Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı öz mövqeyini Ermənistana qəti surətdə bildirib. Çünki bu məsələ həll olunmadan münasibətlərin normallaşması mümkün deyil. Azərbaycanın iki ölkə arasında əlaqələrin qurulmasının əsas prinsiplərinə dair Ermənistana təqdim etdiyi təklifində də bu, öz əksini tapıb.
Azərbaycan – Ermənistan delimitasiya komissiyasının növbəti iclasında da iki ölkə arasında sərhədin delimitasiya məsələsi müzakirə ediləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. Nazir müavini tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. O, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib. Onun sözlərinə görə, görüş işçi qruplar səviyyəsində keçiriləcək. Tərəflər görüşlərin intensiv olacaqları barədə razılığa gəliblər.
Baş nazirin müavini bu il delimitasiya prosesinin Cermuka çatacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. O bildirib ki, delimitasiya şimal nöqtədən başlayacaq. “Fikrimcə, bu prosesə başlamazdan əvvəl daha bir görüş olacaq, çünki hələ müzakirə olunası məsələlər var. Biz həmişə işçi qruplarında görüşürük”.
Mqer Qriqoryan deyib ki, sərhədin demarkasiyası ilə bağlı bütün məlumatlar açıqdır: “Biz son görüşdən sonra bütün məlumatları dərc etdik və işi necə davam etdirəcəyimizi bildirdik. İşçi görüşlərin nəticələrindən sonra da planlarımızı mütləq dərc edəcəyik. İndi görüşün konkret tarixini deyə bilmərəm, amma razılaşmalar var ki, onlar intensiv olmalıdır”.
Sərhədin dəqiqləşməsi isə, yuxarıda qeyd etdiyimiz kimi, hər iki ölkənin maraqlarına xidmət edir. Gələcək əməkdaşlıqda önəmli rol oynaya bilər. Artıq bu sahədə müəyyən nəticələr əldə olunub. Qazaxın 4 kəndi Azərbaycana qaytarılıb. Bu, Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsində mümkün olub. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib, dirəklər basdırılıb. Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Onu da bildirək ki, Azərbaycan delimitasiya prosesi çərçivəsində bir qarış torpağını da Ermənistana verməyib. Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda diktə edən tərəf kimi öz sözünü deyib. Bu, 44 günlük müharibə və antiterror əməliyyatı zamanı qazandığımız Qələbənin davamıdır.
Onu da qeyd edək ki, delimitasiyanın Qazaxın işğal olunmuş kəndlərindən başlanmasını Azərbaycan təklif edib. Hər iki tərəfin konstruktivlik nümayiş etdirməsi sonda nəticə verdi. Bu, sərhədin bir hissəsində prosesin tam başa çatdırılması deməkdir. Yəni proses bundan sonra da uğurla yekunlaşarsa, o zaman artıq istinad edilməli bir təcrübə yaranmış olacaq. Bu, digər mürəkkəb, yaxud mübahisə doğuran sərhəd hissələrində də razılaşma üçün bir nümunə olmaqla münasibətlərin yaxşılaşmasına və qarşılıqlı etimadın formalaşmasına təsir edəcək. Həm də eksklavlarla bağlı porosesləri də sürətləndirəcək. Onun həlli prosesini yaxınlaşdıracaq. Azərbaycan tərəfi buna hazırdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində deyib: “Əgər Ermənistan tərəfi onları indi – ikinci mərhələdə nəzərdən keçirmək istəyirsə, biz hazırıq. Onlar məsələyə sonra baxmaq istəyirlərsə, biz yenə də hazırıq. ...Düşünürəm ki, hər iki tərəf, yəni iki delimitasiya komissiyası növbəti addımlar üzərində razılığa gəlməlidir. Biz həmin məsələyə ayrıca epizod kimi baxılmasını istəmirik və delimitasiya işini davam etdirmək istəyirik. Təklif edirəm ki, iş bəlkə də ən asan hissədən başlasın. Əgər Ermənistan tərəfi ən çətin hissədən başlamaq istəyirsə, məsələn eksklavlar, biz onun üçün də hazırıq”.
Yada salaq ki, erməni işğalı altında olan anklav kəndləri – Yuxarı Əskipara, Sofulu və Barxudarlı və Kərki strateji cəhətdən çox önəmlidir. Bu kəndlər müxtəlif istiqamətlərə gedən strateji yollara nəzarət etməyə imkan verir. Gec və ya tez Ermənistan həmin 4 kəndi də Azərbaycana qaytarmaq məcburiyyətində qalacaq. Çünki o kəndlərin Ermənistana heç bir dəxli yoxdur.
