1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə xalqımıza qarşı törədilmiş, insanlıq adına sığmayan cinayət - Xocalı soyqırımı tarixin yaddaşa həkk olundu. O müdhiş gecədə Xocalı üç istiqamətdən aramsız hücuma məruz qaldı. Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan silahlı dəstələr, erməni hərbi birləşmələri, muzdlu döyüşçülər və keçmiş SSRİ ordusuna məxsus 366-cı motoatıcı alayın tank və zirehli texnikası şəhərə doğru irəlilədi. Güclü artilleriya atəşi ilə Xocalı şəhəri yerlə-yeksan edildi.
Artıq Xocalı düşməndən azad olunub. Bir vaxtlar isti ocağından, el-obasından ayrı düşən insanlar indi doğma torpaqlarına qayıdırlar. Vaxtilə düşmən əsarətində olan tarixi yurd yerlərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır. Lakin xalqımız başına gətirilən müsibətləri unutmur, hər il Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
Fevralın 26-da “Ana harayı” abidəsinin qarşısında böyük izdiham vardı. Yaşından, mövqeyindən asılı olmayaraq hər kəs bu abidəni ziyarət etməklə o dəhşətli faciəni unutmadığımızı, günahsız insanların xatirəsini hər zaman uca tutduğumuzu bütün dünyaya nümayiş etdirirdi. Abidəni ziyarət edənlər arasında dövlət rəsmiləri, idarə və müəssisə rəhbərləri, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri də var idi.
Xarici işlər naziri Ceyhun Bayramov Xocalıdan öncə bir sıra yaşayış məntəqələrimizdə də oxşar qətliam və kütləvi qırğınların törədildiyini bildirdi:
– Bu hadisələr həmin dövrdə məqsədli şəkildə həyata keçirilən, etnik nifrətə söykənən siyasətin tərkib hissəsi idi. Xocalı faciəsi isə kütləvi terror aktı kimi tarixə düşüb. Belə ki, bir gecədə əksəriyyəti mülki şəxs olmaqla 613 günahsız insan qətlə yetirilib.
Ərazi bütövlüyümüzün bərpası, tarixi ədalətin təmin edilməsi yolunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi qətiyyət bütün dünyaya bəllidir. Bu gün müzakirə mövzusu olan sülh prosesində də təşəbbüs və liderlik məhz Azərbaycan dövlətinə məxsusdur. Hazırda bu istiqamətdə ardıcıl və ciddi addımlar atılır, artıq mühüm nəticələr əldə olunub. Bununla yanaşı, tariximizi unutmaq olmaz. Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir.
Möhübbət KƏRİMOV,
Xocalı sakini:
– Artıq 30 ildən çoxdur ki, Bakıda məskunlaşmışam, burada yeni həyat qurmuşam. Amma nə qədər vaxt keçsə də, mənim üçün “ev” anlayışı hələ də Xocalıdadır. 1992-ci ilin o qanlı fevral gecəsində doğma şəhərimizi tərk etməyə məcbur olan minlərlə sakindən biri də mən idim. O günlər həyatımızın ən ağır və unudulmaz günləri idi.
Xocalıdan çıxanda sanki ruhum orada qaldı.Biz orada qurduğumuz həyatı, keçmişimizi və xatirələrimizi qoyub gəldik. Yolda çəkdiyimiz əzablar, insanların çarəsizliyi yaddaşımdan silinmir. Biz Xocalıda çox itki verdik, çox əzablar çəkdik.
İndi Bakıda olsam da, gözüm hər an yoldadır. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub. 30 il əvvəl min bir ağrı-acı ilə çıxdığımız o torpaqlara indi həyat qayıdır. Mən də Xocalıya qayıdacağım günü gözləyirəm. Ən böyük arzum odur ki, gedib öz yurdumda yaşayım. Mənim üçün yarımçıq qalan həyat yalnız o gün yenidən başlayacaq.
Əsgər ƏLİMİRZƏOĞLU,
Qarabağ müharibəsi iştirakçısı, tankçı:
– Mənim üçün müharibə təkcə səngər, texnika və tankın lüləsindən görünən hədəflər deyildi. Mən həm də xalqımızın üzləşdiyi o böyük faciələrin canlı şahidi olmuşam. 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsinin ən ağır günlərini yaşayırdıq. Xüsusilə Xocalı, Laçın, Füzuli və Ağdam istiqamətlərində keçdiyimiz döyüş yolları yaddaşımda silinməz izlər qoyub.
O vaxt döyüşlər bizim üçün həm də sınağ idi. Bütün çətinliklərə, təminatın zəifliyinə baxmayaraq, torpaqlarımız uğrunda vuruşurduq. Qarabağ qazisi kimi deyə bilərəm ki, o zaman ayaqyalın, başıaçıq, ac-susuz olsaq belə, xalqımızın yolunda canımızdan keçməyə hazır idik. Çünki gördüyümüz o haqsızlıqlar bizi daha da gücləndirdi.
İllər keçsə də, mənim üçün bu mübarizə bitməmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda yenidən ön cəbhəyə qayıtdım. Bu, yarımçıq qalan işimizi tamamlamaq fürsəti idi. Bizim polad iradəmiz düşməni geri oturtdu. Allah Ali Baş Komandanımıza can sağlığı versin. O, bizə bu qələbəni yaşatdı. Bu gün Xocalının yenidən dirçəldiyini, şəhid qanı ilə suvarılan torpaqların nəfəs aldığını görmək bizim ən böyük mükafatımızdır. Xocalı milli qürurumuzun və böyük qayıdışımızın simvoludur.
