Müstəqil dövlətçilik və dövlət dili

post-img

III MƏQALƏ

Azərbaycanda hüquq, qanun və dil vəhdəti

Maraqlı və bir qədər qeyri-adidir, deyilmi? Çünki son əsrlər Azərbaycan və azərbaycanlılar haqqında danışan yadlar daha çox hüquqsuzluq, qanunsuzluq və dil zəifliyindən dəm vurmuşlar. Bunun fonunda isə özlərinin dəyərlərini “göylərə qaldırmışlar”: guya, onlar mədənidirlər, dövlətçidirlər, hüququ anlayırlar, qanunlara əməl edirlər... və sair və ilaxır.

Ancaq dünyanın öz gedişatı var. İndi bütün aləm görür ki, fransızı, almanı, rusu və digər “güclülər”i hansı səviyyədə hüquqa, qanuna və özgə mədəniyyətinin dəyərlərinə əməl etmirlər. Onlar açıqca deyirlər ki, “dünya mənin dilimdə danışmalı, mənim mədəniyyətimi əxz etməli və mən necə yaşayıramsa, dünyanı necə görürəmsə, elə yaşamalı, görməlidir”! Məhz bu cür ədalətsizliyin nəticəsidir ki, qlobal miqyasda bəşəriyyət silkələnir. Ukraynada həlak olan milyonlarla insanın taleyindən çox kimə hansı torpaq, kimə hansı miqdarda vəsait çatacağı üstündə bir-birini didirlər.

Deməli, gerçək hüquq, qanuna əməl etmək və mədəniyyət bəyanatlarda, rəsmi sənədlərdə, beynəlxalq təşkilatlara külli miqdarda maliyyə atmaqda deyil, toplumun mənəvi, əxlaqi, mədəni, psixoloji və dövlətçi ənənəsində, onun kimliyində, tarixinin əngəlliklərindədir. Bu prizmada Azərbaycana yeni baxış gərəkdir, əsrlərdir ört-basdır edilən həqiqətlərin üstü açılmalıdır. Həmin sırada bizim öncəliyimiz hüquq, qanun, mədəniyyət (onun tərkibi kimi, dil) və dövlətçilik ənənəsi xüsusi yer tutur. Faktsız bir fikir belə irəli sürməyəcəyəm.

Mənbələr götərir ki, türklər qədimdən hüquq, qanun və toplumun var olmasını vəhdətdə görmüşlər. Dil burada maraqlı tərzdə ifadəedici və tənzimləyici rol oynamışdır. Məsələn, “el” “dövlət”in sinonimi kimi işlənmişdir. Ünsiyyətdə müxtəlif kontekstlərdə məcazi olaraq, el – dövlət anlamı ifadə edilmişdir. Məsələn, “palaza bürün – elnən sürün”, “hökmdar gücünü eldən alır”, “hökmdar ədalətli olmalıdır” və s. Bu sırada hüququn qanunla sinonim kimi dərk edilməsi türklərin tarixi töhfəsidir. Bununla türklər insan haqlarını ontolojiləşdirmiş, yəni onu cəmiyyətin özünün yaratdığı deyil, təbiətin (Tanrının) insan mövcudluğunun fundamentinə “yerləşdirdiyini” ifadə etmişlər. Məhz həmin səbəbdən türk toplumlarında “Hökmdar qanunu” həm də hökmdar hüququdur, “Divan qanunu” həm də divan hüququdur, “Yosun qanunu” həm də “yosun hüququdur”. Bu anlayışıların hər birinin ayrıca fəlsəfi tədqiqinə ciddi ehtiyac vardır. Burada biz dil kontekstində “Yosun qanunu” (və ya “Yosun hüququ”) üzərində dayanaq.

“Yosun qanunu”nda dil və varolma

Anlayıram ki, məsələnin qoyuluşu absurd görünə bilər. Ancaq Azərbaycanın mənəvi, tarixi, mədəni və bütövlükdə varolma fəlsəfəsi çox dərindir. Bu toplum və məmləkətin kökləri zamanın və dünyanın sosial-mədəni həyatının çox dərinliklərinə işləmişdir.

