Demokratik cəmiyyət və qanunun aliliyi

post-img

Bakıda Azərbaycan Hakimlərinin I Forumu keçirilib. 400-dən çox məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə hüquq islahatları barədə məlumatlandırmaq olub.

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, məhkəmə hakimiyyətinin möhkəmlənməsi və inkişaf etdirilməsi, məhkəmələrin maddi-texniki bazasının müasirləşdirilməsi, hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması daim dövlət başçısının xüsusi diqqət mərkəzində olub: “Forumda ilk dəfədir ki, fəaliyyətdə olan bütün məhkəmə instansiyalarını təmsil edən hakimlərlə təqaüdə çıxmış hakimlər bir araya gəliblər. Bu gün məmnunluqla demək olar ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılması məsələlərində böyük nailiyyətlər əldə olunub”.

Onun sözlərinə görə, cəmiyyət nə qədər inkişaf etsə də, ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdır.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb. Bu islahatların məhkəmə hakimiyyətinin nüfuzunun artmasına öz töhfəsini verdiyini qeyd edib: “Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olub. Yuxarı instansiya məhkəmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi işi də davam etdirilir. Bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib. Ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib”.

Daha sonra forum panel müzakirələrlə davam edib.

Forum çərçivəsində Azərbaycan Hakimlər İttifaqının müxtəlif nominasiyalar üzrə təsis etdiyi “İlin hakimi” mükafatının təqdim edilməsi mərasimi olub. Belə ki, “Hakimliyə namizədlərin və hakimlərin tədrisində səmərəli fəaliyyətə görə” Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva, “Ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində hüquq elminin inkişafına verdiyi töhfəyə görə” Ali Məhkəmənin hakimi Zaur Əliyev, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov, Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasov, “Məhkəmə təcrübəsinin vahidliyinin formalaşmasına verdiyi töhfələrə görə” Ali Məhkəmənin hakimi Səyyad Kərimov, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazov, “Elektron Məhkəmə” informasiya sisteminin inkişafına verdiyi töhfəyə görə” Bakı Apellyasiya Məhkəməsinin hakimi Tural Qocayev “İlin hakimi” mükafatı ilə təltif olunublar.

Bundan başqa, Azərbaycan Hakimlər İttifaqının İdarə heyətinin üzvü Əsəd Mirzəliyev “Hakimlərin ictimai fəaliyyəti sahəsində səmərəli fəaliyyətə görə", “Femida Könüllüləri” Təşkilatının 4 könüllüsü isə “Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin səmərəli təşkilinə görə” mükafatı ilə təltif ediliblər.

XQ

 

Son xəbərlər