Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)
Müdafiə nazirliyində böyük manevrlər
Le Drian elə bilirdi ki, Makronu asanlıqla qatlayıb cibinə qoya biləcək. Yanıldı... Bu iki nəfər bir-birinə çoxdan yaxınlaşmışdılar. 2016-cı il avqustun sonunda bu güclü və qüdrətli Müdafiə naziri, prezident Fransua Hollanda çox əsəbiləşmişdi. Məsələ burasındadır ki, sentyabr ayına bir neçə gün qalmış “Le Monde” qəzeti iki jurnalistin – Jerard Davet və Fabris Lomun bir neçə uzun məqaləsini dərc edir. Bu məqalələrdə jurnalistlər bir yerdə yazdıqları, yaxınlarda satışa buraxılacaq Prezident belə söz deməz kitabı haqqında oxuculara məlumat verirlər. Müdafiə naziri Le Drianın qəti xoşuna gəlmir ki, bu jurnalistlər “Le Monde” qəzetindəki məqalələrində Yelisey sarayı ilə Ağ Ev arasındakı müzakirələrdən, ABŞ ilə Fransanın Suriyaya qarşı birgə hərbi müdaxiləsi haqqında məxfi sənədlərdən də söhbət açırlar.
Le Drian artıq Fransua Hollandla bütün əlaqələrini kəsib. Özü də boş bir şeyə görə yox. Onlar ikisi də çoxdan siyasətdədirlər və illərdir dostluq edirlər. 1990-cı illərin əvvəllərində onlar ikisi də bir yerdə Jak Deloru dəstəkləmək üçün Lorian Şahid Klubu yaratmışdılar. Bundan başqa Lö Drian bəzi böyük arqumentlərə malikdir: Onun Müdafiə sənayesində güclü şəbəkəsi, həmçinin Afrikada və Yaxın Şərqdə yüksək vəzifəli məmurlarla yaxın əlaqəsi var. Kampaniya zamanı təbii ki, belə əlaqələrin çox xeyri olur.
Oktyabr ayı ərəfəsində Baş nazir Manuel Valls Prezident belə söz deməz kitabının qəhrəmanı Fransua Hollanda qarşı hücumlara başlayanda, mətbuatda bəzi jurnalistlər yazırlar ki, Le Drian prezident seçkilərində Emmanuel Makronu dəstəkləyəcək... Ancaq bu xəbər Müdafiə nazirinin ətrafındakılar tərəfindən inkar edilir. O vaxt Fransua Holland ikinci dəfə prezidentliyə namizədliyini verib-verməyəcəyi haqqında hələ heç bir qərara gəlməmişdi. O, bu qərarı dekabr ayında verəcək və Hollandın bir daha prezident olmaq istəmədiyini görən Le Drian üzvü olduğu Sosialist Partiyasına sadiqliyini göstərmək üçün partiya adından prezidentliyə namizədliyini irəli sürən Manuel Vallsa dəstək olacaq. Ancaq bu münasibətlə yanvar ayında Manuel Vallsla Brotayn bölgəsinə seçicilərlə görüşə gedəndə, Müdafiə naziri başa düşür ki, özünü boş yerə əziyyətə verir. Bölgənin Lambal şəhərinin sakinləri gələcək namizədi çox pis qarşılayırlar. Bir gənc hətta cəsarət edib camaatın içində Manuel Vallsa şillə vurur.
Beləliklə, kiçik addımlarla Le Drianın komandaları Makronun komandalarına yaxınlaşmağa başlayır... “Ancaq Makron elə hesab edir ki, onun dəstəyi səmimi deyil”, – deyə namizədin yaxın dostlarından biri etiraf edir. Makron həmişə başqalarından “səmimilik” tələb edir. Onun özündə səmimilik deyilən heç bir şey yoxdur, onun yeganə üsulu güc tətbiq etməkdir. Ancaq Makronun Le Drian haqqında dediyi “onun dəstəyi səmimi deyil...” sözlərində bir az həqiqət də var. Çünki Le Drianın komandası, eyni zamanda, başqa bir namizədin – Fiyyonun komandasına da yaxınlaşır. Onun bu ikibaşlı oyunu təbii ki, Makronun gözündən qaçmır.