İradə QARAGÖZOVA,
308 saylı məktəbin müəllimi:
– Müəllimin ən böyük missiyalarından biri tariximizi, xüsusilə də xalqımızın yaşadığı acı həqiqətləri gənc nəslə düzgün və məsuliyyətlə çatdırmaqdır. Məhz bu səbəbdən hər il şagirdlərimizə Xocalı dəhşətlərini danışır, onlarda qan yaddaşı formalaşdırmağa çalışırıq.
Azərbaycan xalqının başına gətirilən faciələr bu günümüzü və gələcəyimizi dərk etmək üçün dərsdir. Biz müəllimlər bu faciələri gənc nəslə anlatmaqla onların məsuliyyətli və vətənpərvər vətəndaşlar kimi formalaşmasına çalışırıq. Məqsədimiz odur ki, şagirdlərimiz xalqın yaşadığı ağrı- acını dərk etsinlər, bu həqiqətləri özlərindən sonrakı nəsillərə ötürsünlər. Hər il məktəblərdə keçirilən anım tədbirləri bu missiyanın ayrılmaz hissəsidir.
Şəhidlərimizin xatirəsini daim əziz tutmaq, onları unutdurmamaq müəllimlərin üzərinə düşən mənəvi borcdur. Bu borcu yerinə yetirərək biz yalnız keçmişi qorumur, həm də vətənpərvər Azərbaycan vətəndaşları yetişdiririk.
Aybəniz İRZAYEVA,
şəhər sakini:
– İllər əvvəl Xocalıda azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədildi,minlərlə həmvətənimiz ev-eşiyindən didərgin salındı, ocaqlar söndü, ailələr parçalandı. Körpələr ata-anasız, valideynlər övladsız qaldı. İnsanlıq adına sığmayan bu cinayət bir gecədə minlərlə taleyi alt-üst etdi.
34 il keçib, biz bu gün də Xocalı faciəsinin qurbanlarını yad edərkən göz yaşlarımızı saxlaya bilmirik. Lakin zaman ədalətli hökmünü verdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli ordumuz Xocalını işğaldan azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı.
Bu gün sonsuz sevinc və qürur hissi yaşayırıq. Çünki Xocalıya qayıdış başlayıb. Doğma torpaqlara həyat yenidən qayıdır, dağıdılmış evlərin yerində ümidlər boy atır. Xocalı yenidən dirçəlir, nəfəs alır, gələcəyə doğru addımlayır. Bu mənzərə hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Torpaqlarımızın yenidən birləşməsi, işğal altında qalan yurd yerlərimizin azad olunması milli birliyin və gücün təcəssümüdür.
Talıb ƏLİYEV,
məktəbli:
– Xocalı faciəsi haqqında ilk dəfə ailəmdən məlumat almışam. Müəllimimiz dərsdə danışanda isə Xocalı faciəsinin xalqımızın yaşadığı böyük ağrı olduğunu başa düşdüm.
Xocalıda baş verənlər haqqında oxuduqca və dinlədikcə ürəyim sıxılır. Orada öldürülən uşaqların bəziləri mənim kimi məktəbli idi. Onların da arzuları vardı, böyümək, oxumaq, valideynlərinin yanında olmaq istəyirdilər. Amma bir gecənin içində bu arzular yarımçıq qaldı. Körpələr valideynsiz, analar balasız qaldı.
Hər il fevral ayında məktəbimizdə Xocalı şəhidlərini yad edirik, şeirlər oxuyur, şəkillərə baxırıq. O anlarda içimdə həm kədər, həm də qürur hissi olur. Kədərlənirəm, çünki günahsız insanlar öldürülüb, qürur duyuram ki, onlar Vətən üçün canlarından keçiblər.
Bizə deyirlər ki, Xocalını unutmaq olmaz. Mən də düşünürəm ki, unutsaq, həmin ağrı yenidən təkrarlana bilər. Xocalı bizim yaddaşımız, tariximizdir. Mən istəyirəm ki, Xocalı bir daha ağlamasın, orada yalnız uşaqların gülüşü eşidilsin.
Xocalı şəhidlərini unutmayacağıq. Onlar bizim qəlbimizdə yaşayır və yaşayacaqlar.
Aişə MAHMUDOVA,
məktəbli:
– Xocalı haqqında danışanda müəllimimizin səsi dəyişir, sinifdə sükut yaranır. O an anlayıram ki, bu tarix göz yaşları ilə yazılmış bir həqiqətdir. Mən Xocalıda öldürülən uşaqları düşünürəm. Onlar da səhər dərsə tələsmək, dəftərlərini itirmək, gələcək üçün xəyallar qurmaq istəyirdilər. Amma onların sabahı açılmadı.
Bu gün Xocalının azad olması mənə ümid verir. Demək ki, ədalət hər zaman bərqərar olur, torpaq öz sahiblərinə geri qayıdır. Mən istəyirəm ki, Xocalı faciəsi yalnız dərsliklərdə qalsın, gələcəkdə ona bənzər hadisələr bir daha yaşanmasın.
Söz verirəm ki, Xocalını unutmayacam. Unutmayacağam ki, bir daha heç bir uşaq gecənin bir yarısı qorxu ilə oyanmasın, heç bir ana övladının yolunu gözləməsin.
Bu gün doğma sakinlərini ana ağuşu tək qoynuna alan Xocalıya həyat bütün ehtişamı ilə yenidən qayıdır. Xocalı artıq tarixin yaddaşında bir faciə, ağrının adı deyil, sarsılmaz iradənin, “Böyük Qayıdış”ın və milli dirçəlişin əzəmətli abidəsinə çevrilib. Şəhid, günahsız insan qanları ilə suvarılan bu torpaqlar indi yenidən nəfəs alır.
Hazırladılar:
Ləman TƏHMƏZ,
Tacir SADIQOV,
Rauf İBRAHİMOV (fotolar)
XQ