Azərbaycanlılar həm fərdiyyətçi, həm də inanılmaz dərəcədə bəşəridirlər. Azərbaycanlılar yad mühitdə özlərini kölə kimi aparmazlar. Öz mühitlərində isə çox mərhəmətli və anlayışlıdırlar. Bütün bunları qədimdən gələn “Yosun qanunu” məhz təbii hüquq anlamında işlədildiyinə görə tərbiyə etmişdir.

Azərbaycanlılar tarixin əngəlliklərində dünya ilə vəhdətlərini ruhda, duyğuda., sözdə və əməldə qanun işığında içdən yaşamışlar. Bu baxımdan onlar dünyanın ən qanunpərəst və hüquqa hörmət edən qövmüdürlər! Əsrlərdir bundan kənara çıxmamışlar və heç bir yadellinin də buna gücü çatmamışdır!

Sosial həyatda sənədə yazılmış qanunlara bəzən əməl etmək istəyinin olmamasının kökündə də özlərinə qarşı sayğısızlıq və ədalətsizlik dayanır. Azərbaycanlılar belə hal olanda çılğınlaşırlar.

Azərbaycanlı qəlbini ancaq ilahi ədalət və sayğı fəth edə bilər! Azərbaycanlı üçün cəmiyyətin qanunu və hüququ bundan qaynaqlanmalıdır. İlahi ədalət, haqq, hüquq, qanun olmayan yerdə əsl azərbaycanlı yoxdur! Bunu bizə “Yosun qanunu” anladır. İndi detallara baxaq.

“Yosun qanunu” təbiətdə mövcud olan yosun (Azərbaycanda ona “mamır” da deyirlər) bitkisinin linqvistik məcazıdır. Qanun və ya hüquq kimi əsas mənası fərdin və toplumun mövcudluğu və özünüyaratmasının köklü birlikdən və harmoniyadan (ahəngdarlıqdan) qaynaqlanması ilə bağlıdır. Yəni türk kimliyi, ailəsi, qəbiləsi, tayfası, tayfalar birliyi “Yosun qanunu” üzrə baş verir. Türklər ancaq kök səviyyəsindən gələn qaydalar üzrə mövcud ola və özlərini təkrar-təkrar yarada bilərlər (“ot kökü üstündə bitər” deyimini xatırlayaq). Deməli, “Yosun qanunu” türklərin fərdidən kollektivə keçidini tənzimləyən elə bir fəlsəfədir ki, yalnız daxili faktorlara (törəyə) əsaslanır. Buna sinergetik terminlə “etnosun özünütəşkili qanunu” deyə bilərik.

Burada əsas əlamət “Yosun birgəyaşam qaydası”nın qaynağının, ümumiyyətlə, mövcudolmanın (təbiətdə, Kainatda, İlahi məkanda və s.) təbiətində olduğunu qəbul etməkdən ibarətdir. Bu mənada türk anlamında qanun həm də təbii haqdır, hüquqdur. Burada hər hansı qondarma, şəxsi maraqlara görə nəyisə dəyişmə doğru sayılmır. Səbəbi isə insanın əməl etməli olduğu hər bir qanun və ya hüququn kökünün İlahidən olması ilə bağlıdır. Deməli, “Yosun qanunu” həm də insanın əməl etməli olduğu İlahi hüququn yer üzündə fundamental təcəssümü kimi təhtəlşüurumuzda yer almışdır.

Başqa bir özəllik ondan ibarətdir ki, dil (ünsiyyət, qonşuolma, qonuşma qaydası kimi) insanın fərdi və kollektiv mövcud-

olmasının əsas müəyyənedici keyfiyyəti rolunu oynayır. Yəni azərbaycanlı üçün dil yalnız kiminləsə danışmaq vasitəsi deyildir – o, bizim kökdən kimliyimizi, yaşam şərtlərimizi və qövm olaraq mövcudolma məkanımızı (arealımızı, “həyat ekologiyamızı”) müəyyən edir. Buna görədir ki, Azərbaycanda söz bütövlükdə adamlığın, insanlığın, bütün emosional keyfiyyətlərin təməli kimi qəbul edilmişdir. Söz həm haqdır, həm hüquqdur, həm də qanun.