Sadəcə, Ermənistanın daxilində bu mövzuda çox sərt diskussiyalar gedir. Radikal müxalifət yenə də hakimiyyəti satqınlıqda ittiham edir, Azərbaycanın bir hissəsinə iddia edən saxta xəritələr təqdim edirlər. Qarşıdurma davam edir. Bu səbəbdən də haylar onların Azərbaycana qaytarılmasını sonrakı mərhələyə saxlamaq istəyirlər. Bununla belə, anklavların Azərbaycan torpağı olduğunu da etiraf edirlər. Ermənistan baş naziri Nikol Paşinyan görüşlərin birində bildirmişdi ki, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ən azı 80-90 faiz razılaşdırılıb: “Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı formulalar artıq tam razılaşdırılıb. Qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi haqqında, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmə prinsipinə əməl olunması məsələsi üzrə razılıq əldə olunub. Bundan başqa, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması razılaşdırılıb”. Daha sonra o deyib ki, biz anklav gündəmini tərk edə bilmərik. Ermənistanın “Arsvaşen”in (Başkənd) timsalında bir anklavı var. Bundan imtina edə bilmərik. Azərbaycanın anklav məsələsini qaldırıb-qaldırmamasından asılı olmayaraq, bu məsələni gündəmdə saxlamaqda maraqlıyıq. Bu mövzu istər-istəməz müzakirələrimizin predmeti olacaq və hər birimiz öz arqumentlərimizi irəli sürəcəyik.
Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesi davam edir: “Danışıqlar zamanı Azərbaycanın maraqlarına zidd nə varsa, əlbəttə, qəbul etməyəcəyik. Ona görə də sərhədlərin müəyyənləşdirilməsi qarşılıqlı razılaşma ilə həyata keçirilməlidir.
Şimal bölgəsindən başlayaraq sərhədlərin dəqiqləşdirilməsi nəticəsində biz uzun illər Ermənistan işğalı altında olan dörd kəndimizi geri qaytarmışıq. Düzdür, hələ bu kəndlərə sakinlərin köçürülməsi həyata keçirilməyib. Bunun səbəbləri var. Ermənistan torpaqlarımızı işğal etdikdən sonra adəti üzrə ərazini minalayıb. Hazırda həmin ərazi minalardan tam təmizlənməyib. Yaşayış evləri də haylar tərəfindən dağıdılıb. İnanıram ki, qısa müddətdə bu problemlər öz həllini tapacaq, bu yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıdacaqlar. Üstəgəl, sərhədlərin digər istiqamətində də dəqiqləşmə işləri davam edir”.
E.Şahinoğlu daha sonra deyib: “Harada mümkünsə, əlbəttə, orada sərhədlər müəyyənləşdirilir. Onu da qeyd edək ki, haylar bəzən sərhədlərin müəyyənləşdirilməsi üçün müxtəlif xəritələr təklif edirlər. Bildirirlər ki, 1978-ci il xəritəsi onların ziyanınadır. Guya həmin dövrdə Azərbaycan tərəfinə 5,6 kvadratkilometr ərazi verilib. 1976-cı il xəritəsi isə maraqlarına daha uyğundur.
Hayastan rəsmiləri çox şey deyə, müxtəlif xəritələr ortaya ata bilərlər. Sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğun olmalıdır. Harada uyğundursa, orada Ermənistanla razılıq əldə edə bilərik. Harada sərhədlərin müəyyənləşdirilməsi bizim maraqlara ziddirsə, əlbəttə, razılaşa bilmərik. Məsələn, Hayastan bəzi ərazilərin boşaldılmasını istəyir. Biz buna gedə bilmərik. Bu ərazilər strateji yüksəkliklərdi. Ermənistan 30 ildir torpaqlarımızı, sərhədlərimizi işğal etmişdi. Həmişə ölkəmizə qarşı təxribatlar törətməkdə maraqlı olublar. Bu yüksəkliklər bizim nəzarətimiz altında qalacaq. O ərazidə geri addım ata bilmərik. Çünki yüksəkliklərə nəzarəti ələ keçirməklə təxribatlarını davam etdirəcəklər. Bu, onların qanında var. Sözsüz ki, bu istiqamətdə danışıqlar davam edəcək”.
Xatırladaq ki, baş nazirlərin müavinləri səviyyəsində görüşdə dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Bildirilib ki, sərhədlərin delimitasiya və demarkasiyası sülh müqaviləsinə aparan ən düzgün yoldur.
Pünhan ƏFƏNDİYEV
XQ