Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
“Freedom House” təşkilatı “Qlobal Azadlıqlar İndeksi – 2025” hesabatını dərc edib. Burada 195 ölkə və 13 ərazi üzrə demokratik vəziyyət 2024-cü ildə baş vermiş proseslər üzrə qiymətləndirilib. Yekun rəylərinə görə, 85 ölkə və 1 ərazi azad, 51 ölkə və 4 ərazi qismən azad, 59 ölkə və 8 ərazi isə qeyri-azad ölkələr kimi təsnifatlandırılıb.
Azərbaycan və onun qonşuları – Türkiyə, İran, Rusiya da qeyri-azad ölkələr siyahısında qeyd olunub. Ermənistan və Gürcüstan isə bir pillə öndə, yarım-azad ölkələr kateqoriyasına daxil edilib.
Cənubi Qafqaz regionunda Azərbaycanın adının Ermənistan və Gürcüstandan geri salınması “Freedom House” üçün tendensiya halını alıb. 15 ilə yaxındır ki, ölkəmizin adını “qeyri-azad ölkələr” kateqoriyasında yerləşdirir. Bir sözlə, təşkilat son 15 il ərzində yayımladığı hesabatlarda Cənubi Qafqaz ölkələri barədə nə yazıbsa, eynisini 2025-ci il indeksində təkrarlayıb. Baxmayaraq ki, bu dövrdə regionda ciddi dəyişikliklər baş verib. Məsələn, 2018-ci ildə Ermənistanda dövlət çevrilişi həyata keçirilib. Serj Sarkisyan hökuməti devrilib, Nikol Paşinyan komandası hakimiyyətə gəlib. Bütün Qərb dövlətləri və təşkilatları bu çevrilişə loyal yanaşıblar. Səbəbini də “Paşinyan komandasının demokratik dəyərlərə sadiqliyi” ilə izah ediblər. Məntiqi sual yaranır: Sarkisyan hökuməti qeyri-demokratik, Paşinyan komandası isə demokratik ruhludursa və Ermənistanda ictimai-siyasi düzən onların kursuna uyğunlaşdırılırsa, necə olur ki, bu fərqlilik “Freedom House” təşkilatının hesabatlarında görünmür? Hansı prinsiplə həm Sarkisyan, həm də Paşinyan dövründəki Ermənistan təşkilatın hesabatında yarım-azad ölkələr kateqoriyasında yerləşdirilir? Nəticə çıxır ki, “Freedom House” subyektiv davranır, istənilən halda Ermənistanı Azərbaycandan öndə göstərməyə çalışır.
Təşkilatın ABŞ-dəki erməni lobbi qrupları ilə bağlılığı barədə ötən yazılarımızda məlumat vermişdik. Bu fakt son dövrlərdə daha qabarıq faktlarla öz təsdiqini tapır. “Freedom House” təkcə Azərbaycanı deyil, Türkiyəni də “qara siyahıya” salıb. Qardaş ölkəni də Ermənistandan bir pillə geridə, “qeyri-azad ölkələr” kateqoriyasında yerləşdirib.
Paradoksal haldır ki, hesabat hazırlanarkən, “yaxın iki il ərzində dünya ölkələrində keçirilmiş seçkilərin nəticələrinə ciddi önəm verilib”. Hesabatda qeyd olunur ki, “bu dövr ərzində dünyada rekord sayda seçkilər keçirilib, dünya əhalisinin yarıdan çoxu seçkilərə gedib və bu seçkilər həmin ölkələr üzrə demokratik vəziyyəti qiymətləndirmək üçün indikator rolunu oynayıb”. Məsələ ondadır ki, 2023-cü ildə Türkiyədə keçirilən prezident seçkiləri bütün parametrlər üzrə dünya üçün demokratik seçki örnəyi yaradıb. Bütün dünya təşkilatları və dövlətləri bu seçkilərin demokratiya örnəyi olduğunu etiraf ediblər. Bəs “Freedom House” hansı hesabla Türkiyəni “qara siyahıya” salır, Ermənistanı isə ondan bir pillə öndə göstərir?
Yeri gəlmişkən, 2024-cü ilin oktyabr ayında Gürcüstanda da seçkilər keçirilib. Bu seçkilər həm parlamentin tərkibini, həm də hökumət komandasını müəyyənləşdirib. ABŞ və bütövlükdə Qərb, həmin seçkinin legitimliyini tanımayıb. Əlbəttə, biz Qərbin Gürcüstanda keçirilən seçkilərə münasibətdə sərgilədiyi mövqeyi pisləyirik. Amma fakt odur ki, ABŞ və Avropa İttifaqı ölkələri Gürcüstanda keçirilən son seçkini qeyri-demokratik, qeyri-legitim adlandırıblar.
“Freedom House” tərəfindən dərc edilən son hesabatda bu cür paradoksal, qarışıq məqamlar çoxdur. Hesabatın preambula hissəsində yazılan fikirləri növbəti fəsillərdə inkar ediblər. Belə nəticə çıxır ki, təşkilatın 2013... 2015...2018-ci illərdəki hesabatlarında müşahidə olunan qərəz, konyuktura 2024-cü il hesabatının da ruhuna hopub. Tendensiya, üslub, hətta, cümlələr də dəyişməyib. Təqvimi yeniləməklə köhnə mətnləri yenidən dərc ediblər.
Görünür, “Freedom House” təşkilatı ciddi çaşqınlıq içindədir. Prezident Donald Trampın bu tip təşkilatları ciddi tənqid etməsi, maliyyəsini kəsməsi onları çətin duruma salıb. USAID, NED, “Amerikanın səsi”, “Azadlıq radiosu” ilə yanaşı, “Freedom House” də öz başının hayına qalıb. Obyektivlik, qərəzsizlik prinsipi yaddan çıxıb.
Belə qeyri-ciddiliyin nəticəsidir ki, dünyanın əksər transmilli media subyektləri təşkilatın son hesabatını tirajlamayıblar. İndiki hesabat geniş diqqət qazanmayıb. Onu daha çox Ermənistan mediası ciddi qəbul edir. Məsələn, “Armenpress” Agentliyi “Freedom House” təşkilatına söykənərək, Azərbaycan haqqında qara fikir formalaşdırmaq istəyib.