Azərbaycanlı üçün söz demək asan məsələ deyildir. Onlarla nümunə vardır ki, sözün bizim həyatımızda fundamental rol oynadığı ifadəsini tapır. “Söz ağzından çıxdı, onun köləsisən”, “söz verdin, əməl etməlisən”, “kişinin sözü bir olar”...və hər bir oxucu bu siyahını uzada bilər.

O da tam başadüşüləndir ki, Azərbaycanda sözlərin metaforası, obrazlı ifadəsi, dəqiq ifadə özəlliyi və s. kimi xüsusiyyətlərinə böyük önəm verilir. Deməli, sözü necə və hansı dildə deməyin azərbaycanlı üçün əhəmiyyəti həyati, varolma məsələsidir. Azərbaycanlı kimliyi dildə yaranmışdır! Bu prizmada “Yosun qanunu”nda dilin rolunu anlamaq olar.

İlk yanaşma Azərbaycan dilinin dillər qrupunda elmi xarakteristikasıdır. Məlumdur ki, bizim dili “sinharmoniya” qrupuna aid edirlər. Bu təsnifin fəlsəfəsini, sosiologiyasını, kulturologiyasını və psixologiyasını öyrənmişikmi? Mən bu suala müsbət cavab verə bilmirəm. Səbəbini də qabartmaq fikrində deyiləm. Burada yalnız öz interpretasiyamı təqdim etmək istərdim.

Dildə sinharmoniya

Ümumiyyətlə, şərqli üçün “sin” sözünün nəyi ifadə etdiyini aydınlaşdırmaq maraqlıdır. Qısa araşdırma göstərmişdir ki, məsələn, Çin fəlsəfəsinsdə “sin” yaradılışın universallığının başlanğıcı anlamını verir. Yəni “sin” ən dərin qatlarda, bütövlükdə dünyəvi, kosmik, bəşəri, qalaktik (Samanyolu) varolmanın təməlində dayanan başlanğıcdır, məfhumdur (konkretliyi yoxdur – universal yaradıcı anlayışıdır). Onda “sinharmoniya” ümumiyyətlə yaradılışın fundamentinin bütövlüyün, tamlığını ifadə edir. Dilə tətbiqdə isə sinharmoniya varolmanın fundamentinin ifadəçisi kimi dərk edilə bilər. Yəni bununla dil özünü dünyanın təzahürlərindən, ifadəçilərindən biri kimi “ontolijiləşdirir”. O halda hansı dildə danışmaq şəxsi tələbat deyildir, fərdi yaşam şərti, qaydası və ontologiyasıdır! Sözü hansı dildə deməsi faktiki olaraq insanın kimliyini ifadə etməsidir. Bu mənada insanın kimliyi dildə formalaşır. Bu tezisin işığında azərbaycanlı kmiliyinə baxaq.

Azərbaycanlı kimliyi

Bir kəs Azərbaycan dilində danışırsa, özündən asılı olmayaraq mütləq surətdə dünya haqqında sinharmonik düşüncələr və təsəvvürlər məkanına düşür. Sinharmoniya bu mənada bizim təhtəlşüuri “cazibə sahəmiz¸varoluşumuzun təməl məkanıdır”! Bu “məkanda böyüməyən və düşünməyən insan əsl azərbaycanlı deyildir (bu tezisi mütləqləşdirmirəm, ümumiyyətlə, prinsip kimi deyirəm). Lakin başqa dildə danışanlar, öz aləmində isə azərbaycanca danışanlar da əsl azərbaycanlılardır. Onların dilini daxili aləmləri müəyyən edir. Bu, kökdən, ailə tərbiyəsindən və əldə edilən dərin biliklərdən qaynaqlanır. Təəssüf ki, bu qaydanı hər bir yad dildə danışana aid etmək olmur. Və həm də eyni dərəcədə, təəssüf ki, Azərbaycan dilində danışan, təhsil alan, Azərbaycan ailəsində böyüyən heç də hər kəs ifadə etdiyimiz anlamda “əsl azərbaycanlı” olmaya bilir. Məsələnin bu tərəfi ayrıca müzakirə mövzusudur. Qayıdaq dilin sinharmoniyasına.

