa plana ata bilmədilər. Bununla “Əliyev kriteriyaları” müharibə dövrü ilə postmüharibə mərhələsini vahid sülhyaratma məntiqində birləşdirə bildi. 2025-ci il Vaşinqton görüşü birbaşa bu faktorun məntiqi nəticəsidir. Onun təməlində Prezident İlham Əliyevin sülhyaratma fəlsəfəsi və onun siyasi-diplomatik proyeksiyası dayanır.
Çünki Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması prosesində əməkdaşlıq layihələrinə geniş yer verməyə hazır olduğunu bəyan etdi. O cümlədən dünya üçün əhəmiyyətli olan Orta Dəhliz layihəsi çərçivəsində Zəngəzur dəhlizinin işləməsi sayəsində Ermənistanın da böyük qazanclar əldə edəcəyinə hər kəsi inandırdı. ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhün yaradılması məsələsinə münasibəti vurğuladığımız həmin tezisin əsaslı olduğunu göstərən faktorlardan biridir.
Ermənistanın ram edilməsinin geniş anlamda qlobal miqyasda sülh prosesinə konkret töhfə verməsinin əyani nümunəsi kimi Azərbaycan və Ermənistan rəhbərlərinin Sülh Şurasına qurucu üzvlər kimi qəbul edilməsini göstərə bilərik. Əgər Azərbaycan hərb meydanında qalib gəlib, postmüharibə mərhələsində qətiyyətlə sülhyaradıcı mövqe tutmasaydı, indi Ermənistan Sülh Şurasının qapısına yaxın düşə bilməzdi.
Qonşu dövlətin ərazisinin bir qismini işğal etmiş bir ölkəni ən qatı havadarı belə Sülh Şurasına daxil edə bilməzdi. Deməli, İlham Əliyevin münaqişəni həll etmək strategiyası hətta rəqibi Ermənistan üçün geniş imkanlar yaratmışdır. Bu faktı indi rəsmi İrəvan nəinki inkar etmir, hətta növbəti addımlar üçün əsas sayır. O sırada son zamanlar müəyyən rəsmi dairələrin və ekspertlərin Ermənistanın Azərbaycan-Türkiyə enerji sisteminin bir parçası olmaq şansının mövcudluğundan danışması diqqətləri çəkir.
“C6”: vahid əməkdaşlıq məkanı
Mərkəzi Asiya istiqamətində böyük geosiyasi güclərin və müəyyən dövlətlər qrupunun son zamanlar daha aktiv fəaliyyət göstərdiyi məlumdur. Burada ABŞ, Çin, Rusiya, Türkiyə, İran və Hindistan öz maraqlarını təmin etməyə çalışırlar. Bu, regionda geosiyasi vəziyyəti çox gərginləşdirir.
Bunların fonunda Azərbaycan üçün Mərkəzi Asiya region olaraq iki aspektdə çox önəmlidir.
Birincisi, Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirib qlobal geosiyasətin əsas güclərindən birinə çevirmək istiqaməti.
İkincisi, “Bir qurşaq, bir yol” qlobal layihəsinin reallaşdırılmasının nəqliyyat-loqistika aspektində konstruktiv motivəedici rol oynamaq.
Hər iki istiqamətdə Prezident İlham Əliyev ciddi uğurlar əldə etmişdir. Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycan Respublikasını Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına daxil etmişlər. Bununla bağlı Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə prezident Şavkat Mirziyoyev bəyan etmişdir: “Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək”.
Nəhayət, “Əliyev kriteriyaları”nın Azərbaycan-ABŞ strateji tərəfdaşlığının konkret fəaliyyət proqramı səviyyəsinə yüksəlməsinin başlıca aparıcı faktoru olması nəticəsində geniş bir geosiyasi məkanda - Avropa İttifaqı (Aİ), Yaxın Şərq ölkələri və Asiya miqyasında böyük dövlətlərin regionumuza münasibətlərinin yeni qüvvələr balansı fonunda fərqli məzmun alması ayrıca vurğulanmalıdır. Burada Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müasir geosiyasətdə qüvvələr balansının dəyişməsi kontekstində prinsipial konseptual və feili dəyişikliyin baş verdiyini görürük.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