Ehtiyatlı tərpənən Le Drian 2017-ci ilin mart ayının əvvəlinə qədər gözləyir və seçkilərin birinci turuna ay yarım qalmış Makrona dəstəyini rəsmiləşdirir. Bir neçə həftə sonra “Hərəkətdə!” qrupunun namizədi Arts et Metiers de Paris hotelində Le Drianın Müdafiə Nazirliyindəki kabinet direktoru Sedrik Levandovski və onun xüsusi müşaviri Jan-Klod Malle tərəfindən yazılmış müdafiə mövzusunda geniş çıxış edir. Müdafiə Nazirliyinin sütunları olan bu iki adam Makronun, eləcə də onun komandasında olanların xoşlarına gəlməyə çalışırlar. Malle hətta zəmanət alır ki, Makron prezident seçilsə, o, Milli Kəşfiyyat Koordinatoru təyin olunacaq. Ancaq onun arzusu ürəyində qalır – Makron prezident seçilsə də, o, heç vaxt Milli Kəşfiyyat Koordinatoru olmayacaq. Ondan daha çoxbilmiş və bic olan Levandovski isə çox can atır ki, Holland onu seçkilərdən əvvəl xarici kəşfiyyatın (DGSE) rəhbəri təyin eləsin. Amma getməkdə olan prezident qərara gəlir ki, bu vəzifəyə yeni rəhbəri onu əvəz edəcək prezident özü təyin eləsin. Le Drianın kabinet direktoru onda başa düşür ki, Makronun komandası onu qəbul etməyəcək. Ona görə də təcili çıxış yolu axtarır. Bəziləri hətta onun Areva şirkətinə rəhbər göndəriləcəyini də ehtimal edirlər.
Hamı “dövlət daxilindəki dövlətə” qarşı çıxır
Makron Le Drianı Xarici İşlər Nazirliyinə təyin edəndə, onun qarşısına şərt qoyur: Levandovski onu müşayiət etməyəcək. Prezident onu təcili olaraq EDF (Fransanın Elektriki) kampaniyasına göndərmək istəyir, çünki Levandovski əvvəllər orada altı il bu kampaniyanın rəhbəri Fransua Russeyin kabinet direktoru olub və bu iş üzrə əsl mütəxəssisdir.
Lion şəhərində doğulub boya-başa çatan Levandovski nə böyük bir mühəndislik məktəbində oxuyub, nə də Milli İdarəetmə Məktəbində. Siyasi Elmlər İnstitutunu bitirəndən sonra o, bir müddət universitetdə araşdırma işləri aparıb və Paris VIII universitetində geosiyasət üzrə Təkmilləşdirmə Diplomu (DEA) əldə edib. 1990-cı illərdə isə Milli Assambleyada sosialistlər qrupunun müşaviri vəzifəsində çalışıb.
Hollandın prezidentliyi dövründə Levandovski həm hədə-qorxuya məruz qalır, həm də tənqidlərə. Müdafiə nazirliyinin V Respublikada xüsusi hörməti və sanbalı var. Ancaq buna baxmayaraq onlar həmişə hamıya təkrar edirlər ki, ordunun Ali Baş Komandanı ancaq prezidentdir!
Levandovski həm də yüksək dövlət texnokratları tərəfindən tənqid edilir. Ancaq bu inadkar adam İqtisadiyyat Nazirliyi ilə büdcə çəkişmələrində həmişə qalib çıxır. Bu çəkişmələrdə Holland özü də Müdafiə Nazirliyini İqtisadiyyat Nazirliyindən daha çox dəstəkləyir. 2015-ci ildə hərbi proqramlaşdırma qanununun hazırlanması zamanı məsələ ciddiləşir. Müdafiə Nazirliyinin kabinet direktoru Levandovski ilə İqtisadiyyat naziri Emmanuel Makron və onun kabinet direktoru Aleksi Kohler arasında böyük gərginlik yaranır. Bu gərginlik tezliklə şəxsi münaqişəyə çevrilir. Kohler çığır-bağır salır ki, Müdafiə Nazirliyində Le Drian “dövlət daxilində dövlət” yaradıb. Ancaq buna baxmayaraq, Yelisey sarayını idarə edən prezident Holland, eləcə də onun Baş naziri, Müdafiə nazirini dəstəkləyir. İqtisadiyyat Nazirliyinin Müdafiə Nazirliyinə etdiyi həmlələr hamısı boşa çıxır. Makronla Kohler hər dəfə gülünc vəziyyətdə qalırlar...
Levandovskinin bacarığı, danışıq mədəniyyəti, başladığı işi uğurla başa çatdırmaq qabiliyyəti ona prezident Hollandla və Baş nazir Manuel Vallsla birbaşa əlaqə saxlamağa imkan verir. Ona görə də bu adam dövləti idarə edənlərlə yaxın əlaqəsindən istifadə edib, nazirlər kabinetindəki iclaslara gəlməyi özünə sığışdırmır, müavinini göndərməyə üstünlük verir. Fransua Hollandın beş illik hakimiyyəti dövründə Sedrik Levandovski ilə DGSE-nin (Xarici kəşfi yyat) direktoru Bernard Bajole arasındakı əlaqələr tamamilə bərbad hala düşür.
Bu sonuncu da köhnə dostu Hollandla birbaşa əlaqə saxlayır, halbuki DGSE (Xarici kəşfi yyat) Müdafiə Nazirliyinə – Le Drian ilə Levandovskiyə tabedir. 2017-ci ilin yazında Makron prezident seçiləndən bir-iki həftə sonra DGSE-nin (Xarici kəşfi yyat) direktoru Bernard Bajole, yeni seçilmiş prezidentin qulağına pıçıldayır ki, Levandovski Hollandın vaxtında çox qudurmuşdu, heç kəsi saymırdı... indi onun əl-ayağını yığmaq lazımdır.
(ardı var)