Linqvistlər Azərbaycan dilinin sinharmoniyası ilə bağlı yazırlar ki, əsas sözün köküdür. Azərbaycan dilində sözlər kök üzərində vahid formada, əlavələr edilməklə yaradılır. Məsələn, “əl” sözündən “əllərim”, “əllərimdə” və s. yaranır. Bu, sinharmoniyadır. Bir kök söz çoxlu sayda sözlərə, yəni dünyaduyumuna, dünyagörüşünə, ifadə tərzinə, düşüncə məkanına, danışıq sahəsinə yol açır. Dünya bu səbəbdən azərbaycanlı şüurunda vahiddir, bütövdür. Onun bütün tərəfləri bir-biri ilə vəhdətdədir, yəni elmi terminlə “dünya holistikdir”.

Sinharmoniya dilin ontolojidə dünyanın vahidliyi və bütövlüyünü ifadə etdiyinin əlamətidir. Bu cür dil kökdən dünyaya hörmətli və bütöv yanaşma münasibəti formalaşdırır, insanın və qövmün psixologiyası digərlərindən fərqlənir. Necə fərqlənir?

Dili sinhamronik olan fərdlər və onların birgəyaşamlarının əyaniləşmiş forması olan xalq, millət, cəmiyyət dünyaya bütöv baxır və onu vahid görür. Dünyanın bütövlüyündən müxtəlif fərqliliklərə nəzər salır, lakin onları ayırmır, əksinə elə bir “çələngdə birləşdirir” ki, dünya çəmənzar obrazını alır. Sinharmoniya dili olan kəsin şüuru dünyanı öncədən ayırmır, seçmir, təcrid etmir. Öncədən mənzərəyə vahid, bütöv bir tam kimi baxır və onun fərqliliklərini həmin tamın naxışları kimi mənalandırır. Bu mənada sinharmoniya bölücü adam yetişdirmir.

Sinhamronik olmayan dillər isə fərqli linqvistik sahə yaradır. Məsələn, rus və alman dilləri sinharmonik deyil. Məsələn, rus dilində “ruka” var. “Əllərimdə” demək üçün rus üç dil elementi işlətməlidir. Yəni “v moix rukax”. Alman da elədir. Yəni “in meine hande” və s. Deməli, rus və ya almanın şüuru təkdən cəmə keçmək üçün öncə bölməlidir, sonra o böldüklərini birləşdirməlidir (Avropa fəlsəfəsində Dekartın analizi və sintezi). Bu, ümumiyyətlə. Qərb təfəkkürünün fundamental prinsipi halına gəlmişdir – birləşdirmək üçün öncə ayırmalı, fərqləndirməli və sonra fərqlənənləri yenidən fərqləndirməklə onları birləşdirməli.

Bu qısa və səthi müqayisə belə göstərir ki, sinharmoniya linqvistik sahəsinin formaşdırdığı sosial, siyasi, ideoloji, mədəni, mənəvi-əxlaqi və kommunikativ kimlik başqalarından fərqlənir. Onların “həyat ekologiyalar”ının məzmunu, sərhədləri və məqsədləri fərqlidir. Bu o deməkdir ki, sinharmoniya linqvistik sahəsində formalaşmış cəmiyyətdə qeyri-sinharmonik linqvistik sahəsi inteqrativ, yəni birləşdirici rol oynaya bilməz. Toplum isə yalnız birləşmə sayəsində mövcud olur və bununla özünü təsdiq edir. Cəmiyyətin kimliyini birliyində tapır.

Bunun əksi də doğrudur. Yad dil məkanında toplumun mövcud olması onu tədrici özgələşməyə və sonucda məhvə məhkum etmək deməkdir. Yəni, güllə atmadan bir qövmü kökündən dəyişirsən, özününküləşdirirsən!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət